Cari ilin 6 ayında 681 yol-nəqliyyat hadisəsi olub. Onun 40,1%-i nəqliyyat vasitələri və piyadaların, 38,2%-i bir neçə nəqliyyat vasitəsinin, 21,7%-i isə bir nəqliyat vasitəsinin iştirakı ilə baş verib.
Piyadaların iştirakı ilə baş verən əksər yol-nəqliyyat hadisəsində sürücülər piyadaları günahkar sayır. Sürücülər piyadaların onlar üçün ayrılan keçidlərdən istifadə etmədiklərini, anidən sürətlə hərəkət edən avtomobilin qarşısına çıxdıqlarını söyləyirlər.
Çox hallarda sürücü təqsirkar olmasa da, piyadaya dəyən zərərin ödənilməsi ya xoşluqla, ya da məcburi qaydada sürücü tərəfindən təmin edilir.
Bəs sürücü avtomobilinə dəyən zərərin qarşılanmasını piyadadan tələb edə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Ramil Süleymanov qeyd edib ki, tərtib olunmuş inzibatı protokola əsasən piyadanın məsuliyyəti müəyyən edilən hal baş verərsə, sürücü maşınına dəymiş zərərin aradan qaldırılması və ya ödənilməsini məhkəmə qaydasında tələb edə bilər:
“Yol-nəqliyyat hadisəsi zamanı Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır. İş üzrə xəsarət, ciddi zərərin olması təsdiqlənərsə, tədqiqatçı tərəfindən araşdırma başladılır. Tərtib olunmuş inzibati pratakola əsasən sürücünün deyil, piyadanın məsuliyyətini müəyyən edən hal qeydə alınar və inzibati pratakolda öz əksini taparsa, zərər görən şəxs (sürücü) avtomobilə dəymiş zərərlə bağlı müraciət edib dəymiş zərərin aradan qaldırılmasını və yaxud dəymiş zərərin ödənilməsini məhkəmə qaydasında tələb edə bilər”.
Aygün Mirakif,
KONKRET.az