Rusiya və Fransa prezidentlərinin Qarabağla bağlı açıqlamaları hələ də müzakirə mövzusudur. Təkcə Azərbaycanda və Ermənistanda deyil, region ölkələrində və bütün dünyanın siyasi mərkəzlərində bu bəyanatlar incələnir və ATƏT-in Minsk Qrupunun üç həmsədrindən ikisinin sanki qəfil belə bir bəyanatla çıxış etməsinin gerçək, pərdəarxası motivlərinin çözülməsinə cəhdlər olunur.
Əvvəlcə, bəyanatların məzmununa nəzər salaq. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dünən Rusiya telekanalına verdiyi müsahibədə deyib: “Beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ vəətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.
Eyni gündə Fransa Respublikasının Prezidenti Emmanuel Makron da eyni fikri təkrar edib.
Fransanın Qarabağa müdaxilə etməməsinin səbəbini soruşan erməninin sualına Prezident Makron belə cavab verib: “Beynəlxalq hüquqa görə Dağlıq Qarabağ və ona bitişik 7 rayon BMT tərəfindən tanınan Azərbaycan ərazisidir. Suveren bir dövlətin tələbi olmadan müdaxilə edilə bilməz”.
Vladimir Putinn Dağlıq Qarabağın statusu ilə bağlı suala Gürcüstanın Abxaziya və Osetiya bölgələrini Rusiyanın müstəqil beynəlxalq hüquqi subyekt kimi tanıması, Krımı ilhaq etməsi nümunələri kontekstində cavab verib.
Müsahibədə dəfələrlə: “Dağlıq Qarabağın müstəqilliyini hətta Ermənistan özü də tanımayıb” deyə xüsusi vurğulayıb. Bu da müəyyən şübhələrə yol açıb. Sanki ortada bir əsaslı müstəqillik bəyanı var, ancaq onu tanıyan yoxdur.
Belədə ehtimallar yaranır ki, Rusiya gələcəkdə Dağlıq Qarabağı ya Krım kimi ilhaq edəcəyinə, ya da ən yaxşı halda Abxaziya və Cənubi Osetiya kimi müstəqil subyekt kimi tanıya biləcəyinə işarə vurmuş olmurmu?
Və şübhələrimiz əsaslıdırsa, Rusiya Prezidentinin sözündən belə çıxır ki, hər iki halda ona Dağlıq Qarabağı əvvəlcə Ermənstanın tanıması lazımdır.
Yəni Ermənistan bu addımı atsa, geri dönüşü olmayan bir yola daxil olur: Türkiyəyə qarşı qondarma soyqırımını tanıtma kampaniyası ilə ABŞ, Fransa, İtaliya, Rusiya, Belçika, Niderland və sair kimi dövlətlərin əlinə Ankaraya təzyiq rıçaqı vermiş olduğu kimi, eyni şeyi Dağlıq Qarabağın “müstəqilliyinin” tanıdılması ilə dəəldə etmiş olacaqlar.
Bu dəfə həm Azərbaycana, həm Türkiyəyə qarşı. Belə bir siyasi gediş Ermənistanın regionda bir alət kimi qalmasına dəstək, Azərbaycanın güclənməsinə, Türkiyənin isə Qafqazda möhkəmlənməsinə maneə kimi düşünülə bilər.
Rusiya və Fransa, eləcə də, bu qəbildən başqa dövlətlər Ermənistanı yem olaraq istifadə edərək Türkiyəni Qafqazda tələyə salmaq niyyəti güdmüş ola bilərlər.
Onların əsas planı belə ola bilər: Dağlıq Qarabağın “müstəqilliyi”ni əvvəl Ermənstan özü tanısın, sonra bir sıra başqa ölkələrə (tutaq ki, Argentina, Uruqvay, Niderland, Kipr Respublikası, Yunanıstanın özü, hətta Belçika kimi ölkələrə) tanıtdırsın.
Bu müddətdə Azərbaycanın və Türkiyənin əks-gedişləri zondaj edilsin. Hətta mümkündür ki, ərəb dövlətlərindən, Mərkəzi Asiya ölkələri arasından da “tanıma” kampaniyasına kimlərisə qoşsunlar.
Bu zaman Azərbaycanın və onun ən yaxın, təbii müttəfiqi olan Türkiyənin mümkün qədər çox dövlətlə arasını vurmağı, onları təkləməyi düşünə bilərlər.
Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağdakı oyuncaq rejimi müstəqil tərəf kimi tanıyan dövlətlərlə (böyüklüyündən və kiçikliyindən asılı olmayaraq) əlaqələr kəsiləcək.
Eyni mövqeni Türkiyə də bəyan edib. Prezident Ərdoğan: “Dağlıq Qarabağ bizim “qırmızı xətt”imizdir” deyib.
Belə olduğu halda Makronun da, Putinin də Ermənistana və bütün dünya ermənilərinə verdiyi trivial mesaj budur: “Əvvəl Ermənistan tanısın, dünyada tanıtmağa başlasın. Rusiya, Fransa və sair kimi böyük dövlətlər də “fakt” qarşısında qalaraq öz mövqelərini dəqiqləşdirərlər.
Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır; Avropa enerji bazarında Azərbaycan da mühüm oyunçulardan biridir. Türkiyə də Azərbaycan enerji resurslarının Avropaya çatdırılmasında ən önəmli tranzit ölkədir. Azərbaycanın və Türkiyənin Avropa enerji bazarında zəifləməsi, mövqe itirməsi birinci növbədə Rusiyanın xeyrinədir. Bu iki qardaş ölkənin iqtisadi və geosiyasi problemləri isə Fransaya imkan verir ki, bölgəyə təsirini artıra və Ermənistanı xilas edə bilsin.
Baxın, Makron o məlum açıqlamanı “Fransanın Dağlıq Qarabağa müdaxilə etməməsi” ilə bağlı sualına cavabda verib. Yəni Ermənistan və bir sıra ölkələr “tanınma” qərarı versələr, Fransa da hansısa bir mərhələdə bu kampaniyaya qoşular və prosesə artıq suveren dövlət kimi tanıdığı Dağlıq Qarabağın rəhbərliyinin dəvəti ilə müdaxilə edə bilər.
Makronun mesajını belə çözmək olar. Ancaq bu plan varsa, plan reallaşdırılana qədər həm Rusiya, həm Fransa bölgədəki prosesə Azərbaycan tərəfin razılığı ilə qoşulmağa çalşacaq. O üzdən də Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini daim vurğulayacaqlar.
Minsk Prosesi çərçivəsində onlar daim Dağlıq Qarabağdakı separatçı seçkiləri tanımamaq, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək adı altında əslində Qarabağı Azərbaycanın tərkibindən çıxararaq “müstəqilləşdirmə” prosesini aparıblar. Elə Minsk Qrupunun təklif və ya tərtib etdiyi həll variantlarına baxsaq, bunu aydın görə bulərik.
Bunları göz önünə gətirəndə belə bir mənzərə alınır: böyük oyunçular Şuşa da daxil olmaqla Dağlıq Qarabağı və ona bitişik Laçın və Kəlbəcəri dünən Ermənistanın, yaxud Ermənstan vasitəsilə özlərinin yaratdıqları hərbi reallıqları nəzərə alaraq Azərbaycanın tərkibindən çıxarmağa çalışmışdılar. Azərbaycan Türkiyənin siyasi-mənəvi dəstəyi ilə bu planı pozdu.
Bu gün yenə Rusiya və Fransa eyni niyyətdədir, sadəcə, bu dəfə oxşar planı reallaşdırmaq üçün Azərbaycanın yaratmış olduğu hərbi-siyasi reallıqları nəzərə alaraq məsələyə başqa tərəfdən daxil olmağı seçiblər. Bu üzdən diplomatiyamız həmişəkindən daha ayıq olmaq zorundadır. Çünki bu dəfə böyük güclər bölgəyə “Troya atları” olaraq gəlməyə çalışacaqlar.
Son 28 ildəki danışıqlar, əlbəttə, bizim xeyrimizə olmayan yöndə gedib. Prezident İlham Əliyev də bunu açıqca deyib: bu illər ərzində diplomatiyamızın uğurları və uğursuzluqları haqda dəfələrlə və açıq danışıb.
Əlbəttə, danışıqlarda daim bizdən güzəşt istənilməsi və bəzi hallarda buna razılıq ifadə olunması da uğursuzluqlardandər. Ancaq isbata ehtiyacı olmayan bir böyük uğur var: Qarabağla bağlı Azərbaycanın əleyhinə olan heç bir yekun sənədə imza atılmayıb.
Əgər hər hansı belə bir sənədə – Qarabağı Azərbaycanın tərkibindən çıxarmağa yönəlik hansısa akta imza atılmış olsaydı, bu gün biz işğal olunmuş əraziləri hərbi yolla geri qaytara bilməzdik: əl-qolumuz bağlı olardı. Bu tələyə düşməmişik.
Bununla belə böyük güclər bizə yeni tələlər qurmaqda davam edir və edəcək. Hər halda Rusiyanın və Fransanın hətta xeyrimizə olan son bəyanatlarına da ehtiyatla yanaşmaq lazımdır.
Çünki hər geosiyasi xeyirdə mütləq bir şər var. Siyasət ən azı düşüncı kateqoriyası kimi göründüyündən daha dərindir. Dənizin dərinliklərə daha çox baş vurduğun zaman səndən yuxarıdakı su kütləsinin təzyiqi daha da artır. Hələ o ənginliklərdə pusquda gözləyən maneələri demirəm… (Azpolitika.info)
Bahəddin Həziyev