Piter Dikenson: “Putin qalib gəlsə, Ukraynanın taleyi necə olacaq?”backend

Piter Dikenson: "Putin qalib gəlsə, Ukraynanın taleyi necə olacaq?"

                                 Piter Dikenson

“Rusiya-Ukrayna müharibəsi ya Ukrayna xalqının soyqırımı ilə, ya da Vladimir Putinin məğlubiyyəti ilə başa çata bilər”.

KONKRET.az xəbər verir ki, bu fikirləri publicist Piter Dikenson vurğulayıb. Onun yazdığı məqalədə deyilir ki, “Putinin Ukrayna ilə müharibəyə başlamaq planları ilə bağlı israrlı xəbərdarlıqlara baxmayaraq, bir çox analitik son dəqiqəyə qədər Rusiyanın genişmiqyaslı işğalı ehtimalını inkar edirdi. Artıq müharibənin ikinci ayı başlayıb. Amma buna baxmayaraq, bu inamsızlıq hissi davam edir və beynəlxalq ictimaiyyətə Ukraynadakı vəziyyətin ciddiliyini dərk etməyə imkan vermir”.

Müəllif hesab edir ki, Qərb siyasətçiləri və analitikləri danışıqları və kompromis həll yollarını müzakirə etməyə davam etsə də, Moskvada bu cür düşünən çox az adam tapılar. Putinə yaxın olanlar başa düşürlər ki, o, hazırkı münaqişəyə müqəddəs müharibə kimi baxır və dönüşü olmayan nöqtəni çoxdan keçib. Rusiya diktatoru Ukraynanı tamamilə tabe etməkdən və ya ölkənin dağıdılmasından başqa heç nəyə razı olmayacaq”.

P.Dikenson daha sonra yazır: “Bütün hakimiyyəti dövründə Putin SSRİ-ni bərpa etmək niyyətini gizlətməyib. Elə buna görədir ki, o, dəfələrlə SSRİ-nin dağılmasını “tarixi Rusiyanın məhvi” kimi qiymətləndib və tez-tez təəssüflənib ki, postsovet həyat tərzi milyonlarla rusu vətənindən uzaqlaşdırıb.

Putin Ukraynanın mövcud olmaq hüququnu inkar edən ilk Rusiya hökmdarı deyil. Əksinə, Ukraynanın inkarı bütün Rusiya tarixindən keçən ümumi xəttdir. Bu inkar yüz illərdir və Rusiyanın indiki nəsli arasında hələ də geniş yayılıb. Ancaq çox az insan bu inkar doktrinasını Putin qədər şiddətlə dəstəkləyib. O, açıq şəkildə bildirib ki, Ukraynanın müstəqilliyinin sona çatması onun (Putinin) tarixdəki yerini müəyyən edəcək müqəddəs missiyadır.

İndiki müharibə bu uzunmüddətli kampaniyanın yalnız sonuncu və ən dramatik mərhələsidir. Putinin Ukraynanın müstəqilliyinə son qoymaq üçün ilk cəhdi 2004-cü ildə olub. Sonra o, prezident seçkiləri ərəfəsində Kremlpərəst namizəd Viktor Yanukoviçi şəxsən dəstəkləmək üçün Kiyevə gəlib.

Əlbəttə sonrakı proseslər göstərdi ki, bu təkəbbürlü müdaxilənin fəlakətli nəticələri oldu və tarixə “Narıncı inqilab” kimi daxil olan kütləvi etirazlar baş verdi.

Narıncı inqilabdan sonrakı illərdə Ukraynanın demokratiyaya can atması və tarixi Qərbə meyl etməsi Putini hiddətləndirdi və onu daha da inandırdı ki, Rusiyanın ölkə üzərində nəzarətini bərpa etmək lazımdır. 1980-ci illərin sonlarında Mərkəzi Avropanı bürümüş və Sovet İmperiyasının dağılmasına səbəb olan xalq üsyanları Putini təqib edirdi. Buna görə də o, Ukraynanın demokratik oyanışını Qərbin sui-qəsdi və onun avtoritar rejiminə birbaşa təhlükə kimi qiymətləndirdi.

On il sonra Ukraynada yeni demokratik etirazlar başlayanda Putin qətiyyətlə hərəkət etdi. 2014-cü ildə, Avromaydanın qələbəsindən dərhal sonra o, Krımı ələ keçirdi və Donbass separatçılarının əli ilə Ukraynanın şərqində müharibəyə başladı.

Krımın ilhaqını və indiki genişmiqyaslı işğalı bir-birindən ayıran səkkiz il ərzində Ukraynanın şərqində münaqişə qanlı dalana dirənib, Rusiya ilə Qərb arasında münasibətlər dalana dirənib. Bu müddət ərzində Putinin güzəştə getməməsi və yeni soyuq müharibəyə girməyə hazır olması onun Ukraynaya verdiyi böyük əhəmiyyətini ortaya qoydu.

Putin Ukraynaya aludə olduğunu gizlətmir. 2021-ci ilin iyul ayında dərc olunan uzun məqaləsində ruslar və ukraynalıların tarixi birliyi haqqında Putin ukraynalıların və rusların bir xalq olduğunu dedi və “Ukraynanın həqiqi suverenliyinin yalnız Rusiya ilə tərəfdaşlıqda mümkün olduğu” qənaətinə gəldi.

Müharibədən əvvəl və sonar isə bir sıra uzun-uzadı anti-Ukrayna çıxışlarında Putin daha da irəli gedərək bütün ölkəni “anti-Rusiya” əhval-ruhiyyəsinə görə qınadı və sərt şəkildə vurğuladı ki, buna artıq dözmək mümkün deyil.

Putinin Ukraynaya şəxsi hücumları Kremlin təbliğatı ilə müşayiət olunub. 2014-cü ildən bəri Rusiyanın televiziya tamaşaçılarına ukraynalıları Hitler nasistlərinin müasir davamçıları kimi təqdim edir. Xalq tərəfindən seçilmiş yəhudi prezidenti olan, ifrat sağçı partiyaların ardıcıl olaraq 1%-dən az səs qazandığı bir ölkəyə qarşı bu cür ittihamların səsləndirilməsinin absurdluğu göz qabağındadır. Lakin bu, milyonlarla rusun Ukraynanı faşist kimi təsvir edən qaranlıq fantaziyalara həvəslə inanmasına mane olmadı.

Bu zəhərli təbliğat hazırda Ukraynada törədilən hərbi cinayətlərə yol açıb. Rusiya ictimaiyyəti Ukraynanı Rusiyanın bir hissəsi, bununla razılaşmayan ukraynalıları isə satqın və ya nasist kimi qəbul etməkdə qərarlı görünür. Çünki bütün Ukrayna kimliyi anlayışı şeytanlaşdırılıb və dünya tarixinin ən ağır cinayətləri ilə eyniləşdirilib. Təəccüblü deyil ki, bütün mövcud dəlillərə baxmayaraq, Rusiya ictimaiyyəti bu işğala dünyanı şoka salan səviyyədə güclü dəstəyini göstərir.

  • Bu arada, Rusiyanın işğalı altında olan ərazilərdə həbslərlə bağlı xəbərlər yayılır. Belə ki, cəbhə xəttində mühasirəyə alınmış şəhərlərdə bombardmanlardan qaçan mülki şəxslər arasında Ukraynaya rəğbət bəsləyənləri müəyyən etmək üçün filtrasiya düşərgələri yaradılıb.

Bu, bir danılmaz faktdır ki, müharibə davam etdikcə vəhşilik daha da artacaq. Ukraynanın təslim olmaqdan imtina etməsi və ölkənin davamlı müqaviməti amansız repressiyalara haqq qazandırmaq üçün istifadə olunacaq. Bütün bunlar totalitar 20-ci əsrin ən pis təzahürləri ilə müqayisə edilən hərbi cinayətlərə səbəb olacaq.

Putini dayandırmaq olarmı? Məncə, ilk addım onun dağıdıcı niyyətlərinin dəhşətli reallığını tanımaqdır. Yale Universitetinin tarixçisi Timoti Snayder bu yaxınlarda Twitter-də yazdığı kimi: “Putin Ukrayna milləti və ya Ukrayna dövləti olmadığını deyəndə, Ukrayna millətini və Ukrayna dövlətini məhv etmək niyyətində olduğunu nəzərdə tuturdu. Görəsən, hamı bunu başa düşdü?”

Putini dayandırmağın yeganə yolu onu məğlub etməkdir. Beynəlxalq ictimaiyyət məhz buna görə Rusiyaya total iqtisadi müharibə elan etməli və Ukraynaya silah tədarükünü kəskin artırmalıdır.

  • Doğrudur, müharibənin ilk dörd həftəsi ərzində ukraynalı hərbçilər rus işğalçılarına daha çox müqavimət göstərməyə qadir olduqlarını sübut etdilər. Putin canlı qüvvə və atəş gücü baxımından hədsiz üstünlüyə malik olsa da, Rusiya ordusu zəif idarə olunur və getdikcə ruhdan düşür. Ukraynanın müdafiəçiləri isə əksinə, məharətlə və qızğın mübarizə aparırlar. Nəticədə Rusiya əsas hərbi məqsədlərindən heç birinə nail ola bilmədi və fəlakətli itkilərə məruz qaldı. Əgər ukraynalılara lazımi miqdarda silah verilsə, Ukrayna bu müharibədə üstünlüyünü davam etdirəcək və sonda mütləq qalib gələcək.

Əsas şərt odur ki, Rusiya iflas olmalı və imperializmin qanı axıdılmalıdır. Müharibə başlayandan bəri tətbiq edilən beynəlxalq sanksiyalar bir çox cəhətdən genişmiyaslı olsa da, təəssüf ki, kifayət deyil. Putinin Ukraynanı darmadağın etmək kimi tarixi məqsədə çatmaq üçün ölkəsini əhəmiyyətli iqtisadi əzablara məhkum etməyə hazır olduğunu başa düşmək çox vacibdir. Kremli cilovlamağa çalışmaq əvəzinə, Rusiya qlobal iqtisadiyyatdan tamamilə kəsilməli və müharibəni maliyyələşdirmək üçün lazım olan gəlirdən məhrum edilməlidir.

Buna nail olmaq üçün Qərb liderləri qəbul etməlidirlər ki, öz ölkələri də əhəmiyyətli bir bədəl ödəməlidirlər. Almaniya kansleri Olaf Şolts xəbərdarlıq edib ki, Rusiyadan enerji idxalına qadağa qoyulması Avropanın tənəzzülü demək olacaq. Ama o, təcili etiraf etməlidir ki, alternativ avropalıların soyqırımıdır.

Son illərdə soyqırım anlayışı siyasi məqsədlər üçün tez-tez istismar edildiyinə görə devalvasiyaya uğrayıb. Lakin dünya ictimaiyyəti hesab edir ki, bu, Rusiyaya qarşı irəli sürülə biləcək ən ciddi ittiham olaraq qalır.

Putinin özü də dəfələrlə bəyan edib ki, Ukraynanın mövcud olmaq hüququnu tanımır. İndi onun hərbçilərinin cinayət əməlləri sözlərinin dəhşətli məntiqinə tam uyğun gəlir. Putin Ukraynada məğlub olmasa, onu məhv edəcək. Qərb dayanıb bunun baş verməsinə icazə versə, dünya heç vaxt əvvəlki kimi olmayacaq”.

Hazırladı: Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*