Polşa Silahlı Qüvvələrinin Baş Komandanlığı Belarusla sərhəddə snayperlərin yerləşdirildiyini açıqlayıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, komandanlıq tviterdə Polşa-Belarus sərhədində snayper silahları olan əsgərlərin fotosunu paylaşıb.
Əsgərlərin orada nə qədər qalacaqları dəqiqləşdirilməyib.
Polşa hökumətinin informasiya təhlükəsizliyi üzrə komissarı Stanislav Jarin yazıb ki, “Belarusla sərhəddə vəziyyət təhlükəli olaraq qalır. Polşa patrullarına təcavüzkar əcnəbilər tərəfindən hər gün hücumlar edilir”.
İyulun 29-da Polşanın Baş naziri Mateuş Moravetski bildirib ki, yüzdən çox “Vaqner” muzdlusu Belarusdan Polşa-Litva sərhədinin keçdiyi Suvalki dəhlizinə köçüb. O hesab edir ki, muzdlular bununla da Polşaya hibrid hücuma hazırlaşır.
Qeyd edək ki, Litva “Vaqner” təhlükəsi səbəbindən Belarusla sərhədi bağlaya bilər.
İqbal Rzayev,
KONKRET.az