“Miqrant işçilərin ölkələri sadəcə ilhaq edilməli və rus dili yerindəcə öyrədilməlidir”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının həmsədri, duma üzvü Zaxar Prilepin bildirib.
O, Özbəkistanı misal çəkib: “Mən səmimi şəkildə bu ölkələrin ilhaqının tərəfdarıyam ki, onlara rus dilini yerindəcə öyrətsinlər – burada deyil, məsələn, Özbəkistanda. Mən bunu həqiqətən ciddi deyirəm, zarafat etmirəm. Biz mövzunu daha da təbliğ edəcəyik və Sovet İttifaqının dağılmasına dair sənədləri rədd edəcəyik ki, bu da bizə istənilən vaxt deməyə imkan verəcək ki, sizin iki milyon vətəndaşınız bizim ərazimizdədir, ona görə ki, biz sizin əraziyə iddialıyıq”, – Zaxar Prilepin deyib.
Rusiyanın Özbəkistandakı səfiri Oleq Malqinov Prilepinin açıqlamalarına görə Özbəkistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Özbəkistan Xarici İşlər Nazirliyi qeyd edib ki, dost ölkənin partiya rəhbərlərinin bu cür tələsik bəyanatları qəsdən təxribat xarakteri daşıyır və Özbəkistanla Rusiya arasında münasibətlərə mənfi təsir göstərə bilər.
Cavabında Malginov bildirib ki, Prilepinin bəyanatlarının dost və müstəqil Özbəkistanla bağlı Rusiya rəhbərliyinin rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur. O, xüsusilə vurğulayıb ki, “ölkəsində Özbəkistan Respublikasının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü heç vaxt şübhə altına alınmayıb”.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Prilepinin bəyanatı Rusiyanın rəsmi mövqeyini əks etdirmir, “onun şəxsi fikridir”.
“Rusiya tərəfi dəfələrlə vurğulayıb ki, xaricdən, dost ölkələrdən əmək resurslarının cəlb edilməsi həm Rusiyanın, həm də bu cür xidmətləri ixrac edən ölkələrin maraqlarına cavab verir. Prilepinin açıqlamaları onun şəxsi fikridir və bu, Rusiya Federasiyasının rəsmi mövqeyini belə uzaqdan əks etdirmir”, – Mariya Zaxarova brifinq zamanı bildirib.
Natiq Səlim,
KONKRET.az