Priqojinin səhnələşdirilmiş yürüşü – Rusiyada baş verənlər nəyə hesablanmışdı? backend

Priqojinin səhnələşdirilmiş yürüşü - Rusiyada baş verənlər nəyə hesablanmışdı? 

İki gün əvvəl Rusiyada baş verən hadisələr bütün dünyanın diqqətini cəlb etdi. ”Vaqner” silahlılarının rəhbəri Yevgeni Priqojin üsyan qaldıraraq əvvəlcə Rostov, daha sonra isə Voronej şəhərlərini ələ keçirdi. Moskva istiqamətində irəliləyən “Vaqner”çilər tezliklə paytaxta çatacaqlarını və məqsədlərinə nail olacaqlarını bəyan edirdilər. Amma çox keçmədən onlar mövqelərini dəyişdilər. Daha doğrusu, Priqojinin geri addım atdığı məlum oldu. Beləliklə, bir neçə saatlıq üsyan başa çatdı və Priqojinin Belarusa getdiyi bildirildi. Rusiyada baş verən son hadisələri siyasi ekspertlər müxtəlif rakurslardan şərh edirlər.

Politoloq Elçin Mirzəbəylinin KONKRET.az-a açıqlaması da bu baxımdan maraqlıdır.


“Vaqner” şirkətinin rəhbəri Yevgeni Priqojin Baxmutda baş verən son hadisələrdən sonra açıq ittihamlarla həm müdafiə nazirinin, həm də Baş Qərargah rəisinin ünvanına çıxışlar edirdi. Amma onun ittihamları ölkənin siyasi rəhbərliyinə qarşı yönəlməmişdi. Bir müddət sonra proseslərin daha aktiv mərhələyə keçdiyinin şahidi olduq. Ümumiyyətlə, baş verən hadisəyə müxtəlif rakursdan yanaşmaq olar. Hələlik ümumi mənzərə prosesin tam dəqiqliyi ilə qiymətləndirilməsinə imkan yaratmır. Atılan bütün addımlar ciddi şəkildə təhlil olunmalıdır. Yalnız bundan sonra ümumi dəyərləndirmənin aparılması mümkündür.

Priqojinin Rostov, Voronej və Moskvaya yürüşünü səhnələşdirilmiş də hesab etmək olar. Buna klassik ənənə də deyə bilərik. Əgər hər hansı siyasi hakimiyyət, xüsusilə də avtoritar idarəçilik sistemi seçən siyasi hakimiyyət belə bir qiyamın olacağını gözləyirsə, onu səhnələşdirməklə müəyyən zaman kəsiyində həm bu qiyamda iştirak edə biləcək qüvvələrin sayını, həm də ata biləcəyi addımları əvvəlcədən müəyyənləşdirir. Mahiyyət etibarilə səhnələşdirilmiş qiyamda siyasi hakimiyyətə qarşı çıxış edə biləcək bütün qüvvələr ortaya çıxır və onların qarşısının alınması istiqamətində addımlar atır. Bu versiyanı tənqid edənlər də var və bunun doğru olmadığını söyləyənlər onu əsas gətirirlər ki, baş verən silahlı qiyam nəticə etibarilə ölkənin siyasi rəhbərliyinin nüfuzuna ciddi zərbə vurur. Faktiki olaraq sayı o qədər də çox olmayan silahlı qruplaşmanın qarşısını kəsmək Rusiya xüsusi xidmət orqanları üçün elə də çətin deyildi. Amma proseslərə nəzər saldıqda  Priqojinin qarşısının alınması istiqamətində ciddi addımların atıldığının şahidi olmadıq. Hər halda Rusiya prezidentinin atacağı addımlar bu məsələyə müəyyən qədər aydınlıq gətirəcək.

Amma bütün hallarda baş verənlər kifayət qədər mürəkkəb hadisələrdir. Bütün bunların Ukrayna müharibəsinə təsir göstərib-göstərməyəcəyi zamanın işidir. Digər arqumentlərdən biri ondan ibarət ola bilər ki, nə üçün Priqojin məhz Belarusa getdi və onun Belarusda olması 2-ci cəbhənin açılmasına imkan yarada bilər. Bəlli olduğu kimi, Belarus açıq şəkildə Rusiyanın Ukrayna kampaniyasında iştirak etmir. Amma Priqojinin silahlı qruplaşması Belarus istiqamətindən Ukrayna ərazisinə daxil olub ikinci cəbhə aça bilər və bu da Ukrayna üçün ciddi problemlərin ortaya çıxmasına zəmin yarada bilər. Priqojini bundan sonrakı davranışları, ona veriləcək səlahiyyətlər, atacağı addımlar yekun nəticənin hesablanması üçün çox vacib faktorlardır. Amma bəlli olduğu kimi bununla bağlı heç bir informasiya yoxdur.

Bu mənzərə onu deməyə əsas verir ki, burada öncədən düşünülmüş ssenarinin olması ehtimalı daha çoxdur. Yox, əgər Rusiyada həqiqətən də çevriliş baş tutsaydı və Priqojin kimi keçmişi qaranlıq olan, həbsxanalardan keçmiş, faktiki olaraq müharibə cinayətləri törətmiş bir insanın Rusiya rəhbərliyinə can atması nəticə etibarilə həm də nüvə silahının bu şəxsin əlinə keçməsinə imkan yarada bilərdi. Bu da ciddi problemlərə gətirib çıxarardı. İndiki şəraitdə qanuni hakimiyyətin qeyri-qanuni, həm də üsyan yoluyla devrilməsi ciddi məsələdir. Buna görə də heç kim Rusiyada dəyişikliklərin məhz bu istiqamətdə baş verməsinin tərəfdarı deyil. Əgər belə bir hadisə baş versəydi, postsovet məkanındakı ölkələr bundan ciddi ziyan görəcəkdi”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*