Şəmkirdə 27 yaşlı qazinin bıçaqlanmasının səbəbi məlum olub. Tərəflər sonradan barışıblar.
KONKRET.az xəbər verir ki, hadisə Şəmkirin Çinarlı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 1997-ci il təvəllüdlü Elmar İsmayılov Şəmkir rayon sakini Hüseyn Abbasov tərəfindən bıçaqlanıb. İlkin məlumata görə, tərəflər sərxoş halda mübahisə ediblər. 2003-cü il təvəllüdlü Hüseyn cibində olan bıçaqla Elmara xəsarət yetirib.
Qeyd edək ki, Elmar İsmayılov “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub, müharibə veteranıdır.
İlkin məlumata görə, mübahisəyə səbəb Hüseynin söhbət zamanı “44 günlük Vətən müharibəsi zamanı əldə olunmuş qələbədə qazi və veteranların heç bir əməyi olmayıb” deməsi olub. Bundan sonra onlar arasında kafedə başlayan mübahisə küçədə davam edib. Hüseyn sonda Elmara xəsarət yetirib.
Hüseyn ifadəsində özünü qismən təqsirli bilərək deyib ki, Elmarla daha əvvəl ədavətləri olmayıb. Hadisə baş verən gün tanışı Eltonun işlətdiyi kafedə olub:
“Elmar bir neçə nəfərlə kafeyə gəldi. Söhbət zamanı yanımızda olanlardan birindən veteranla qazi arasında fərq olub-olmadığını soruşdum. Veteran bizim dildə, qazi isə türk dilindədir deyə söhbət davam etdi. Həmin oğlan Elmardan veteran ilə qazinin fərqinin olub-olmadığını soruşan zaman Elmar əsəbiləşdi. Elmar sərxoş idi və əsəbiləşməyə başladı. Söyüş söyəndən sonra çölə çıxdıq. Elmar orda da söyüş söyməyə davam etdi. Dedi ki, onu vurmayanı söyüş söyüb. Mən də bıçağı çıxarıb onu vurdum. Yanımızda heç kim yox idi. Sonra bıçağı yola atıb evə getdim. Əməlimdən peşmanam və barışmışıq. Elmara dəymiş zərər də ödənilib”.
Zərərçəkmiş Elmar ifadəsində söyləyib ki, mübahisəyə səbəb Hüseynin sözləri olub:
“Kafedə oturmuşduq. Tanışlardan biri mənə “salam, qazi qardaş” dedi. Bu da qayıtdı ki, müharibədə qazilər heç nə etməyib. “Veteranlar, qazilər nə ediblər ki? Qarabağı alanlar xüsusi təyinatlılar olub” deməyə davam etdi. Mübahisə vaxtı məni bıçaqladı. Amma onun əlindəki bıçağı görmədim. Söhbət kafenin içərisində olub. Mən onu bağışlamışam”.
Hüseyn istintaq zamanı xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi ağır maddə ilə təqsirli bilinib. Amma məhkəmə hesab edib ki, təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin tərkibi yoxdur. Məhkəkmə onun əməlini daha yüngül maddəyə tövsüf edib. Belə ki, onun əməli Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif edilib.
Cinayət Məcəlləsinin 73.2-ci (zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir) maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilib və barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilib.
Musavat.com
bu nə axmaq başlıqdır….XTQ VƏ QAZİLƏRİMİZ ARASINDA FƏRQİ REKLAM EDİRSİNİZ? UTANDINIZMI, KONKRET?