“Azərbaycan Ordusunda ödənişli hərbi xidmətin Türkiyə modelinə keçidlə bağlı yeni qanun layihəsi Milli Məclisə təqdim olunub”.
Bunu deputat Elnur Allahverdiyev deyib. O, bildirib ki, layihə komitədə müzakirə edildikdən sonra parlamentdə müzakirəyə çıxarılacaq. Qanun qəbul olunarsa, Azərbaycan Respublikasının vətəndaşları ödənişli əsaslarla 1 il və ya 1 il 6 ay yox, daha qısa müddətə hərbi xidmət keçə biləcəklər.
Sözügedən modelə keçid nə dərəcədə faydalı olacaq?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bu yöndə atılan addımların erkən olduğunu bildirdi:
“Azərbaycanda ödənişli əsaslarla hərbi xidmət modelinə keçidlə bağlı qanun layihəsinin qəbul edilməsi yönündə atılan addımların erkən olduğunu düşünürəm. Bu məsələ gələcəkdə aktuallaşa bilər. Bunu Ermənistanla sülh və ya çərçivə sazişi imzalandıqdan sonra gündəmə gətirmək olar. Azərbaycana qarşı təhdidlər, regionda baş verən münaqişələr sözügedən məsələdə tələsməməyimizi şərtləndirir”.
Ekspert bildirib ki, qanun layihəsinin qabulu ordunun komplektləşməsinə təsir edə bilər:
“Bu hal Azərbaycan Ordusunun komplektləşməsinə təsir göstərə bilər. Çünki hərbi xidmətə getməli olan şəxs vəsait ödəyərək, bu öhdəlikdən yaxa qurtarır. Ancaq burada bir sual yaranır: ödənişin miqdarı nə qədər olacaq? Əgər tələb olunan vəsait böyük olarsa, bundan yalnız imkanlı təbəqə yararlana biləcək. Məbləğ az olduğu təqdirdə isə bu imkandan daha çox şəxs faydalanacaq. Qeyd etdiyim kimi, bu da komplektləşməyə mane ola bilər. Ancaq hər bir halda, qanun layihəsi ilə tanış olduqdan sonra yekun nəticəyə gələ bilərik”.
Məlik Məlikov,
KONKRET.az