“Heydər Əliyev gənclərə böyük diqqət və qayğı göstərir, onların hərtərəfli inkişafını prioritet kimi görürdü” – ÖZƏLbackend

“Heydər Əliyev gənclərə böyük diqqət və qayğı göstərir, onların hərtərəfli inkişafını prioritet kimi görürdü" - ÖZƏL

Hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi önəmli yer tutur. Dövlətin və cəmiyyətin gələcəyini isə indiki uşaqlar və gənclər müəyyən edir. Bu mənada gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsi onların gələcəkdə cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır. Müstəqillik qazandığı ilk gündən dövlətimiz bu sahəyə xüsusi diqqət və qayğı göstərib. Son illər bu diqqət və qayğı daha da artıb. Yeni məktəblərin tikintisi və təmiri, idman infrastrukturunun yenilənməsi, stadionların və olimpiya komplekslərinin inşası və sair görülən işləri buna misal çəkmək olar.

Mövzunu KONKRET.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, gənclərin vətənpərvər ruhda böyüməsi, dövlətinə və millətinə xeyirli vətəndaş kimi yetişməsi, pis vərdişlərdən uzaqlaşması gənclər siyasətinin mühüm tərkib hissəsidir: “Ötən müddət ərzində Azərbaycanda bu istiqamətdə mühüm tədbirlər və layihələr həyata keçirilib. Lakin bu məsələlərə kompleks yanaşmaq, daha geniş miqyasda araşdırmaq, dünyada gedən çağırışlar və trendlər əsasında konsepsiya hazırlamaq lazımdır. Eyni zamanda gənclərimizin vətənə arxa olmasına və torpaq uğrunda savaşmaq üçün hazır dayanmasına heç bir şübhə olmamalıdır. Çünki Vətən Müharibəsindəki qələbəmizə görə məhz gənclərimizə borcluyuq. Həmin gənclər Prezident İlham Əliyevin hakimiyyəti illərində böyüyüb boya-başa çatan, vətənə sevgini öyrənən insanlardır. Məhz onlar Azərbaycanın qələbəsini dünya tarixinə həkk etdilər. Bu gün qələbəmizin tədqiqatı elmi-hərbi müəssisələrdə aparılır və digər hərbi əməliyyatlarda nümunə göstərilir. Bütün bunlar Azərbaycanın yazdığı şanlı tarixlə bağlıdır və burada gənclərimizin rolu danılmazdır”.

İlyas Hüseynov: “İranda 35 milyondan çox soydaşımız daim təqiblərə məruz qalır” | 1news.az | Xəbərlər

Mövzu ilə bağlı saytımıza açıqlama verən “İrəli” İctimai Birliyinin baş katibi İlqar Axundov bildirib ki, uşaq və gənclərin fiziki-mənəvi inkişafı həyatın bütün dövründə önəmli məsələlərdən hesab olunur: “Bu məsələlər onların sağlamlıq, özünəinam, sosial və mədəni münasibətlər kimi bir sıra amilləri özündə birləşdirir. Mənəvi və fiziki inkişafın təsirləri uşaq və gənclik dövründə olduqca böyükdür. Çünki fiziki inkişaf sağlam və aktiv həyatın əsas açarıdır. Sağlam və aktiv həyat tərzinə sahib gənclər öz inkişafı haqqında daha yaxşı düşüncəyə malik olur, bu istiqamətdə daim çalışır. Məsələyə mənəvi nöqteyi-nəzərdən baxsaq, bu inkişaf həm də onların hərtərəfli formalaşmasına, özü və digər insanlar arasında sağlam münasibətlər qurmasına yardımçı olur. Təsadüfi deyil ki, ölkəmizdə aparılan dövlət gənclər siyasətində də gənclərin fiziki və mənəvi inkişafına geniş yer verilir. Dövlət gənclər siyasətindən danışarkən Ulu Öndər Heydər Əliyevin adını xüsusilə qeyd etməliyik. O, öz fəaliyyəti dövründə hər bir zaman gənclərə böyük diqqət və qayğı göstərir, onların hərtərəfli inkişafını ölkənin prioritet istiqaməti olaraq görürdü. Ümummilli liderin “Gənclər bizim gələcəyimizdir” kəlamı da məhz bu sahənin inkişafını şərtləndirən əsas nişanələrdən biri idi”.

İlqar Axundovun sözlərinə görə, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində indiyədək bir sıra mühüm fərmanlar və sərəncamlar imzalanıb, dövlət proqramlarının icrası uğurla başa çatdırılıb: “Qəbul edilən normativ-hüquqi aktlar sırasında “Azərbaycan Gəncliyi” Dövlət Proqramı (2005-2009, 2011-2015, 2017-2021) və “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nı xüsusi olaraq qeyd edə bilərik. Belə ki, bu sənədlərdə gənclərin hərtərəfli inkişafı istiqamətində bir sıra prioritet istiqamətlər müəyyənləşdirilib ki, buna paytaxt və bölgələrdə gənclər üçün sosial xidmət müəssisələrinin yaradılması, il ərzində ölkəmizdə fəaliyyət göstərən dövlət qurumları və bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları tərəfindən mədəni-kütləvi tədbirlərin təşkili, habelə beynəlxalq arenada ölkəmizi təmsil edə biləcək rəqabətədavamlı gənclər şəbəkəsinin qurulması istiqamətində görülən işləri misal göstərə bilərik. Bütün bunların fonunda gənclər ölkədə bu istiqamətdə həyata keçirilən siyasətin dəstəklənməsində yaxından iştirak edir, sağlam və milli ruhda tərbiyə alaraq ümummilli məsələlərdə aktiv şəkildə fəaliyyət göstərir, “qalib gənc” ifadəsini mənimsəyərək istər ölkədaxili, istərsə də, ölkəmizin hüdudlarından kənarda uğurla təmsil olunur, öz milli adət-ənənələrinə sadiq qalaraq yeni çağırışlara hazır şəkildə formalaşır”.

Təşkilat rəsmisi əlavə edib ki, ölkəmizdə gənclərin sağlam, vətənpərvər, rəqabətədavamlı və milli ruhda inkişafını özünün əsas istiqaməti olaraq müəyyənləşdirən “İrəli” İctimai Birliyi də bu sahədə fəaliyyəti ilə dövlət gənclər siyasətinə töhfələr verir: “Qeyd etmək lazımdır ki, Birliyin təşkilatçılığı ilə indiyədək müxtəlif dövlət qurumları ilə birgə əməkdaşlıq çərçivəsində “Marş İrəli”, “Gənclər Kuboku: Hərb Oyunları”, “Azərbaycan İntellektual Birincisi”, “Support Azerbaijani Youth (SAY)” kimi silsilə layihələr, habelə hər il müxtəlif səviyyəli tədbirlərin icrası uğurla başa çatdırılıb. Həmçinin bu il Ümummilli liderin anadan olmasının 100-cü ildönümü, habelə “Heydər Əliyev İli” çərçivəsində “İrəli” İctimai Birliyi tərəfindən müxtəlif sahələr üzrə müsabiqə, konfrans, yarış və digər formatlarda layihələrin icrası nəzərdə tutulur”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*