İstehlakçıların hüquqları nədir və həmin hüquqlar necə qorunmalıdır? Son vaxtlar istehlakçıların pozulan hüquqları ilə bağlı yaranan əsas sual budur. Addımbaşı hüquqları pozulan istehlakçılar bəzən kimə və hara müraciət edəcəyini belə bilmir. Baş verən mənfi hallara daha çox internet sahəsində rast gəlirik. Bəzən saatlarla internetin verilişində fasilələr yaranır, provayderlərdən isə səs-soraq çıxmır. Müqaviləyə əsasən, fasiləsiz internetlə təminetməni öhdəsinə götürən hər hansı şirkət bəzən saatlarla internetin kəsilməsinə aydınlıq gətirmir və ya edilən müraciətləri cavabsız qoyur. Ən acınacaqlısı isə odur ki, internet provayderləri ilə bağlı problem eynidir.
Dünən “Alfanet” provayderinin Sumqayıtda doqquz saat interneti kəsməsi səbəbindən insanların işgüzar imicinə zərbə vurulub. ”Sumqayıt Alfanet”də baş verən xoşagəlməz hadisə birinci dəfə deyil.
Məsələyə “Sumqayıt Alfanet”in aydınlıq gətirəcəyini düşünsək də, zənglərimiz cavabsız qaldı. Nəticədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət etdik.
İstehlakçıların pozulan hüquqları barədə KONKRET.az-a açıqlama verən Eyyub Hüseynov bildirdi ki, internet provayderləri arasında belə hallar tez-tez baş verir:
“İstehlakçı hüquqlarının 20 mindən çox aspekti mövcuddur. İldən-ilə bu palitra dəyişir. Son beş ildə trend olan istehlakçı hüquqlarının pozulması “pulumu ver, cəhənnəm ol” prinsipidir. Bu prinsip əsasən mürəkkəb texniki cihazlar satılan yerlərdə tətbiq olunur. Bunlar arasında “Kontakt home”, “Baku Elektroniks”, “Optimal”, “Omid” kimi təşkilatlar yer alır. Çox təəssüf ki, bu tendensiya hələ də davam edir.
Bunlar arasında internet provayderləri də var. Provayderlərdən şikayətlər gündən-günə artır. Bir neçə il öncə internet provayderlərindən biri xidməthaqqını aşağı salmışdı. Bununla razılaşmayan digər internet provayderləri onu boykot etdilər və aralarındakı kommunikasiyanı blokladılar. Nəticədə qiyməti aşağı salan provayderdən istifadə edən istehlakçı digər provayderin müştəriləri ilə əlaqə qura bilmədi. Bundan sonra qiyməti aşağı salan provayder əvvəlki qiyməti bərpa etməyə məcbur oldu. Bu, onu göstərir ki, bu sahədə bazarda azad rəqabət mühiti yoxdur. İnternet provayderinin interneti zəif verməsi, kəsməsi, istehlakçını aldatması kimi hallarla bağlı hər həftə bizə 2-3 telefon zəngi daxil olur. Təəssüflər olsun ki, məsələ həll olunmur.
Xüsusən regionlarda, rayonlarda bu məsələ daha acınacaqlıdır. Belə hallarda istehlakçılar 195 nömrəsini yığmaqla İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Xidmətinə müraciət etməlidir.
Təəssüf ki, həmin qurum bu sahədəki vəziyyəti düzəldə bilmir və ya düzəltmək istəmir. Bu sahədə ciddi problemlər yaşanır və bu da onu göstərir ki, ölkədə istehlakçı siyasəti bərbad vəziyyətdədir”.
Vəli Həsənov,
KONKRET.az