Qırğızıstanda Daxili İşlər Nazirliyi ilə bağlı qalmaqal baş verib. Məlum olub ki, Qırğızıstana idxal olunan avtomobillərin əksəriyyəti Avropada İnterpol xətti ilə axtarışdadır.
KONKRET.az xəbər verir ki, qanunsuz yollarla ölkəyə gətirilən avtomobillərlə bağlı DİN açıqlama verəcəyini bildirsə də, hələlik susqunluqdur. Məsələ burasındadır ki, Qırğızıstana gətirilən maşınların əksəriyyəti dərhal rənglənir və yeni nömrə qoyulur. Maraqlıdır ki, Qırğızıstanın özündə də maşın oğruları eyni metoddan istifadə edir. Amma avtomobil sahiblərinin əksəriyyəti öz avtomobillərini özləri tapa biliblər. Avtomobilin pultunu dəyişməyi unudan oğrular maşınları satdıqdan sonra avtomobilini “itirən” şəxs onun maşınına oxşar avtomobilin yaxınlığında köhnə pultun düyməsini sıxır və maşının kilidi açılır. Bununla da bütün “kilidlər” açılır.
Məsələ təkcə bu cür fırıldaqçılıqla bitmir. Avropadan sifariş edilən avtomobillərin də “itmə” hadisəsi ilə bağlı polisə məlumat daxil olub. Sonradan məlum olub ki, Avropadan sifariş edilən “Toyota RAV4” avtomobili hazırda Daxili İşlər Nazirliyi sistemində patrul maşını kimi xidmət edir. Avtomobilin sahibi bildirib ki, gömrük rəsmiləşdirilməsindən dərhal sonra maşın yoxa çıxıb: “Qardaşımla birlikdə qəpik-qəpik toplayıb Avropadan avtomobil sifariş etdik. Maşın Bişkekə çatan kimi gömrük rəsmiləşdirilməsini həyata keçirdim. Tələb olunan rüsumu ödədim, bütün sənədləri doldurdum. Maşını daşıyıcı şirkətdən qəbul etməyə gedəndə isə məlum oldu ki, polis avtomobili aparıb. Sonra Daxili İşlər Baş İdarəsinə, həm də Dövlət Cinayət Axtarışı İdarəsinə şikayət etdim. “Axtardılar” və tapdılar. Məlum oldu ki, məhkəmənin qərarı ilə avtomobilim sahibsiz elan edilib və dövlətin balansına verilib”.
Oxşar hadisə bir neçə adamın başına gəlib. Nəticədə təkcə 12 ədəd “Toyota RAV4” və “Lexus RX 450” avtomobillərini polis bu yolla ələ keçirib. Məhkəmə DİN-in istintaq idarəsinin tələbi ilə ələ keçirdiyi bütün avtomobilləri sahibsiz kimi tanıyaraq dövlətin balansına verib. Və arqument kimi müstəntiq avtomobillərin kuzovlarındakı dövlət nömrələrinin sındırıldığını, bəzilərinin isə Avropa ölkələrində axtarışda olduğunu bildirib.
Qanunvericiliyə görə, axtarışda olan avtomobilləri Daxili İşlər Nazirliyi onu axtarışa verən dövlətə qaytarmalı idi. Əvəzində isə Avropa dövlətlərinin “axtardığı” avtomobillər Qırğızıstan DİN-in patrul maşınları kimi fəaliyyət göstərir.
Vəli Həsənov,
KONKRET.az