Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukrayna ilə bağlı Səudiyyə Ərəbistanında konfrans keçirilməsinin planlaşdırdığına dair xəbərləri “hipotetik alver” adlandırıb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın sözügedən tədbirdə iştirakından söhbət getmədiyini vurğulayıb.
“İsveçrədə konfrans hazırlamaq cəhdinin olduğunu görürük. Bizim nöqteyi-nəzərimizdən Ukrayna ətrafında münaqişənin həlli üçün hər hansı bir yol tapmaq baxımından tamamilə ümidsiz olan konfransdır”, – deyə Peskov əlavə edib.
Onun sözlərinə görə, Rusiyanın iştirakı olmadan Ukraynada sülh haqqında danışıqlar aparmaq absurddur: “Ancaq bu absurd işlərlə məşğul olmaq qərarına gəliblər. Hələ nəzərə çarpan başqa heç nə yoxdur”.
Qeyd edək ki, 27 mayda “Bloomberg” agentliyi öz mənbələrinə istinadən Avropa İttifaqının Rusiya nümayəndə heyəti ilə Ukraynada sülhü müzakirə etmək üçün payızda görüş keçirmək planları haqqında məlumat yaymışdı. Səudiyyə Ərəbistanında keçiriləcək tədbirin iyunda keçirilməsi planlaşdırılan İsveçrə sülh sammitinin davamı olacağı bildirilirdi.
Xatırladaq ki, 2023-cü ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna münaqişəsinin həlli yollarının müzakirə olunduğu görüş keçirilib. Lakin həmin görüş Rusiyanın iştirakı olmadan baş tutub.
Xatirə SADİQ,
KONKRET.az