Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə qoşulması Rusiyada hələ də müzakirə edilir. Ermənistanın müttəfiqinə qarşı yönələn Roma Əsasnaməsinin qəbul edilməsi rəsmi Moskvada qıcıq yaradır.
“Ermənistan parlamenti Rusiya ilə müttəfiqlik münasibətləri ilə bağlı riskləri qiymətləndirməlidir”.
KONKRET.az xəbər verir ki, bunu Federasiya Şurasının sədr müavini Yuri Vorobyov iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın iclası zamanı bildirib. Vorobyov qeyd edib ki, Ermənistanın Roma Statutuna mümkün qoşulması faktiki olaraq İrəvanın Haaqa Tribunalının bütün işlər üzrə yurisdiksiyasını tanıması demək olacaq.
“Biz güman edirik ki, erməni tərəfdaşlarımızın bu addımı anti-Rusiya məzmunu daşımır. Amma praktikada bu, Rusiya-Ermənistan münasibətlərinə ciddi ziyan vurur. Biz müttəfiqlərimizi Roma Əsasnaməsinə qoşulmağın nəticələrini bir daha diqqətlə öyrənməyə və Rusiya ilə müttəfiqlik münasibətləri üçün mümkün riskləri qiymətləndirməyə çağırırıq” – deyə Federasiya Şurasının vitse-prezidenti bildirib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, BCM prokuroru yalnız Qərbin sifarişlərini yerinə yetirir.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsi ilə bağlı qərar çıxarıb. Əgər Rusiya prezidenti BCM-nin Roma Əsasnaməsinə qoşulan dövlətlərdən hər hansı birinə səfər edərsə, qeyd-şərtsiz həbs edilməlidir.
Rusiyanın ən yaxın müttəfiqi Ermənistan da BCM-nin Roma Əsasnaməsinə qoşulduğundan Putinin Ermənistan ərazisində həbs edilmək təhlükəsi var.
Vəli Həsənov,
KONKRET.az