
KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhamedov olimpiya kompleksində hüquq-mühafizə orqanlarının rəhbərləri üçün idman məşqi keçib.
Olimpiya şəhərciyinin idman kompleksində Türkmənistan Prezidenti boulinq salonuna baş çəkib və idman zalında bir sıra güc məşqləri edib. Təlimdə milli təhlükəsizlik naziri, Daxili İşlər Nazirliyinin başçısı, baş prokuror, gömrük xidmətinin başçısı və digər vəzifəli şəxslər iştirak edib.
“Əsas məqsədimiz insanların sağlamlığını qorumaq və gücləndirmək, cəmiyyətdə sağlam həyat tərzini təbliğ etməkdir”, – deyə Türkmənistan rəhbəri vurğulayıb. O, kütləvi bədən tərbiyəsi və idmanın, Olimpiya hərəkatının inkişafına möhkəm sərmayələrin qoyulduğunu qeyd edib.
Qeyd edək ki, Olimpiya şəhərciyi hər cəhətdən beynəlxalq standartlara və müasir tələblərə cavab verir. Şəhərin idman kompleksləri ixtisaslaşmış müasir avadanlıqlarla təchiz edilib.
Yeri gəlmişkən, 2020-ci ildə Aşqabad Sambo üzrə Dünya Çempionatını, 2021-ci ildə isə Dünya Velosiped Çempionatını keçirməyi planlaşdırır.