Plagiat layihə, sponsor tərəfkeşliyi və ya çörəyi ver çörəkçiyə… – VİDEOFAKTbackend

Plagiat layihə, sponsor tərəfkeşliyi və ya çörəyi ver çörəkçiyə... - VİDEOFAKT

Pandemiyadan əvvəl başıma yaxşı bir ideya gəlmişdi. Həm biznes, həm də satış sektorunda qazandığım təcrübəyə əsasən istehlakçıların maarifləndirilməsi istiqamətində maraqlı telelayihə hazırlamağı düşünürdüm. Bununla əlaqədar bir neçə mütəxəssis və şirkət təmsilçisi ilə görüşüb müzakirələr də apardım, xeyir-dualarını aldım. Ardınca tez bir zamanda peşəkar komanda ilə tanıtım videosu və 19 dəqiqəlik ilk süjeti çəkdirdik, bir neçə internet platformasında paylaşdıq. İnsafən, layihə izləyicilərin marağına səbəb oldu, çoxları tərəfindən təqdir edildi.

Sonradan qəfil pandemiya, bundan dolayı səhhətimdə yaranan problemlər, həmçinin maliyyə sıxıntısı bir xeyli müddət əl-qolumuzu bağladı. Ta o vaxta qədər ki, Müşfiq Hətəmov Space TV-yə yeni rəhbər təyin olundu. Və biz Hətəmovun yeniliklərə açıq olduğunu eşidib, bir televiziyaçı tanışımızın xəttilə layihənin videoformatını ona göndərdik, geniş müzakirə üçün qəbul olunmağımızı xahiş elədik. Təəssüf ki, proyektin rəhbərlik tərəfindən bəyənildiyini bilsək də, ciddi reaksiya görmədik. Əvəzində başqa mənzərənin şahidi olduq; üstündən bir neçə ay keçəndən sonra layihəmizin “kopyası” kanalda yayıma başladı. Maraqlıdır ki, tanınmış telejurnalist Elçin Əlibəyli illərdir aparıcısı olduğu “Elin sözü” tok-şousunun adını bir hərf fərqi ilə (“Elin gözü”) birdən-birə dəyişərək, qida və qeyri-qida məhsullarının keyfiyyətindən bəhs edən verilişlə əvəzlədi. Təbii ki, Elçin bəy kimi peşəkar televiziyaçının “hazır loxma”nı rahat şəkildə həzm eləməsi elə də təəccüblü görünmür. Ən azından ona görə ki, kifayət qədər əlaqələri və texniki imkanları olan bir telejurnalistin bu şansı qaçırması sadəlövhlük olardı. Əslində mənim “daldan atılan daş…” məsəli söhbəti uzatmağımın səbəbi heç də bu deyil. Çünki hələ indiyə qədər heç bir televiziyanın “ağlına belə gəlməyən” bir proyekti öz əlimlə oğurlatmağımla artıq çoxdan barışmışam. Sözümün canı başqadır. Keçək əsas məsələyə…

Dünən təsadüfən verilişin bir buraxılışı qarşıma çıxdı. İlk diqqətimi çəkən aparıcının çörəklə bağlı araşdırmasını istinadsız paylaşan mediaya söz atması oldu. Müəllif həmkarlarının informasiya oğurluğuna ironik tərzdə eyhamından qalmadı. Buna bir söz tapıb deyə bilməsək də (!), Elçin bəyin veriliş boyu maarifləndirmə işində razı qalmadığımız məqamlar var. Və bu nüansları daha çox özünütəmizəçıxarma cəhdləri üzərindən analiz edəcəyik.

Beləliklə, proqrama dəvət olunan Binə çörək zavodunun (verilişin sponsorlarından biridir – red.) hüquqşünası sosial şəbəkələrdə istehsal etdikləri çörəyin içindən çıxan kənar cisimlərlə bağlı yayılan video barədə fikirlərini bildirir; özü də olduqca emosional və aqressiv şəkildə. Təmsil etdiyi zavodda heç bir halda çörəyin içindən siçan nəcisi-filan çıxa bilməyəcəyini deyir. İzləyicidə elə təəssürat yaradır ki, sanki çörəyin içindən qara nəcisəbənzər cisimlərin çıxması halı nəinki onların müəssisəsində, hətta dünyada belə görünməyən hadisədir. Binə zavodunda belə bir halın ümumən mümkünsüz olduğunu da onunla əsaslandırır ki, “müəssisədə hər istehsalat prosesindən sonra təmizləmə işləri aparılır, aqreqatlar və aparatlar yuyulur, növbəti proses üçün hazırlanır”. Bunun üzərindən aparıcı da öz arqumentlərini irəli sürərək deyir ki, avadanlıqların üstündə ilişib qalan xəmir qırıntıları sonradan yoğurma zamanı yeni xammala qarışıb bişmə prosesində qara cisim formasını ala bilər. Hər iki tərəfin fikirlərini diqqətlə dinlədikdə ziddiyyətli məqamlar açıq-aydın görünür, bu da birmənalı şəkildə şirkətin itmiş nüfuzunun bərpasına cəhd edildiyini göstərir.

Binə çörəyinin keyfiyyəti ilə bağlı yayılan videogörüntülərə gəlincə, bu da tamaşaçıya (oxu: istehlakçıya) sırf qərəzli fakt kimi təqdim edilir və onu yayan xanım haqqında hüquq-mühafizə orqanlarına şikayət olunduğu vurğulanır. Buradan da görünür ki, verilişdə “elə çarə” (proqramın yeni adıdır – red.) tapılmaqdansa, bir növ sponsora tərəfkeşlik edilir, əvəzində isə istehlakçıların “gözünün odu alınır”. Fakt göstərir ki, kommersiya maraqları maarifləndirməyə güc gəlir. Proqramın mahiyyətinə bütünlüklə kölgə salmaq fikrindən uzaq olsam da, yəqin ki, bu maraqların bəzi detallarına zamanla diqqət çəkəcəyəm.

Yazını isə Binə zavodunun çörəkləri barədə istehlakçı fikrimi bölüşməklə yekunlaşdırmaq istəyirəm. Belə ki, mən də əvvəllər evə hər gün iki-üç ədəd bu çörəkdən alırdım. Ancaq xeyli müddətdir ailəlikcə ondan imtina eləmişik. Həqiqətən də son vaxtlar çörəyin keyfiyyəti xeyli aşağı düşüb, qiyməti qalxsa da, çəkisi azalıb, əvvəlki dadını və ətrini də tamamilə itirib. Əlavə olaraq çörəyin bişirilmə və daşınma qaydaları da sanki nəzarətdən çıxıb. Çünki dəfələrlə övladlarımın alıb gətirdiyi aladağ və əzilib içi xəmirləmiş çörəkləri geri qaytarmaq məcburiyyətində qalmışıq, nəhayətdə məhsuldan birdəfəlik imtina eləmişik. Müştərisi olduğumuz bəzi marketlərdə bu çörəklərin başqa brendlərlə əvəzlənməsi hallarıyla da qarşılaşmışıq. Təsadüfi deyil ki, bu “boykot” halları artıq şirkəti həftəsonundan etibarən çörəyin qiymətini aşağı salmağa məcbur edib (son bahalaşmadan sonra 70 qəpiyə satılan çörəyin qiyməti 65-ə endirilib – red.).

Bütün bunlara rəğmən çox istərdik ki, şirkət məhsullarının keyfiyyətini yüksəltməklə itirdiyi nüfuzunu bərpa etsin, müştəri etibarını və məmnuniyyətini qaytara bilsin. Necə deyərlər, kor nə istər, iki göz, biri əyri, biri düz!

Sevinc PAŞAYEVA,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*