Pentaqon Türkiyəyə görə Ağ Evə təzyiqləri artırır – Bayden geri çəkiləcəkbackend

Pentaqon Türkiyəyə görə Ağ Evə təzyiqləri artırır - Bayden geri çəkiləcək

Ağ Ev sahibi Co Baydenin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşısında bəzi önəmli güzəştlərə məcbur qala biləcəyi istisna deyil; İki müttəfiq ölkə arasında münasibətlər yeni mərhələyə keçir, Türkiyənin şərtləri ön plana çıxa bilər…

ABŞ-Türkiyə münasibətləri hələlik qeyri-müəyyən olaraq, qalmaqdadır. Hazırda bu münasibətlərin yaxın gələcəkdə böyük inkişaf mərhələsi keçəcəyini iddia etmək mümkün deyil. Eyni zamanda, ABŞ və Türkiyə arasında münasibətlərin ciddi şəkildə korlanaraq, qopma dövrünə qədəm qoyacağını düşünmək də çox tezdir.

Məsələ ondadır ki, ABŞ-Türkiyə münasibətləri hazırda yalnız iki ölkə arasında müttəfiqlik əlaqələrindən ibarət deyil. Hazırda beynəlxalq siyasi məkanda elə şərait yaranıb ki, ABŞ-Türkiyə münasibətləri demək olar, “açar faktora” çevrilməyə başlayıb. Yəni bu münasibətlərin inkişafı və ya ümumiyyətlə, pozulması dünyada qüvvələr nisbətini dəyişə bilər.

Çünki, Türkiyənin ABŞ-dan narazılıq zəminində NATO-dan uzaqlaşması Qərbin hərbi-siyasi arsenalını önəmli şəkildə boşalda bilər. Üstəlik, yeri doldurulmayacaq bu itkinin daha irəli perspektivdə rəqib hərbi-siyasi qütbə ciddi güc qata biləcəyi də qətiyyən istisna deyil. Və ABŞ-Türkiyə münasibətlərinin gələcək taleyi məhz bu baxımdan, bütün dünya üçün böyük əhəmiyyət daşıyır.

İndi bu məsələdə hər şey Bayden administrasiyasından asılıdır. Hər halda, Ağ Evin Türkiyə siyasəti ABŞ və Qərbin hərbi-siyasi potensialını təyin edəcək amil kimi görünür. Üstəlik, Bayden administrasiyası Ağ Evin Türkiyə siyasətini məhz ABŞ-ın beynəlxalq maraqları üzərində qurmağa çalışır.

Buna nail olmaq isə hazırda o qədər də asan məsələ deyil. Hər halda, güclənmiş Türkiyə ilə artıq keçmişdə qalmış vərdişlər üzərindən “anlaşmaq” mümkün olmayacaq. İndi bunu məmnun olmasalar belə, Ağ Evdə də anlayırlar. Və bu, yeni reallıq olduğundan Bayden administrasiyasına diskomfort yaradır, hətta Ağ Evi qıcıqlandırıb, aqressvləşdirir.

Ancaq ABŞ üçün başqa çıxış yolu görünmür. İstənilən halda, Ağ Ev ABŞ-ın Türkiyə siyasətini məhz rəsmi Ankaranın şərtlərini hesaba qatmaqla, formalaşdırmaq məcburiyyətindədir. Əks halda, rəsmi Ankara bir neçə çevik manevr ilə ABŞ-ın beynəlxalq maraqlarını təhlükə altına sala bilər.

Çünki, Türkiyənin ixtiyarında yaxın perspektiv üçün Rusiya və Çin ilə strateji tərəfdaşlıq variantı mövcuddur. Digər tərəfdən, rəsmi Ankaranın Türk dünyasına aid böyük bir strateji əhəmiyyətli, eyni zamanda, enerji resursları ilə zəngin coğrafi məkanı vahid hərbi-siyasi güc mərkəzinə çevirmək imkanları var. Bu baxımdan, Türkiyənin itirilməsi ABŞ və Qərb üçün olduqca baha başa gələ bilər.

Bütün bunları nəzərə aldıqda, son vaxtlar Ağ Evdə Türkiyə ilə bağlı yaşanmaqda olan tərəddüdlər qətiyyən təəccüb doğurmur. İndi Ağ Evdə Türkiyənin narazı salınmasının yolverilməz olduğunu nəzərə almaq məcburiyyətində qalıblar. Bu baxımdan, ABŞ-ın yeni Türkiyə siyasəti də böyük ehtimalla məhz rəsmi Ankaranın narazı salınmaması prinsipi üzərində qurula bilər.

Bu baxımdan, prezident Co Baydenin Türkiyəyə qarşı “genosid zərbəsi” əslində, qətiyyən yerinə düşməyib. Bunu artıq Ağ Evdə də anlamağa başlayıblar. Hətta qoca Conun kobud səhvini düzəltmək istiqamətində tez-tələsik addımların atılmasına da cəhd göstərirlər. Və həmin addımlar tez-tələsik atıldığından Ağ Evdə ciddi narahatlığın yaşandığı qətiyyən diqqətdən yayınmır.

Məsələ ondadır ki, Pentaqon Ağ Ev sahibinin “genosid” açıqlamasından məmnun olmadığını gizlətmir. Ona görə də, Pentaqondan verilən ilk reaksiyada Türkiyənin ABŞ-ın onilliklər boyu etibarlı strateji müttəfiqi olduğu xüsusi olaraq, vurğulandı. Eyni zamanda, bu münasibətlərin NATO tərkibində  hərbi ortaqlıq çərçivəsində daha da inkişaf etdiyi qeyd olundu.

Böyük ehtimalla ABŞ generaliteti bu reaksiya ilə əsasən iki məqsəd güdə bilərdi. Birinci məqsəd heç şübhəsiz ki, rəsmi Ankaraya Türkiyənin ABŞ üçün vazkeçilməz müttəfiq olaraq, qaldığının mesajını vermək istəyi ola bilər. Yəni, ABŞ-ın hərbi dairələri üçün dəyişən elə bir şeyin olmadığı dərhal biruzə verildi.

İkinci məqsədə gəldikdəsə, burada əsas mesaj Bayden administrasiyasına ünvanlanmış kimi görünür. Belə anlaşılır ki, ABŞ generaliteti Ağ Evə “ölkəni müttəfiqlərdən məhrum etmək olmaz” xəbərdarlığı etdi. Və bu xəbərdarlıq dərhal öz hədəfinə çatmış oldu.

Belə ki, Ağ Evin bəzi səlahiyyətli təmsilçiləri qoca Conun kobud səhvini düzəltmək üçün hərəkətə keçmək məcburiyyətində qaldılar. Hər halda, Ağ Evdə ABŞ generaliteti ilə ziddiyyətləri daha da dərinləşdirməyə həvəs göstərmədilər. Əksinə, həm generaliteti sakitləşdirmək, həm də Türkiyəni ABŞ ilə eyni hərbi-siyasi qütbdə saxlamağa çalışmaq daha sərfəli variant hesab olundu.

Xüsusilə də, Rusiyanın qoca Conun buraxdığı kobud səhvə reaksiyasından sonra Ağ Evin geriyə dönüş yolu axtarması qaçılmaz oldu. Hər halda, Kreml ABŞ prezidenti Co Baydenin “genosid” kəlməsini tələffüz etməsindən bir xeyli məmnun olduğunu da qətiyyən gizlətmədi. Və bu, istər-istəməz Ağ Evdə tərəddüd qarışıq təşviş yaratdı.

Məsələ ondadır ki, Rusiya Ağ Ev sahibinin kobud səhvindən artıq yararlanmağa başlamışdı. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlaması da təsdiqləyirdi: “Erməni soyqırımının tanınması Baydenin erməni xalqının kədəri ilə bağlı hiss etdiyi ürək yanğısından və yaxud tarixi anlamaq istəyindən irəli gəlmir. Bu,  böyük ehtimalla, mükafat və cəza oyununun bir hissəsidir”.

Göründüyü kimi, Kreml təmsilçisi hədəfə cox “sərrast atəş” aça bilib. Yəni, erməniləri şirnikləndirmək üçün onların “genosid” ilə mükafatlandırıldığı, Türkiyənin isə ABŞ-ın kəskin etirazlarına baxmayaraq, Rusiyadan “S-400” raket sistemləri aldığına görə cəzalandırıldığına eyham vurub. Bununla da prezident Co Baydenin qərəzli davrandığı beynəlxalq səviyyədə qabardılmış oldu.

Təbii ki, bütün bunlar Ağ Evi Türkiyə ilə bağlı son hadisələrə yenidən baxmağa sövq edir. ABŞ-ın dövlət katibi Entoni Blinkenin prezident Co Baydenin dediklərini yenidən “tərcümə” etməyə cəhd göstərməsi də bu baxımdan, maraq doğurur. Dövlət katibi E.Blinken prezident Co Baydenin Türkiyəni ittiham etmək niyyəti güdmədiyini sübut etməyə çalışdı. Və bu, Ağ Evdə yaşanan narahatlığın təzahürü kimi də qəbul oluna bilər.

Hər halda, ABŞ dövlət katibinin Ağ Ev sahibinə “tərcüməçilik” etmək məcburiyyətində qalmasına o qədər də tez-tez rast gəlinmir. Xüsusilə də, dövlət katibi Entoni Blinkenin ermənipərəst siyasətçilər sırasına daxil olduğunu nəzərə aldıqda, bu, olduqca vacib məqam kimi diqqəti çəkir.

Ona görə də, hesab etmək olar ki, ABŞ-Türkiyə münasibətləri artıq yeni mərhələyə keçmək üzrədir. Böyük ehtimalla bu mərhələnin məzmun və keyfiyyəti iki ölkə prezidentlərinin iyun ayında keçirəcəkləri görüşdən sonra aydınlaşmağa başlayacaq. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ağ Ev sahibi Co Bayden NATO-nun sammitindən sonra iki ölkə arasındakı problemləri müzakirə etməyi qərarlaşdırıblar. Və yəqin ki, məhz həmin görüş ABŞ-Türkiyə strateji müttəfiqliyinin gələcək taleyini həll edə bilər.

Qərb mətbuatında yer alan əsas qənaətə görə, ABŞ prezidenti Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşısında olduqca ciddi güzəştlər etmək məcburiyyətində qala bilər. Bu, bir tərəfdən Türkiyənin beynəlxalq siyasət məkanında strateji əhəmiyyətindən qaynaqlanır.

Digər tərəfdən isə ABŞ generalitetinin Türkiyə kimi önəmli strateji müttəfiqlə münasibətlərin normallaşdırılması istiqamətində Ağ Evə təzyiqləri artırdığı bildirilir. Bu baxımdan, yaxın vaxtlarda olduqca maraqlı proseslərin başlanma ehtimalı qətiyyən istisna deyil. /yeni musavat/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*