Rusiyanın Ermənistanın qarşıdan gələn parlament seçkiləri kontekstində planları ilə maraqlanmağa haqqı var.
KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya erməni tərəfdaşları ilə bu planları müzakirə etməyi və onları aydınlaşdırmağa çalışmağı özünə qanuni haqq bilir.
Peskov qeyd edib ki, Ermənistan Rusiyaya yaxın ölkədir və iki xalqı dərin tarixi bağlar birləşdirir. O, həmçinin Rusiyada 2 milyondan çox erməninin yaşadığını vurğulayıb. Buna görə də Ermənistan rəhbərliyinin seçdiyi istiqamətlər Moskva üçün xüsusi maraq kəsb edir.
Kreml nümayəndəsi əlavə edib ki, aprelin 1-də Rusiya və Ermənistan liderlərinin görüşü açıq, faydalı və zəruri olub. Tərəflər, xüsusilə Ermənistanın qarşıdan gələn seçkiləri və gündəmdə olan əsas ticarət-iqtisadi məsələlər üzrə mövqelərini bir-birinə çatdırıblar.
Peskov Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı üzvlüyü və Avropa İttifaqı ilə bağlı planlarını şərh edərkən bildirib ki, bu iki sistem bir-birinə uyğun gəlmir:
“Biz deyirik ki, müəyyən mərhələdə Avropa İttifaqı ilə daha da yaxınlaşsanız, bu iki sistem uyğunlaşmayacaq. Bunlar fərqli əməliyyat sistemləridir və bir nöqtədə seçim etməli olacaqsınız”, – Peskov vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
