Prezidentin bölgələrə səfərləri NƏZARƏT xarakterlidir? – CAVAB və ŞƏRH – VİDEObackend

Prezidentin bölgələrə səfərləri NƏZARƏT xarakterlidir? - CAVAB və ŞƏRH - VİDEO

“Mən Azərbaycanın bölgələrinə tez-tez səfərlər edirəm. Bildiyiniz kimi, 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir. Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim bəyan etdiyimiz bütün hədəflər- ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir”.

KONKRET.az xəbər verir ki, bu sözlər aprelin 18-də Prezident İlham Əliyevin Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibənin başlanğıcıdır.

Yazıda Prezidentin yuxarıda təqdim olunan çıxışındakı incə məqamlara və mətnaltı məna dolu mesajlara, xəbərdarlıqlara toxunacağıq.

“2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir”.

Regiondakı quruculuq işlərinin aparılmasına heç kim şübhə etmir. Ölkə başçısı da vurğuladığı kimi, işlər davamlıdır. Sadəcə, regionların sosial-iqtisadi inkişaf proqramının icrası ilə bağlı hər zaman polemika mövcud olub. Bəzən bu mübahisələrin haqlı səbəbləri də sadalanıb. Ən populyar giley isə ondan ibarətdir ki, əgər bölgələr tərəqqidədirsə, niyə Bakıda kirayə yaşayanların sayı günbəgün artır?

– Nə üçün bölgələrdə yaşayan insanlar işləmək üçün paytaxta üz tuturlar?

– Məgər quruculuq işlərində, yaxud tikilən binalarda yerli əhali üçün iş yoxdur?

– Yoxsa regiondakı strukturlara Bakıdan rəis təyin olunanlar yaxşı məvacibli vakansiyaları öz ətrafı ilə doldurur?

2004-cü ildən 19 il ötüb və bu zaman kəsiyində 19-dan çox icra başçısı, bələdiyyə sədrinə qarşı əməliyyat keçirilib. İstefaya göndərilən kim, həbs olunanlar kim! Qolu qandallananların zirzəmilərində qanqal yox, külli miqdarda maddi vəsait müsadirə olunub. Deməli, tanışlıqla işə düzəlməkdən başqa bölgələrdə yeyinti və korrupsiya baş alıb gedirmiş. Hətta yeni təyin olunanlar barədə də sakin şikayətləri sosial şəbəkələri “bəzəməkdədir”. Müzakirəsini apardığımız Dövlət Proqramında işlə təminat bölməsi olmamış olmaz, çünki adında sosial sözü də var. İnsanların sosial problemlərinin ən asan həlli mövcud bahalaşma fonunda normal əməkhaqqı ilə təmin edən iş yerlərinin açılmasıdır. Yox əgər hansısa rayonda 50 min iş yerinin yaradılması üçün 50 milyon manat ayrılırsa və icra başçısı həmin pulun bir hissəsinə özünə 50 yerdə ev alırsa, son model ən bahalı avtomobil kolleksiyası toplayırsa, hesabat xətrinə 50 nəfərlik müəssisə açırsa, onda bölgələrdəki camaatın Bakıya axını normal qarşılanmalıdır.

Dövlətimizin lideri mövcud problemlərdən agahdır, digər çətinliklər, yeyintilərin ifşası üçün isə ictimai nəzarətin artırılmasını istəyir. Əlbət bu işdə jurnalistlər də fəal olmalıdır. İlham Əliyev quruculuq işləri ilə acından ölən ermənilərə göz dağı verdi. Ancaq bu cümlə ilə bəzi məmurlara da xəbərdarlıq etdi:

“Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim bəyan etdiyimiz bütün hədəflər- ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir”.

Yəni milyonu əlindən alınıb özü barmaqlıqlar arasına salınmış harın məmurlara baxıb ibrət götürməyən vəzifəlilər, diqqətim sizdədir. Xalqa xidmət etməyən səlahiyyətli şəxslərin aqibəti isə bəllidir. Müsahibənin bu hissəsini əsas götürərək biz jurnalist kimi yeni kadr islahatları, məmur islahları, həbslərini proqnoz edə bilərik. Bununla yanaşı, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının xüsusi nəzarətə götürüləcəyi, icrasının gücləndiriləcəyini də ehtimal etmək olar. Ölkə başçısı intervünün bu hissəsində oliqarxlaşmaq üçün qalstuk taxan kreslo sahiblərinə bir daha xatırladıb ki, “ilk növbədə insanların rifah şəraitinin yaxşılaşdırılması”! Loru dildə desək, hansısa məmurun “ikra”pərəstliyi naminə sadə vətəndaşlar “qreçka” məstliyi yaşamağa məcbur edilməməlidir.

Müsahibənin son təqdim etdiyimiz hissəsində bir cümləninin sonunu xüsusi vurğulamalıyam:

“Sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin”.

Sosial infrastruktur nədir?

1) təhsil, elm, incəsənət, media fəaliyyəti, mədəniyyət daxil olmaqla, ictimai-siyasi və mədəni fəaliyyətlər;

2) Vətəndaşların sağlamlığının qorunması və bərpası – səhiyyə, idman, turizm və ətraf mühitin mühafizəsi;

3) İctimai xidmət – mənzil-kommunal xidmətlər, ticarət, ictimai nəqliyyat.

Sosial infrastrukturun həyata keçirdiyi funksiyalar bütün cəmiyyətin iqtisadi inkişafının məqsədləri ilə müəyyən edilir: cəmiyyətdə bərabərliyə nail olmaq və insan şəxsiyyətinin harmonik inkişafı.

Bunlardan ən vacibləri:

1) cəmiyyətdə mütərəqqi tendensiyalar üçün şərait yaratmaq;

2) cəmiyyətin və istehsalat səviyyələrinin keyfiyyəti ilə uyğunlaşa biləcək əmək;

3) əmək resurslarının düzgün istifadəsi;

4) əhalinin rahat yaşayış şəraitinin təminatı;

5) cəmiyyət üzvlərinin fiziki sağlamlığının qorunması və artırılması;

6) asudə vaxtdan səmərəli istifadə.

Sosial infrastrukturun əsas məqsədi insanın mənəvi, mədəni və daxili ehtiyaclarını qarşılamaq prosesində hərtərəfli inkişafı təmin etməkdir. Xalqın yaşayış səviyyəsinin yaxşılaşdırılması, onların rifahı, hər hansı bir milli iqtisadiyyatda sağlam və aktiv nəslin formalaşmasına yönəlmiş dövlət siyasətinin əsas vəzifələrini nəzərə almaq, mənzil problemlərinin həlli, kommunal mənzillərin ləğvi, əhalinin yüksək keyfiyyətə olan tələbatının təminidir. Bununla yanaşı, həyat və işin ətraf mühit şəraitinin monitorinq edilməli, işçilərin peşəkarlığı artırılmalı, bütün əhali üçün sosial müdafiə təmin edilməli, əhalinin ödəmə qabiliyyətini artırılmalı, zəruri mal və xidmətlər cəmiyyət ehtiyaclarına cavab verməlidir.

Bu məlumatda qeyd olunanların çoxu ilə bağlı regionlarda heç bir iş görülmürsə, deməli cavabdeh şəxslər Prezidentin tapşırığını yerinə yetirmir. Bununla da xaricdən qrant alan bəzi beyni mamırlı məmurlar xalq-iqtidar birliyini sarsıtmağa çalışır.

KONKRET.az-ın Araşdırma Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*