Son günlər Rusiya mətbuatında və sosial şəbəkələrdə yayılan məlumatlara görə, Moskvadakı bəzi tikinti şirkətlərində çalışan Azərbaycan vətəndaşları yataqxanalardan çıxarılmağa başlanılıb. Məsələ ictimaiyyət arasında narahatlıq doğurub.
KONKRET.az-a danışan siyasi analitik Cavanşir Abbaslı bildirib ki, bu cür xəbərlər Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyin fonunda yayılmaqdadır:
Cavanşir Abbaslı
“Yayılan xəbərlər arasında dezinformasiyalar da ola bilər. Amma məlumdur ki, son günlər münasibətlərdə açıq şəkildə gərginlik müşahidə olunur. Rusiya tərəfdən nümayəndə heyətinin hazırda Bakıda olması təsadüfi deyil. Bu heyət Prezident Vladimir Putin tərəfindən göndərilib və əsas məqsəd Yekaterinburqda baş verən məlum hadisədən sonra yaranmış gərginliyin aradan qaldırılmasıdır.”
Analitik vurğulayıb ki, Azərbaycan dövləti Rusiyada yaşayan soydaşlarının təhlükəsizliyinə xüsusi həssaslıqla yanaşır:
“28 iyunda baş verən hadisədən sonra bütün dünya Azərbaycan dövlətinin öz vətəndaşlarına necə sahib çıxdığını gördü. Bu siyasət bundan sonra da davam edəcək. Harada yaşamasından asılı olmayaraq, hər bir vətəndaşımıza qarşı zorakılıq və təzyiqlərə qarşı dövlətimiz öz sözünü deyəcək.”
Cavanşir Abbaslı, həmçinin Rusiya Prezidenti Vladimir Putinin imzaladığı, ölkə vətəndaşı olmayan şəxslərin Rusiya ordusunda xidmət edə bilməsi ilə bağlı sərəncama da münasibət bildirib:
“Bu qərar da narahatlıq doğurub. Sosial şəbəkələrdə bəzi istifadəçilər bunun Azərbaycan vətəndaşlarına qarşı yönəldiyini düşünür. Amma bu yanaşma yanlışdır. Çünki Rusiyada yalnız azərbaycanlılar yox, müxtəlif millətlərdən milyonlarla miqrant yaşayır. Qərar təkcə azərbaycanlılara yox, ümumi əcnəbilərə şamil olunur. Ona görə də narahat olmağa əsas yoxdur.”
Aynurə İsmayıl
KONKRET.az