“Püşkü atanlar deyir ki, “Neftçi”, sən heç yerə getmə, qal Avroliqada”backend

“Püşkü atanlar deyir ki, “Neftçi”, sən heç yerə getmə, qal Avroliqada”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Avropa Liqasının 3-cü mərhələsi çərçivəsində HJK-ya (Finlandiya) qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

KONKRET.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Sabah çox maraqlı rəqibə qarşı oynayacağıq. HİK-in iştirak etdiyi çempionat davam edir. Tiflis “Dinamo”su kimi, onların da fiziki durumu çox yaxşıdır. Ölkəsinin çempionudur və təhlükəli rəqibdir. Finlandiya futbolu irəli doğru addımlayır. Millilərinin AÇ-2020-dəki çıxışı bunu deməyə əsas verir. HİK-in bəzi üstünlükləri var. Bizdən, bəlkə də, daha hazırlıqlıdır. Ən azı əlimizdən gələni etməliyik ki, bu turnirdə qalaq. HİK-in xeyli oyununa baxmışam. Məsələn, srağagün çempionat matçına çıxdılar. Kifayət qədər zəngin heyətə malikdir. “Malmö”yə bir oyunda uduzmalarına və bir heç-heçə etmələrinə baxmayaraq, xoşagələn, hərəkətli futbol nümayiş etdirirlər. Bizim də əhvalımız pis deyil. “Olimpiakos”a uduzsaq da, motivasiyamız qaydasındadır. Bəzi məqamlar bizi üzdü. Ancaq əhval-ruhiyyəmizi düzəldə bilmişik. Bilirik ki, getdicə oyunlar çətinləşir”.

– Futbolçuları psixoloji gərginlikdən çıxara bilmisiniz?
– Gəlin, “Olimpiakos”la oyundan əvvəlki proqnozlara nəzər yetirək. Biz bunların əksini göstərdik. Səfərdə yaxşı çıxış etdik, evdə də pis oynamadıq. Şansımız gətirsəydi, keçə də bilərdik. Uşaqların əziyyətinə heyfsiləndik. O cür rəqibə uduzmağa üzülməyimiz yaxşı oynamağımızla bağlı idi. Mən özüm qələbə qazanmaq, mərhələ adlamaq istəyirdim. Amma özümüz hər şeyi anlamalıyıq. Həmin görüşün atmosferində qalmaq bizə mənfi təsir göstərə bilər. Komandada ab-hava çox yaxşıdır. Böyük vədlər vermək istəmirəm. Rəqib fiziki durumda bizdən yaxşı ola bilər. Ancaq buna fikir vermirik. Öz komandamızı düşünürük. Oyunumuzu ortaya qoya bilsək, “Olimpiakos”a qarşı görüşdəki səviyyəni yaxşılaşdırsaq, uğurlu nəticə qazana bilərik.

– Avropa Liqasında HİK-i keçsəniz, növbəti rəqib “Fənərbaxça”, məğlub olsanız, Konfrans Liqasında “Makkabi” ilə qarşılaşacaqsınız. Razısınız ki, ən yaxşısı elə HİK-i üstələməkdir?
– Püşkü atanlar deyir ki, “Neftçi”, sən heç yerə getmə, qal Avropa Liqasında. Bizim üçün əsas HİK-i keçməkdir. Ən azı “Makkabi”ni düşünmürük. Hər iki turnirdə ən arzuolunmaz rəqiblə düşdük. Əvvəlcə HİK-i keçək ki, sonrakı rəqib barədə düşünək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*