Prezidentin Xocalıdan verdiyi mühüm mesajlarbackend

Prezidentin Xocalıdan verdiyi mühüm mesajlar

Əsrarəngiz ölkəmizin müstəqillik günündə bir qrup xocalılının Xocalı şəhərinə köçməsindən böyük hadisə ola bilərdimi? Əlbəttə, yox.

Bu hadisənin mayın 28-də baş verməsi həm də Prezident İlham Əliyevin tarixi günlərimizə necə həssaslıqla yanaşmasının və bunu xoş ənənəyə çevirməsinin bariz nümunəsidir.

Elə xocalılarla görüş zamanı dövlət başçımızın “bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil” deməsi də bu məqamdan xəbər verirdi. O, xatırlatdı ki, son iki ildə Ağalıya və Laçına da sakinlərin qayıdışı məhz Müstəqillik Günündə və ərəfəsində baş tutub.

“Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir”, – deyə İlham Əliyev vurğulayıb.

Bu, həm də kövrək, qürurlu anların təntənəsi idi. Çünki xocalıların evlərinə qayıtması dövlətimiz və xalqımız üçün tamamilə başqa məna kəsb edir.

Görüş zamanı hiss olunurdu ki, dövlət başçımız düz 32 il öncə ermənilərin dəhşətli hərbi cinayətinə məruz qalmış xocalıların çəkdikləri hər əzabın ağırlığını, həmin dövrdəki rəhbərliyin səriştəsizliyi ucbatından xocalıların iyrənc düşmən qarşısında yiyəsiz qalmasının ağrısını dərindən hiss edir. İkinci Qarabağ müharibəsi zamanı igid oğullarımızın qarşısından həşərat kimi qaçanların xalqımızın heysiyyəti ilə oynaması hər bir vətənpərvər kimi dövlət başçımızın da ürəyini ağrıdırdı. Xocalı sakinlərinin o qış geçəsi yaşadıqları vəhşətin bəzi təfərrüatlarını anlatmasını, Ağdama çatmaq üçün hansı çətinliklərlə qaçmağa məcbur olmalarını, ermənilərin qurduqları pusqular səbəbindən əsir düşdüklərini, yaralandıqlarını, qətlə yetirildiklərini, “Mənim anam şəhid oldu”, “Mənim qardaşım şəhid oldu” sözlərini dinləmək böyük ürək istəyir. Əminəm ki, efirdən bunu izləyənlərin və dinləyənlərin  göz yaşları sel kimi axırdı…

Xocalının azad edilməsinə, doğma yurd-yuvalarına qovuşduqlarına, Qarabağ həqiqətlərinin, “Xocalıya ədalət!” kampaniyasının bütün dünyada təbliğ edilməsinə görə dövlət başçımıza, şəhidlərimizə, qazilərimizə, Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildirən xocalılara İlham Əliyevin qətiyyətli cavabı özünü çox gözlətmədi:

“Xocalıda memorial kompleks hazır olanda bütün dünya erməni vəhşiliyini görəcək. Bu, həqiqətdir, bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir. Özü bizdən üzr istəməliir. Ancaq bunu etməklə, ola bilsin ki, Ermənistanın indiki rəhbərliyi o vəhşilərin, vandalların, qaniçənlərin günahını bir qədər yumşalda bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa qalxa bilməyəcək. Gərək bu faciəni, hərbi cinayəti tanısınlar. İlk növbədə Ermənistan”.

Xocalı sakinləri ilə birlikdə şəhəri gəzərkən dövlət başçımızın Qarabağdakı separatçı rejimin hələ sovet illərində azərbaycanlıların başına gətirdikləri bütün müsibətləri yada salması çox maraqlı anlar idi. İndiki gənclik bunu anlamaz. Amma 80-ci illərin sonunda – 90-cı illərin əvvəllərində “Azadlıq” meydanına toplaşan milli mücadiləçilər yiyəsiz qalmış ölkəmizə belə vətənpərvər, qətiyyətli, cəsarətli şəxsin rəhbərlik etməsini nə qədər arzulamışdılar.

Odur ki, İlham Əliyevin “Bütün Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq və burada artıq bu istiqamətdə işlər görülür ki, Azərbaycan xalqı əbədi əmin olsun, bir daha bu faciələr bizim xalqımızın başına gəlməyəcək” bəyanatı bizim üçün qiymətsizdir.

Bu gün biz əminik ki, Ermənistan rəhbərliyinə “Qarabağ Azərbaycandır!” etirafını etdirən İlham Əliyev “Xocalı soyqırımına görə Ermənistan üzr istəməlidir” deyirsə, bu, tezliklə baş verəcək.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*