Qarabağa qayıdış proqramında xalqın dəstəyindən niyə istifadə olunmur? – MARAQLI NÜANSLARbackend

Qarabağa qayıdış proqramında xalqın dəstəyindən niyə istifadə olunmur? – MARAQLI NÜANSLAR

44 günlük İkinci Qarabağ müharibəsinin gətirdiyi şərəfli qələbə hesabına Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa elədi. Xalqımız 30 ilin məğlubiyyət acısından, utancdan və xəcalətdən qurtuldu.

Amma Möhtəşəm Qələbədən 1.6 il keçsə də hələ də 30 il həsrət qaldığımız yurd-yuvamıza qovuşa bilmirik. Bunun da iki səbəbi var.

Birinci səbəb ərazilərin minalardan tam təmizlənməməsidir.

İkinci səbəb 30 ildə erməni vandalları tərəfindən işğal olunmuş ərazilərdə hər şeyi məhv etmələri və heç bir kommunikasiyanın olmamasıdır.

Son il yarımda ölkə başçısının bilavasitə rəhbərliyi altında istər ərazilərin minalardan təmizlənməsi, istərsə də dağıdılmış kommunikasiyaların bərpası istiqamətində kifayət qədər iri miqyaslı işlər görülüb. Amma hər iki məsələ hələ də problem olaraq qalır. Bunun da bir sıra səbəbləri var. Əsas səbəbsə ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilərdə bütün layihələrin icrasını hökumət öz üzərinə götürüb.

Hökumətin bu nəcib təşəbbüsü bütün hallarda təqdirəlayiqdir. Lakin bu təşəbbüslər Böyük Qayıdışı xeyli ləngidir. Bəs nə etməli?

Təbii ki, müharibə dövründə olduğu kimi quruculuq dövründə də hökumət xalqın dəstəyinə arxalanmalıdır. Bu gün ölkənin məlum sosial çevrəsi var ki, işğaldan azad olunmuş ərazilərdə dövlətə çox böyük yardım edə bilər. Həm məskunlaşacaq insanların mənzil probleminin həllinə, həm də kommunikasiyaların bərpasına imkanlı iş adamları və ayrı-ayrı vətəndaşlar həvəslə qoşula bilər.

Fikrimin təsdiqi üçün hamının bildiyi bir həqiqəti yada salmaq istəyirəm. Son 20 ildə Abşeron yarımadasında onlarla yeni yaşayış məntəqələri salınıb. Və bu yaşayış məntəqələrinin tikintisində və sosial problemlərinin həllində hökumətin çox az rolu olub. Yeni salınan yaşayış məntəqələrində qaz, işıq, su və kanalizasiya xətlərini sakinlər özləri çəkib. Bəzi ərazilərdə hətta yolları da yerli sakinlər inşa edib. Adı çəkilən ərazilərin bəziləri o qədər abad və rifahdır ki, onlar paytaxtın istənilən abad ərazisi ilə bəhsə girə bilər. Yaxşı olardı ki, hökumət işğaldan azad olunmuş ərazilərdə məskunlaşma məsələsində xalqdan gələn təşəbbüsləri dəstəkləyərdi. Son vaxtlar tez-tez soydaşlarımızdan eşidirik ki, “qardaş, mən dövlətdən heç nə istəmirəm. İcazə versin gedim dədə-baba ocağında ev tikim, uşaqlarıma hər bir şərait yaradım”…

Gözəl və vətənpərvər təşəbbüsdür, deyilmi?

Gəlin açıq danışaq. İşğaldan azad olunmuş ərazilərdə hər xırda məsələnin həllinə dövlətin müdaxiləsi doğru deyil. Məsələn, yol kənarlarında yanacaqdoldurma məntəqələrinin, ticarət, iaşə obyektlərinin inşasını dövlətin üzərinə qoymaq nə dərəcədə düzgündür?! Hələ digər sosial xidmət obyektlərini demirəm…

Axı, avtoservislərin və yaxud digər xidmət obyektlərin inşasını dövlət nəyə görə öz üzərinə götürməlidir?! Əminliklə deyə bilərəm ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hazırladığı “ağıllı kənd”lərdə dediyim və sadalamadığım bir çox xırda xidmət sahələri öz təsdiqini tapmayıb. Çünki, xidmətlər daha çox yerli sosial sifarişdən yaranır.

Hansısa kənddə neçə bərbərxananın, çayxananın, kafenin və yaxud avtoyuma obyektinin olmasını dövlət qurumu heç vəchlə dəqiq bilə bilməz. Sadaladığım xidmət obyektlərinin fəaliyyətə başlaması yalnız və yalnız sosial ehtiyacdan yaranır. Fikrimin təsdiqi üçün bir faktı deyim.

Azərbaycan hökuməti son 25 ildə qaçqın və məcburi köçkünlər üçün onlarla qəsəbə salıb. Gedin həmin qəsəbələrə baxın. Kimisi öz həyətində çayxana, kimisi mağaza, kimisi aptek, kimi də avtoservis açıb. Halbuki, həmin qəsəbələr layihələndiriləndə dediyim xidmət sahələrinin heç biri nəzərə alınmayıb.
Üstəlik, xidmət sahələrinin inşasını dövlət vəsaiti hesabına aparılması da düzgün deyil. Lap elə olsa belə bu sosial ədalətsizlik yaradacaq. Tikilən ticarət və xidmət obyektləri kimlərə və hansı əsasla veriləcək?!.

Ən nəhayət nə vaxtsa həmin sosial obyektlərin özəlləşdirilməsi məsələsi ortaya çıxacaq. Bu da bir başqa problemdir.

Məskunlaşma probleminin ədalətli və şəffaf aparılması üçün daha bir təklif var. Yaxşı olardı ki, dədə-baba ocaqlarına qayıdacaq insanlara ev tikilib verilməsi ilə bərabər arzulayan insanlara maddi dəstək verilsin. Məsələn, geri qayıdacaq hər bir ailəyə ortalama 40-50 min manat verilsə həmin insanlar özləri üçün istədikləri şəraiti yarada bilərlər.
Bu hesaba da dövlətin yükü azalar. Məskunlaşma prosesi sürətlənər, şəffaflıq təmin olunar. Ən başlıcası insanların 30 illik həsrəti daha tez sonlanar.

Surxay Atakişiyev,

KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*