Putin İlham Əliyevə məhz buna görə borcludur – ƏTRAFLIbackend

Putin İlham Əliyevə məhz buna görə borcludur - ƏTRAFLI

Surxay Atakişiyev

Uzun illik həyat təcrübəmə əsaslanaraq deyə bilərəm ki, iki sahənin adamlarının çörəyi gündəmdə qalmaqdan çıxır. Bunlardan biri şou əhlidir. Digəri isə siyasət adamlarıdır. Bu adamlar beşcə gün gündəmdən kənarda qalsa, beş qəpiklik dəyərləri olmur. Ona görə də şou əhli ya baldırını, ya “sponsor”unun bağışladığı hədiyyələri reklam etməklə, ya da bir-birini söyməklə “gündəm” yaradır.

Gündəm yaratmaq məsələsində siyasət adamlarının işi manıslara baxanda bir az çətindir. Çünki Azərbaycan kimi balaca və stabil ölkədə gündəm yaratmaq asan iş deyil. Hamı bir-birini bu və ya digər şəkildə tanıdığı üçün… Ona görə də siyasi gündəm yaratmaq hər özündən deyən oğulun işi deyil. Amma neyləyəsən ki, məşhur “Göz həkimi” tamaşasında deyildiyi kimi, onların da “5 dostu, 5 düşməni” var. Ona görə də bu siyasətbazlar məcburdu çox danışsın. Təbii ki, çox danışan adam da daha çox səhv edir. Çünki deməyə yeni söz olmayanda məcburdur ki, ya yalan danışsın, ya da “peyğəmbərlik” etsin. Məsələn, Müsavat Partiyasının başqanı Arif Hacılı kimi.

Bu gün başqan Qarabağdakı sülhməramlılarla bağlı “narahatlığını” dilə gətirib. Deyir ki, “sülhməramlılar”ın (sözü dırnağa o alıb) əsas məqsədi Azərbaycan dövlətini və azərbaycanlı əhalini Yuxarı Qarabağ ərazisinə buraxmamaqdır”.

Bu fikirləri deyən sıradan bir Atobba, Fatmanisə deyil, kos-koca partiya başqanıdır. Özünün də 35 ilə yaxın siyasi stajı var. Üstəlik, bu adam Azərbaycanda ana müxalifət adına iddialı bir partiyanın başqanıdır. Amma neyləyəsən ki, onun dediyi bu fikri 10-cu sinif şagirdi də dilinə gətirməyə ehtiyatlanar. Çünki bu fikirdə məntiq deyilən bir zad yoxdur. Sadəcə bu adam da gündəmdə qalmaq istəyir. Çünki siyasətçidir, çörəyi danışmaqdan çıxır.

Vallah, mənim həyatda xoşum gəlməyən iki iş var. Onun da biri kimlərinsə pulunu saymaq, haqq-hesabını çəkməkdir. Ona görə də Arif Hacılının gündəmdə qalmaq və pul qazanmaq istəyinə bir söz demirəm. Allah işini avand eləsin. Lakin bilmədiyi bir məsələ barədə hökm verməsi bir az mənə toxunur. Bu səbəbdən hörmətli başqana bəzi xatırlatmalar etmək istəyirəm.

Arif bəy, əvvəla, Rusiyaya sülhməramlı mandatını BMT yox, Azərbaycan verib. Və bu mandatı Vladimir Vladimiroviç boğaz çəkərək Azərbaycanın Prezidentindən alıb.

İkincisi, Rusiya sülhməramlılarının Qarabağdakı mandatının müddəti 5 ildir. Bu, bir qədər uzun da ola bilər, bir qədər qısa da.

Üçüncüsü, rus sülhməramlıları bütöv Qarabağda yox, yalnız şimali Dağlıq Qarabağda qərar tutublar. Onların nəzarət etdikləri ərazi isə təxminən Kəlbəcər rayonu ərazisi qədərdir.

Ona görə də Rusiya sülhməramlılarının Dağlıq Qarabağda böyük miqyasda anti-Azərbaycan hərəkətləri etməsi, təxribatlar törətməsi mümkün deyil. Doğrudur, Rusiya siyasi elitasında kifayət qədər ermənipərəst adamlar var. Amma bu adamlar Azərbaycanı qıcıqlandırmaqdan başqa bir işə yaramır. Çünki Dağlıq Qarabağ proseslərinin hazırkı vəziyyətində moderator Azərbaycandır. Bakının istənilən fikri nəinki Dağlıq Qarabağda, eləcə də Moskvada keçərlidir. Adi bir fakt deyim.

Dekabrın 18-də MDB dövlət başçılarının videoformatda konfransı keçirildi. Konfransda Paşinyandan başqa bütün dövlət rəhbərləri iştirak edirdi. Və həmin tədbirdə hər bir dövlət başçısı 5-10 dəqiqə çıxış etdi. Azərbaycan Prezidenti İlham Əliyev isə bir saata yaxın danışdı. Belə tədbirlərdə adətən Putin özünün dominantlığını göstərir, istədiyi çıxışı yarımçıq kəsirdi. Lakin bu dəfə dominant İlham Əliyev idi. Və Putin bir saata yaxın İlham Əliyevi dinləmək və susmaq məcburiyyətində qaldı.

Rusiya mətbuatının ən ərköyün jurnalisti kimi tanınan “Kommersant” qəzetinin xüsusi müxbiri Andrey Kolesnikov həmin konfrans barədə “Bakı Emissarı” adlı bir səhifəlik yazı hazırlamışdı. Yazıda deyilirdi: “İlham Əliyev sərbəst və inamla danışdı. Heç bir əlavə söz yox, dəqiq və kəsərli ifadələr… İlham Əliyev digər ölkələrin liderlərinin toplantısında qələbə dolu bir nitq söylədi”. Təbii ki, yazıda rus şovinist çalarları da vardı. Belə ki, Kolesnikov sətiraltı şəkildə Putindən soruşurdu ki, İlham Əliyevin 1 saatlıq nitqinə qulaq asmağa sizi nə vadar edirdi? Bu sual əslində əksər millətçi rusları narahat edir ki, ”İlham Əliyevin qarşısında Putinin hansı gözükölgəliyi var?”.

Bəli, Rusiya prezidenti İlham Əliyevin qarşısında gözükölgəlidir.

Ona görə ki, bütün dünya Rusiyadan üz çevirəndə Azərbaycan xalqı və onun müdrik lideri ruslara dostluq əlini uzatdı. Məhz buna görə ABŞ və bəzi Avropa dövlətlərinin gileyini eşitdi. Bundan əlavə, İlham Əliyev Rusiya-Türkiyə dostluq münasibətlərinin memarıdır. Hansı ki, bu gün Rusiya bu dostluğun hesabına ayaqda dura bilir. Bir anlığa yada salaq. 24 noyabr 2015-ci ildə Türkiyə Suriya səmasında Rusiyaya məxsus SU-24 hərbi təyyarəsini vurdu. Bundan bir il sonra, 2016-cı ilin dekabrında Ankarada Rusiyanın səfiri Andrey Karlov öldürüldü.

Bu iki fakt Rusiya-Türkiyə müharibəsinə güclü əsas yaradırdı. Və o zaman Rusiyanı buna təşviq edən qüvvələr də var idi. Bax, o zaman bu müharibənin qarşısını İlham Əliyev zəkası, müdrikliyi aldı. İki ölkə arasındakı bu gərginliyi danışıqlar masasına daşıyan və gərilmiş əsəblərə sərin su səpən İlham Əliyev oldu. Məhz bundan sonra Rusiya-Türkiyə münasibətlərində tarixi bir dövr başlandı. Bu iki dövlət arasındakı son 5 ildəki isti münasibətə son 500 ildə təsadüf olunmayıb.

”Uzaq qohumdan yaxın qonşu irəlidir” prinsipini Rusiya və Türkiyəyə münasibətlərinə tətbiq edən İlham Əliyev oldu. Etiraf edək ki, bundan sonra Rusiya – Azərbaycan, Türkiyə – Azərbaycan münasibətlərində də yeni dövr başlandı. Təsadüfi deyil ki, bu yaxınlarda Fransanın məşhur “Le Monde” qəzeti manşetə belə bir başlıq çıxarmışdı: “İlham Əliyev çoxşaxəli xarici siyasət yürüdən, vassal olmaq istəməyən bir liderdir”. Bu, bəzi yaltaq politoloqlarımızın, buqələmun deputatlarımızın fikri deyil, dünyanın mədəniyyət mərkəzi olan Fransanın ən populyar nəşrlərindən birinin qənaətidir. O nəşrin ki, onun oxucularının sayı Azərbaycan əhalisinin sayından dəfələrlə çoxdur. Nəşr həmin yazıda İlham Əliyevi Türkiyə və Rusiya prezidentləri ilə müqayisə edərək yazır ki, “İlham Əliyev hər iki nəhəng dövlətin rəhbərləri ilə eyni səviyyədə dayanıb. İlham Əliyev hər zaman diqtə edilən tərəf yox, diqtə edən tərəf olub. Bu isə Azərbaycanın milli sərvətidir. Çünki böyük dövlətlər iqtisadi gücləri, kiçik dövlətlər isə intellektual sərvətləri ilə qüdrətli olur”.

Bəli, İlham Əliyev Azərbaycanın milli sərvətidir. Təsadüfi deyil ki, Rusiyanın ərköyün jurnalisti Andrey Kolesnikov “Bakı Emissarı” məqaləsində deyir ki, ”Azərbaycanın yaxın tarixini dərindən bilməyənlər İlham Əliyevi ümummilli lider kimi qəbul edir”.

Hörmətli Arif bəy, ona görə də deyirəm ki, rus sülhməramlıları haqqında narahatlığınıza heç bir əsas yoxdur. Çünki nəinki Dağlıq Qarabağda, eləcə də regionda, hətta dünyada baş verən proseslər Bakıdan diqqətlə izlənilir. Qarabağda rus əsgərinin və yaxud kiçik əsgər bölüyünün təxribatçı hərəkətləri Ali Baş Komandanı və Azərbaycan dövlətini son məqsəd uğrunda mübarizəsindən durdura bilməz.

Sizin siyasi “peyğəmbərliyinizin” bir səbəbi də informasiya qıtlığı ilə bağlıdır. Son 3 aydır Dağlıq Qarabağda və ətraf bölgələrdə baş verən proseslər barədə əsas informasiya mənbəyi Azərbaycan Prezidentinin twitter səhifəsi və Müdafiə Nazirliyidir. Lakin qarşı tərəfdə yerindən duran informator olub. Ən xırda məsələni böyüdür, ajiotaj yaratmaq istəyirlər. Ermənistan məğlubiyyəti ilə barışmır və siyasi diletantlar hər vasitə ilə reallıqları xalqdan gizlədirlər. Bəzən olmayan şeyləri də olan hadisə kimi erməni cəmiyyətinə sırıyırlar. Ermənistan cəmiyyətinə sırınan məsələlərdən biri də Rusiya sülhməramlılarıdır. Guya ruslar Qarabağa atəşkəsə nəzarət etmək üçün yox, 90-cı illərdə olduğu kimi, ermənilərin əvəzindən vuruşmaq üçün gəliblər.

Ermənilərin bu qənaəti əlbəttə ki, başadüşüləndir. Çünki ”batan saman çöpündən yapışır”. Amma 35 ilə yaxın siyasi stajı olan Arif  Hacılının yersiz narahatlığı başadüşülən deyil. Arif bəy vəziyyəti şərh edərək fikrinin sübutu üçün 6 əsas gətirir. Onun “dəmir məntiqi”nin 6-cı bəndində deyilir ki, Rusiya Qarabağda ikinci erməni dövləti yaratmaq istəyir. Vallah, natamam orta təhsilli adamın da məntiqi bu qədər bəsit ola bilməz. Çünki Rusiyanın belə məkrli məqsədi olsaydı, bunu 2 min əsgəri Qarabağa göndərməzdən əvvəl edərdi. Yəni Rusiyanın Qarabağda ikinci erməni dövləti yaratmağa “dux”u (etik qaydaları nəzərə alıb başqa ifadə işlətmirəm) çatsaydı, bunu son 30 ildə edərdi. Ən azından heç olmasa Fransa kimi qondarma “DQR”in tanınması haqqında bir sənəd qəbul edərdi. Amma bunu etmədi, daha doğrusu, edə bilmədi. Çünki Rusiya Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə, eləcə də ölkəsinin qanunvericilik səviyyəsində tanıyıb. Rusiya belə bir addımı atacağı təqdirdə onu hansı beynəlxalq qınaqların və təcridlərin gözlədiyini çox yaxşı bilir. Lakin Arif bəy bunu bilmir.

Ay qardaş, ikinci erməni dövlətinin yaradılması bir nağıldır. Bir corabdır hörülüb ermənilərin başına. ”DQR”i müstəqil dövlət kimi tanımağa heç Ermənistanın “duxu” çatmır. O ki qaldı başqa dövlətlərin.

Arif Hacılının bu narahatlığı əslində keçmişdəki böyük səhvləri və cinayətləri ört-basdır etmək istəyindən irəli gəlir. Çünki Dağlıq Qarabağdakı konfliktin böyüməsi və beynəlxalq aləmə çıxması məhz AXC-Musavat cütlüyünün günahıdır. 1992-ci ilin payızında Arif Hacılının ideya rəhbəri İsa Qəmbər Milli Məclisdə dedi ki, ruslar bizim qarşımıza iki şərt qoymuşdu: “Ya Qarabağ, ya müstəqillik. Biz müstəqilliyi seçdik”. Bəs o zaman İsa bəy niyə belə deyirdi? Ona da qısaca aydınlıq gətirim.

O illərdə Rusiya istəyirdi ki, bütün müttəfiq ölkələrdə rusların heç olmasa bir dənə hərbi bazası qalsın. Buna əksər respublikalar razı oldu, Azərbaycanla Gürcüstandan başqa. Onların sonrakı aqibəti də məlumdur. Orta Asiya dövlətləri, Qazaxıstan, Belarus və digər dövlətlər o zaman ruslara bir hərbi baza verdilər. Nə oldu? Bəyəm onlar müstəqil olmadılar? Hələ sabiq prezident Əbülfəz Elçibəyi demirəm. 1993-cü ilin aprelin 2-də Kəlbəcər əldən gedəndə Elçibəy sevinə-sevinə dedi ki, “Hə, BMT, indi nə deyirsən? Gördünüz ki, ermənilər muxtariyyət davası döymür? Müharibə Qarabağdan kənara çıxıb. İndi gəlin Ermənistanın qabağında durun”.

Bəli, AXC-Müsavat hakimiyyəti dövründə Qarabağ məsələsini qloballaşmadan, lokal formada olanda asanlıqla həll etmək mümkün olmadı. Nəhayət, 27 ildən sonra Müzəffər Azərbaycan Ordusunun qüdrəti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və xalqımızın monolit birliyi sayəsində Qarabağ məsələsi birdəfəlik və ədalətli şəkildə həll edildi.

MDB dövlət başçılarının toplantısında Prezident İlham Əliyevin dediyi kimi, “Dağlıq Qarabağ münaqişəsi artıq mövcud deyil. “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi keçmişdə qaldı”.

Ona görə də Arif Hacılı kimilər Azərbaycan xalqının və onun qəhrəman oğlu İlham Əliyevin titanik qələbəsinə kölgə salmaq istəyir. Lakin “çi fayda”, xalq öz liderinin hər sözünə inanır və onu birmənalı şəkildə onu dəstəkləyir…

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*