Putin Paşinyana hansı təlimatları verdi: Nikol Arutyunyanı yanına çağırmalı oldu, çünki…backend

Putin Paşinyana hansı təlimatları verdi: Nikol Arutyunyanı yanına çağırmalı oldu, çünki...

Rusiya prezidenti Vladimir Putinin dostu Robert Koçaryan hələlik “ehtiyat oyunçular skamyası”na oturduldu; Kremldən ilkin razılıq qopara bilən baş nazir Nikol Paşinyanın gələcək taleyi isə seçki ərəfəsində aldığı təlimatları necə icra edəcəyindən asılı olacaq…

Ermənistanda növbədənkənar parlament seçkiləri artıq başlayıb. Ancaq bu, hələlik qeyri-rəsmi xarakter daşıyır. Siyasi rəqiblər seçki qələbəsinə nail olmaq üçün müxtəlif manevrlər etməyə çalışırlar.

Onu da qeyd edək ki, seçki prosesi hazırda Ermənistan ərazisində cərəyan etmir. Bu prosesin daha çox Rusiya paytaxtında aktual olduğu müşahidə edilir. Və bu, növbəti dəfə Ermənistanın normal dövlət olmadığını təsdiqləyir.

Ermənistanın hakim və müxalif siyasi dairələri hər şeyi Kremlin öhdəsinə buraxıblar. Hər iki düşərgə seçkini əvvəlcə Kremlin divarları içərisində udmağa çalışırlar. Sonra Ermənistan seçicilərinə Kremlin seçdiyinə səs vetdirilməsi elə də ciddi problem olmayacaq.

Əslində, belə vəziyyət Rusiya üçün də müəyyən önəmli suallar ortaya çıxarmaqdadır. Düzdür, Kremlin Ermənistanda hakimiyyəti formalaşdırmaq təcrübəsi kifayət qədərdir. Çünki Ermənistanın formal müstəqilliyi dönəmində bu ölkənin siyasi rəhbərliyi məhz Moskvada müəyyən edilib.

Ancaq yalnız bir dəfə – 2018-ci ildə keçirilmiş sonuncu parlament seçkilərində bu proses Rusiyanın nəzarətindən çıxarılmışdı. Hakimiyyətə ABŞ və Qərbin dəstəklədiyi siyasi qüvvələr sahiblənə bilmişdilər. Ağ Evdə ümid edirdilər ki, “Soros” Fondunun iqtidara gətirdiyi Paşinyan hakimiyyəti sayəsində Ermənistanı Rusiyanın vassallığından çıxartmaq mümkün olacaq. Əslində, başlanğıcda hər şey elə ABŞ-ın istədiyi kimi gedirdi. Paşinyan hakimiyyəti Rusiya əleyhinə siyasi kursla Ermənistanı ABŞ və Qərbə doğru sürükləməyə çalışırdı.

Ancaq sonra hər şey tərsinə çevirildi. Azərbaycan Ermənistan üzərində tarixi hərbi zəfər qazanmaqla, Paşinyan hakimiyyətini siyasi böhrana düçar etdi. Nəticədə, ölkədaxili mövqeləri ciddi şəkildə sarsılmış Paşinyan hakimiyyəti Rusiyadan asılı vəziyyətə düşdü.

İndi Ermənistanın ipləri yenidən Rusiyanın əlinə keçib. Amma Kreml üçün prinsipial seçim etmək o qədər də asan deyil. Belə ki, bir tərəfdə Rusiyanın yerli siyasi xidmətçiləri olan, amma Ermənistan cəmiyyətində rəğbət bəslənilməyən Qarabağ klanı və onun əsas lideri, keçmiş prezident Robert Koçaryan var. Digər tərəfdəsə, ABŞ-ın “Soros” Fondunun siyasi məhsulu olsa da, hazırda tam şəkildə Rusiyadan asılı vəziyyətə düşmüş Paşinyan hakimiyyəti dayanıb.

Yəni, Kreml Ermənistanın idarəçiliyini məhz bu iki rəqib siyasi qüvvədən birisinə həvalə etməlidir. Halbuki, bu seçim o qədər də sadə deyil. Çünki Cənubi Qafqazda maraqlarına daha effektiv xidmət edəcək Ermənistan Rusiya üçün böyük önəm daşıyır. Koçaryan klanı Rusiyaya nə qədər sədaqətli olsa da, Kremlin regional maraqlarını təhlükəyə də ata bilər. Çünki bu cinayətkar qruplaşma Ermənistanın həm daxilində, həm də xaricində artıq ciddiyə alınmır.

Paşinyan hakimiyyətinə gəldikdə isə Kreml bu siyasi qüvvəyə güvənmək məsələsində tərəddüdləri aşa bilmir. Əvvəlcə Rusiyaya qarşı çıxmış, ardınca çətin məqamda ABŞ və Qərbə də xəyanət etmiş Paşinyan hakimiyyətinin nə vaxtsa yenidən Rusiyaya arxa çevirməyəcəyinə qətiyyən təminat yoxdur. Və Rusiya bu dəfə səhvə yol vermək istəmir.

Ona görə də, Rusiya prezidenti Vladimir Putin hər iki tərəf ilə birbaşa görüşüb, daha sonra qərar verməyi üstün tutdu. Əvvəlcə, öz dostu Robert Koçaryan ilə onlayn rejimdə bir saat söhbət etdi. Düzdür, Kreml bu görüşü gizli saxlamağa çalışırdı. Ancaq məlumat hansısa səbəbdən ictimailəşdirildi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu görüşü sadəcə, onların dostluq münasibətləri ilə izah etməklə kifayətləndi.

Ancaq daha sonra R.Koçaryanın Rusiya telekanalına çıxarılması bir çox məqamların aydınlaşmasına səbəb oldu. Birincisi, prezident V.Putinin öz cinayətkar dostuna hakimiyyətə qayıdış təminatı vermədiyi dəqiqləşdi. Ancaq onun açıqlamalarından vəziyyəti düzəltmək cəhdləri də diqqətindən yayınmadı. Hər halda, R.Koçaryanın açıqlamasında reallığa yaxınlaşma meylləri hiss olunurdu: “Ermənistan ordusu indi elə bir vəziyyətdədir ki, hər hansı bir ağlı başında olan insan revanş haqqında düşünməz. Vəziyyətə bu cür baxmaq lazımdır – münaqişəyə son qoymaq istəyiriksə, ədalətli həll yolu tapmalıyıq”.

Təbii ki, bu, məhz Rusiyanın diqqətinə təklif olunan mövqe idi. R.Koçaryan hakimiyyətə gətiriləcəyi təqdirdə, yenidən savaş ritorikasına qayıtmayacağının təminatını verirdi. Yəni, Kremlin icazəsi olmayan hər hansı addımı atmayacağına əmin etməyə çalışırdı.

Digər tərəfdən, öz əsas rəqibinin – baş nazir Nikol Paşinyanın da avantürist olduğunu, onun hər an düşünülməmiş addımlar ata biləcəyini qabardırdı:

“Paşinyan hakimiyyətə gəldikdən sonra “DQR”in iştirakı olmadan danışıqların aparıla bilməyəcəyi düsturunu irəli sürüldü. Sonra “Qarabağ Ermənistandır” deyildi və bununla da hər şey bitdi”.

Göründüyü kimi, R.Koçaryan bu açıqlama ilə həm Kremli, həm də Ermənistan cəmiyyətini baş nazir Nikol Paşinyanın hakimiyyətdə qalmasının təhlükəli olduğuna inandırmağa çalışır. Ardınca isə baş nazir Nikol Paşinyanın necə qəliz situasiya yaratdığını qabartmaqla yanaşı, hakimiyyətə gələcəyi təqdirdə, çıxış yolu tapa biləcəyi barədə erməni seçicilərdə ümid yaratmağa çalışır: “Qarabağ məsələsində hər şey itirilməyib. Danışıqlarda DQMV-yə daxil olan əraziləri müzakirə etmək imkanları hələ də var. Status məsələsinin müzakirəsinə gəldikdəsə, bu, çox çətin olacaq. Amma bu məsələdə də bəzi imkanlar açıla bilər”.

Belə anlaşılır ki, R.Koçaryan Kremldən birmənalı “yox” cavabı almayıb, ancaq ona ümid də verməyiblər. Yəni, onu hələlik “ehtiyat oyunçular skamyası”na oturdublar. Və bu, həm də baş nazir Nikol Paşinyana qarşı xəbərdarlıq mesajı anlamına gəlir. Əgər, Kreml onun davranışlarından narazı qalarsa, oyunun gedişində R.Koçaryan üzərindən dəyişiklik variantı ehtiyatda saxlanılır.

Maraqlıdır ki, prezident V.Putinin erməni baş nazirlə görüşündə baş verənlər də bu ehtimalları doğruldur. Belə ki, üç saatdan çox davam edən həmin görüşdə əsasən, N.Paşinyan danışıb, V.Putin isə dinləyib. Yəni, erməni baş nazir müəyyən mənada, Kreml sahibinə imtahan verib.

O, prezident V.Putindən çoxlu sayda xahişlər edib. Bu, olduqca hiyləgər davranışdır. Bir tərəfdən, həmin xahişlər ilə prezident V.Putinə Ermənistanın gələcək taleyinin məhz Rusiya ilə bağlı olduğunu düşündüyünü çatdırmağa çalışdı. Digər tərəfdən isə Ermənistan əhalisinə ölkənin əsas problemlərini dəqiq bildiyini və onların həlli üçün israrlı olduğunu mesajını verdi.

Ermənistan baş nazirinin geri döndükdən sonra verdiyi açıqlama da bəzi məqamlara aydınlıq gətirdi: “Rusiya prezidenti Vladimir Putinlə danışıqlar gərgin və məhsuldar keçib. Onunla bir çox məsələni müzakirə etdik. Heç bir sənəd imzalanmamasına baxmayaraq, görüş səmərəli keçdi. İmzalanmış müqavilələrin reallaşdırılması kimi bir çox razılaşmanı müzakirə etdik”.

Erməni baş nazirin dediklərindən də anlaşılır ki, prezident V.Putin onu dinlədikdən sonra Rusiyanın maraqlarını izah edib. Kreml sahibi erməni baş nazirə Moskvada imzalanmış iki üçtərəfli anlaşmanın icrası ilə bağlı konkret təlimatlar verib və onun hakimiyyətdə qalmasının məhz bundan asılı ola biləcəyini anladıb.

Baş nazir Nikol Paşinyanın Moskvadan dönər-dönməz məhz dərhal separatçıların rəhbəri Araik Arutyunyanı yanına çağırması da bu versiyanın inandırıcı olduğunu göstərir. Böyük ehtimalla baş nazir Nikol Paşinyan separaçıya Kremlin üçtərəfli anlaşmaların icrasının vacibliyi ilə bağlı mövqeyini və təlimatlarını çatdırıb.

Bu baxımdan, erməni separatçılarının davranışlarında da yaxın günlərdə müəyyən dəyişikliklərin ola biləcəyi qətiyyən istisna deyil. Hər halda, separatçıların rəsmi Bakını qıcıqlandıran və Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaradan addımlardan imtina edəcəkləri istisna olmaya bilər.

Əgər, bütün bunlar doğrudursa, onda hesab etmək olar ki, baş nazir Nikol Paşinyan Moskvada öz hakimiyyətinin ömrünü uzatmaq üçün prezident V.Putindən müəyyən şərtlər daxilində ilkin razılıq ala bilib. İndi erməni baş nazirin gələcək taleyi böyük ehtimalla həmin şərtlərə seçki ərəfəsində necə əməl edəcəyindən asılı ola bilər./musavat.com/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*