Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın keçmiş prezidenti Donald Tramp arasında təxminən iki saat davam edən telefon danışığı baş tutub. Danışıqlardan dərhal sonra Vladimir Putin jurnalistlər qarşısına çıxaraq vacib bəyanatlar verib.
KONKRET.az xəbər verir ki, Putin telefon danışığını “açıq və məzmunlu” kimi dəyərləndirib. Onun sözlərinə görə, Tramp söhbət zamanı atəşkəs məsələsinə xüsusi diqqət yetirib və Rusiyanın Ukraynada davam edən müharibənin sülh yolu ilə həllində maraqlı olduğunu vurğulayıb.
Putin bildirib ki, Rusiya döyüş əməliyyatlarının dayandırılmasının tərəfdarıdır, lakin bu istiqamətdə irəliləyiş əldə etmək üçün konkret və effektiv addımların atılması vacibdir. O, əlavə edib ki, Moskva Ukrayna ilə atəşkəsi də özündə əks etdirən bir memorandum üzərində işləməyə hazırdır.
“Rusiya və Ukrayna elə kompromislər tapmalıdırlar ki, bu, bütün tərəfləri qane etsin. Danışıqların əsas məqsədi də məhz qarşılıqlı qəbul edilə biləcək həll yolları tapmaqdır”, – deyə Rusiya lideri qeyd edib.
Putin, həmçinin bildirib ki, Tramp Rusiyanın sülhə açıq olduğunu qəbul edib və öz növbəsində münaqişənin diplomatik yollarla həllini dəstəklədiyini ifadə edib.
Sonda Prezidentin mətbuat katibi Dmitri Peskov və ya xarici siyasət müşaviri Yuri Uşakovun yaxın zamanda danışıqların detalları ilə bağlı əlavə açıqlama verəcəkləri bildirilib.
Natiq Səlim,
KONKRET.az