“Azərbaycanda pensiya sistemi yenidən təşkil olunmalıdır. “Əmək pensiyaları haqqında” qanun yenidən işlənməli, yığım əsaslı pensiya modelinə keçid formalaşdırılmalıdır. Eyni zamanda pensiya kapitalının hesablanma mexanizmi tamamilə dəyişdirilməli və bu sistem aydın və gözlənilən olmalıdır”.
Bu fikirləri iqtisadçı Rəşad Həsənov KONKRET.az-a açıqlamasında bildirib.
“Pensiya yaş həddi məsələsi isə ölkədəki orta ömür uzunluğu ilə uzlaşdırılmalıdır. Statistik göstəricilər əsasında demək mümkündür ki, pensiya yaş hədləri aşağı salınmalıdır. Xüsusilə, qadınlara münasibətdə pensiya yaşının təyinində doğulmuş uşaq sayı nəzərə alınmalı və bu, demoqrafik siyasətin təşviqi baxımından əsas götürülməlidir. Belə ki, hər bir uşaq üçün pensiya yaşının 1 il azaldılması qanunla təsbit olunmalıdır. Bütövlükdə, qadınlar üçün pensiya yaşının 61, kişilər üçün isə 63 yaş olaraq müəyyənləşdirilməsi daha ədalətli və əlçatan pensiya sisteminin formalaşdırılması baxımından məqsədəuyğun olar”.
İqtisadçı qeyd edir ki, bununla yanaşı, pensiya sistemində varislik hüququ da tanınmalıdır. Belə bir yanaşma pensiya sisteminə inamı artıracaq, formal əmək münasibətlərinin təşviqinə töhfə verəcək və sosial ədalətin təmininə xidmət edəcək.
“Güzəştli şərtlərlə əmək pensiyalarının təyinatı qaydaları təkmilləşdirilməli, eyni zamanda illik indeksləşdirmə siyasətində proqressiv yanaşma tətbiq olunmalıdır. Çünki inflyasiyadan ən çox zərər çəkən sosial qrup aşağı gəlirli təbəqədir. Praktik müşahidələr göstərir ki, inflyasiya göstəricisi aşağı gəlirlilər üçün daha yüksək, yüksək gəlirlilər üçün isə daha aşağı faizlərlə hiss olunur.
Bu baxımdan, pensiyaların indeksləşdirilməsində diferensial yanaşma tətbiq olunmalıdır: aşağı pensiyalar daha yüksək, yüksək pensiyalar isə daha aşağı faizlərlə indeksləşdirilməlidir. Beləliklə, əhalinin ahıllıq dövründə yoxsullaşma riskini azaltmaq və gəlirlərin ədalətli bölüşdürülməsi prinsipini təmin etmək mümkün olar”.
Aynurə İsmayıl
KONKRET.az