Putin Overçuku niyə Azərbaycana göndərib? – Soçi görüşündə Bakı Moskvadan nələri tələb edəcək? – ƏTRAFLIbackend

Putin Overçuku niyə Azərbaycana göndərib? – Soçi görüşündə Bakı Moskvadan nələri tələb edəcək? - ƏTRAFLI

“Rusiya baş nazirinin müavini, kommunikasiyaların açılması üzrə üçtərəfli İşçi Qrupun üzvünün Soçi görüşündən iki gün öncə Bakıya səfəri noyabrın 26-da nəqliyyatın blokadadan çıxarılması ilə bağlı sənədin – bəyannamənin imzalanacağı gözləntisini önə çıxarır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı səslənədirib. O bildirib ki, ən optimal variant kommunikasiyanın açılması qrafikinin təsdiq edilməsi ola bilər: “1 mart tarixinə qədər hazırlanması və təsdiqi üçün təqdim edilməsi nəzərədə tutulan qrafikin gecikməsi hazırda Bakı ilə yanaşı, Moskvanın da maraqlarına uyğun deyil.

Bəs Overçuku Bakıya gətirən səbəb nədir?

Birincisi, qrafikin hazırlanması zamanı tarixlərin dəqiqləşdirilməsi ola bilər;

İkincisi, imzalanması mümkün olan sənədin-bəyannamənin mətni razılaşdırılır;

Üçüncüsü, kommunikasiyanın açılmasında Bakı üçün prioritet olan Zəngəzur dəhlizi ilə bağlıdır;

İlk iki səbəb üçün Overçukun Bakıya gəlişinə ehtiyac yoxdur, bu baxımdan, üçüncü səbəb daha aktualdır. Görüşdən iki gün öncə Putin kommunikasiyanın açılması prosesində əsas məsul şəxsini Əliyevlə görüşə göndərirsə, bu, məhz Azərbaycanla hansısa məsələləri dəqiqləşdirmələrə ehtiyac olması deməkdir”.

POLİTOLOQ ASİF NƏRİMANLI: SƏRHƏDDƏ TƏXRİBATLAR GÖZLƏNİLƏN İDİ

Asif Nərimanlı əlavə edib ki, rəsmi İrəvanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi, eləcə də Paşinyanın son açıqlamaları o versiyanı önə çıxarır ki, Azərbaycanın Naxçıvanla əlaqəsini yaradacaq nəqliyyat xəttində Ermənistanın istəkləri nəzərə alınıb və ruslar Bakıda bunu müzakirə edirlər: “Bu az ehtimaldır, çünki məsələnin bu formada müzakirəsi əlavə problemlərə yol açacaq:

– 10 noyabr üçtərəfli razılaşmasının kommunikasiyaların açılması üzrə bəndi pozulacaq və məsələnin yenidən nəzərdən keçirilməsinə zəmin yaranacaq;

– Bakı eyni şərtlərin – İrəvanın Zəngəzur dəhlizində yaratmaq istədiyi gömrük nəzarətinin Laçın dəhlizində də tətbiq edilməsini tələb edəcək;

– Rusiyanın bölgənin gələcəyi üzərində razılaşdığı Türkiyə də buna qarşı çıxacaq;

Nəticə etibarilə proses uzanacaq və bu, Moskvanın bölgədəki maraqlarına uyğun görünmür. Bu baxımdan, Putinin nümayəndəsini Soçi görüşündən iki gün öncə Bakıya gətirən səbəb açıq olaraq qalır. Overçuk Əliyevlə görüşdən sonra İrəvana gedəcəksə, bu, proseslərə bir qədər aydınlıq gətirə bilər. Və məqsədin kommunikasiyanın açılması qrafiki üzrə sənədin-bəyannamənin razılaşdırılması olduğu versiyasını gücləndirər”.

Politoloq Elxan Şahinoğlu da KONKRET.az-a açıqlamasında bildirib ki, Soçi görüşündə müzakirə ediləcək əsas mövzu Zəngəzur dəhlizi və ya kommunikasiya xətlərinin açılması, o cümlədən sərhədlərin müəyyənləşməsi ilə bağlı üçtərəfli komissiyanın yaradılmasıdır: “Məhz bu məqsədlə Kreml sahibi Rusiya baş nazirinin müavini Aleksey Overçuku Bakıya göndərib. Overçuk Rusiya-Azərbaycan-Ermənistan üçətərəfli komissiyasında ölkəsini təmsil edir. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 24-də Aleksey Overçukla görüşdə Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyətini, ticarət dövriyyəsinin artırılmasını, qarşılıqlı sərmayə qoyuluşu məsələlərini müzakirə edib. Görüşdə o da qeyd olunub ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının tezliklə açılması bölgədə sabitliyə və iqtisadi inkişafa öz töhfəsinin verəcək”.

Oxu.az - Elxan Şahinoğlu: “Ermənilərlə toqquşma olacaq, ordumuz antiterror əməliyyatı keçirəcək” - VİDEO

Politoloqun sözlərinə görə, Aleksey Overçuk il ərzində iki dəfə İrəvanda olub: “Overçukun Bakıda və İrəvanda müzakirə etdiyi əsas mövzu regional kommunikasiya xətlərinin açılması olub. Aleksey Overçuk dəhliz ifadəsi işlətmir. O son açıqlamasında erməni rəsmiləri kimi belə bir ifadə səsləndirib: “Bütün kommunikasiya xətləri ölkələrin ərazi bütövlüyünə hörmət edilərək çəkilməlidir”. Overçuk dəhliz əvəzinə “kommunikasiya xətləri” ifadəsini işlətdikdə və Ermənistanın Zəngəzurdan keçən dəmir və avtomobil yoluna nəzarət etməsi gərəkliyini dedikdə bununla bağlı Rusiya prezidentinin təlimatını yerinə yetirir. Əgər Ermənistan Kremlin dəstəyi ilə Zəngəzur dəhlizindən keçəcək nəqliyyat yollarına nəzarət etmək istəyirsə, biz də Moskva qarşısında Laçın dəhlizinin Azərbaycan sərhədçiləri və gömrük xidməti tərəfindən nəzarətə götürülməsi məsələsini qaldırmalıyıq. Bu da bizim təbii haqqımızdır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*