“Qarabağ” Misli Premyer Liqasının 2024/2025 mövsümündə 50 qol vuran ilk komanda olmaqla yanaşı, son 21 mövsümün rekordunu da təkrarlayıb.
KONKRET.az xəbər verir ki, Ağdam klubunun yubiley topu XIX turun “Şamaxı” ilə ev matçına (3:2) təsadüf edib.
50-ci qol Cəlal Hüseynovun avtoqolu ilə gerçəkləşib.
50 qol üçün “Qarabağ”a 19 matç kifayət edib. Ağdam klubu 2 il əvvəl – 2022/2023 mövsümündə də 50-ci qolunu 19-cu oyununda vurub.
Ölkə çempionatları tarixində isə 10-cu dəfə bir komanda 50 qol səddinə 19 və ya daha az oyunda çatıb. Mütləq rekord 1996/1997 mövsümündə qeydə alınıb. “Neftçi” 50-ci qolunu 13-cü turda vurub. “Kəpəz” 15-ci (1995/1996) və 16-cı (1998/1999) oyununda “100”ü yarılayıb.