Qabil Hüseynli: ”Zəngəzur məsələsi həll olunub və gələn ildən dəhlizdə işlər yekunlaşacaq”backend

Qabil Hüseynli: ”Zəngəzur məsələsi həll olunub və gələn ildən dəhlizdə işlər yekunlaşacaq”

Cənubi Qafqazda baş verən geosiyasi dəyişiklilər siyasi reallıqları dəyişib. Ermənistan ətrafında cərəyan edən bu reallıqlar erməni cəmiyyəti üçün nə qədər ağrılı olsa da, onlar bununla barışmalı və Azərbaycanın təkliflərini qəbul etməlidirlər. Azərbaycanın Ermənisan qarşısında qoyduğu tələblər çoxdur və onlar da geniş müzakirə olunur. Ümumiyyətlə son günlər Ermənistanın siyasi elitasında aparılan müzakirələr erməni cəmiyyətinin miskin durumundan xəbər verir.

Bəs onlar nədən narahatdırlar? Bununla bağlı  KONKRET.azn suallarını cavablandıran politoloq Qabil Hüseynli bir sıra məsələlərə toxundu.

 -Qabil müəllim, Ermənistanda gedən müzakirələrdən yəqin xəbərdarsınız. Nə baş verir?

– Bəli, izləyirəm. Erməni cəmiyyəti əməlli-başlı əziyyət çəkir. Açıq demək lazımdır ki, Ermənistan açıq-aşkar Azərbaycandan qorxur. Onlar Azərbaycan ordusunun resurslarını, potensialını və İlham Əliyevin  qətiyyətini bilirlər. Xarici dövlətlər Ermənistana nə qədər kömək eləsə də, onlara ən azı 10 il lazımdır ki, dağılan ordularını qurub başa çatdırsınlar.

– Azərbaycan Prezidenti İlham Əliyev son müsahibəsində Qərbi Azərbaycana qaydacaq 300 min əhalidən danışdı. Ermənistanda Azərbaycan liderinin bu sözləri möhkəm narahatlıq yaradıb?

-Ermənilər haqlı olaraq narahatlıq keçirir. Azərbaycanın Qarabağ bölgəsindən 70 min erməni gedib. Amma 1980-ci illərin sonunda Ermənistandan təxminən 300 minə qədər Azərbaycanlı deportasiya edilib. İndi onların geri qaytarılması beynəlxalq konvensiyalara görə labüddür. Gec-tez bu adamlar öz yaşadıqları ərazilərə qayıtmalıdırlar. Azərbaycanlıların qayıtmaq istədikləri ərazilərin çoxu hazırda boşdur. Oralarda bir dənə də olsun erməni yaşamır. Göyçə, Dərələyəz, Zəngəzurun əksər kəndləri boşdur və öz sahiblərini gözləyir. Həmin ərazilərdən çıxarılan əhalinin əksəriyyəti öz torpaqlarına qayıtmaq istəyir. Bunlar kənd camaatıdır, əkin-biçinə öyrəşən adamlardır və ona görə geri qayıtmaq istəyirlər. Ermənilər bizim inadımızı və istəyimizi yaxşı bildiyindən qorxmağa başlayıblar. Doğurdan da onların bununla bağlı həyəcan keçirməyə haqları var. Yaxın vaxtlarda 300 min azərbaycanlı öz tarixi torpaqlarına qayıdacaq.

-Ötən il də Ermənistan sülh müqaviləsindən yayındı.  Gələn ildən gözləntiləriniz nədir?

-Hesab edirəm ki, gələn il baş tutacaq. Sərhədlərin təxminən 10 km-i delimitasiya edilib. Qazaxın 3 kəndi geri qaytarılıb. Bir sıra yerlərdə görüşlər baş tutub. Elə güman edirəm ki, bu proses gələn il yekunlaşmalıdır.

-Axı Ermənistan öz Konstitusiyasında dəyişiklik etməsə sülh müqaviləsi baş tuta bilməz. Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası öz əksini tapıb. Bunlar aradan götürülməlidir.

-Bu, mürəkkəb məsələdir. Düzdür, belə fundamental məsələlər referendum yolu ilə həll olunur. Ona görə bir qədər də gözləməli olacağıq. Amma nəzərə almalıyıq ki, qarşımızdakı düşməndir və ona etibar etmək olmaz. Ya müharibə etməliyik, ya da məsələni dinc yolla həll etmək üçün mümkün olan şanslara əl atmalıyıq.

– Ötən həftə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirdi ki, Zəngəzur dəhlizi məsələsi Ermənistanın gündəmində deyil və bu mövzu birdəfəlik qapanıb. Doğurdanmı Qriqoryan hesab edir ki, Zəngəzur dəhlizi açılamayacaq?

Zəngəzur məsələsi artıq həll olunub. Bu işin başında Rusiya ilə ABŞ durur. Qriqoryanın bəyanatı daxili auditoryaya hesablanıb. Ermənistanda başa düşürlər ki, Zəngəzurdan keçən dəmir yol xətti Azərbaycan üçün deyil, bu xətt beynəlxalq aləmi birləşdirir. Dünyanın logistika arteryasında mühüm rol oynayacaq. Ona görə ABŞ bu işdə maraqlıdır. Hər halda  ermənilərin razılığı tələb olunmadan  məsələ öz həllini tapıb. Bildiyimə görə Paşinyan artıq buna razılıq da verib və gələn ildən Zəngəzur dəhlizində işlər yekunlaşacaq.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*