Fransanın Ermənistana hərbi-siyasi dəstəyi davam edir. Açıq-aşkar düşmən ölkənin müdafiəçisi rolunda çıxış edən Fransa Azərbaycana təzyiqlər etmək, ölkəmizi tutduğu mövqedən çəkindirmək üçün müxtəlif vasitələrdən istifadə edir. Ermənistanın “humanitar böhran” şousunun əsas dirijoru olan Fransa, eyni zamanda, BMT TŞ-də Ermənistanın dəstəkcisi idi.
Ermənistandan Qarabağa yüklərin daşınması üçün müxtəlif planlar hazırlayan və bununla da Azərbaycanı siyasi platformalarda şantaj edən Fransa Ermənistana hərbi dəstək də verir. Cənubi Qafqaza soxulmaq üçün ermənilərdən istifadə edən fransızların cəhdləri hələlik bir nəticə verməsə də, onların Ermənistana pensiyaya çıxmış polislərdən ibarət missiya göndərməsi bu siyasətin göstəricisidr. İndi Ermənistan vasitəsilə regiona can atan Fransa beynəlxalq sülhməramlı adıyla öz qoşusunu Qarabağa göndərməyə çalışır.
Azərbaycan isə Fransanın çirkin planlarından xəbərdardır və onların planına uyğun adekvat addımlar atılır. Ermənistanın “humanitar fəlakət” şousuna dəstək verən, “ermənilərin acından ölmələri” barədə dünyaya car çəkən Fransa Azərbaycana qarşı düşmənçilik siyasətini dayandırmır. Avqustun 26-da Laçının işğaldan azad edilməsi münasibətilə keçirilən şəhər gününə dəvət olunan diplomatik korpuslar arasında Fransanın ölkəmizdəki səfirliyi iştirak etməyib. Fransa Laçın günündə iştirakdan imtina etməklə yanaşı, digər ölkələrin də səfirlərinin Laçına getməsinə mane olmağa çalışıb. Bu sırada əsasən Avropa İttifaqına daxil olan ölkələrə təsir etmək istəyib. Amma diplomatlar Fransa səfirinin çağırışına məhəl qoymayıblar.
Bununla da Fransa Azərbaycana qarşı növbəti dəfə qərəzli mövqe nümayiş etdirib. Fransızların ölkəmizə qarşı hücumu bununla bitməyəcək. Neçə-neçə təxribat hazırlayan Fransa BMT TŞ-də Azərbaycana qarşı qətnamə çıxarılmasına ümidlidir. Azərbaycanı haqq yolundan döndərə bilməyən qüvvələr müxtəlif platformalarda ölkəmiz əleyhinə çirkin kampaniyalarını davam etdirsələr də, istəklərinə nail ola bilməyəcəklər. Azərbaycan özünün suveren ərazilərinə tam nəzarət edir və Qarabağ separatçıları da yaxın vaxtlarda ram ediləcək.
Vəli Həsənov,
KONKRET.az