Qarabağlı ermənilər 2025-ci il  parlament seçkilərində iştirak edəcəklərbackend

Qarabağlı ermənilər 2025-ci il  parlament seçkilərində iştirak edəcəklər

Surxay Atakişiyev

10 noyabr sülh anlaşmasından 25 gün keçir. Böyük qələbəmizin təsdiqləndiyi o gün 30 ildə itirdiyimiz torpaqlarla yanaşı, bir çox maddi və mənəvi dəyərlərimizi, milli sərvətlərimizi özümüzə qaytardı. Bir neçə ay əvvəl  xəyal kimi görünən Laçında, Şuşada olmaq arzularımız artıq adi həyat gerçəkliyidir. İndi isə Xankəndinin, Xocalının küçələrində gəzməyi, Əsgəran qalasına qalxmağı arzu edirik. Bu arzumuzun da reallaşacağı günün uzaq olmadığı artıq gün kimi aydındır. Bunun üçünsə mübarizliyimiz davam etməli, bəzi emosional addımlardan, hərəkətlərdən çəkinməliyik.  Bu, ən çox Dağlıq Qarabağda ermənilərlə birgə yaşamaq  reallığını qəbul etməyimizlə bağlıdır. Ağrılıdır, çətindir, eyni zamanda vacibdir. Çünki biz istəsək də, istəməsək də, buna özümüzü hazırlamalıyıq. Olub-keçənləri unutmada yeni reallıqlarla barışmalıyıq. Ən  azı müəyyən müddətə.

Bu gün keçmişin dərslərindən nəticə çıxarıb, gələcəyimizi daha sağlam təməllər üzərində qurmalıyıq. Bunun üçünsə əzəli və əbədi düşmənimiz olan  ermənilərə sabahkı od qonşumuz kimi də baxmalıyıq.

Artıq ermənilər Qarabağa qayıdır. Bir müddət sonra  xocalılılar, xocavəndlilər də doğma yurd-yuvalarına dönəcəklər. Beləcə biz ermənilərlə bir bayraq altında və bir dövlətin – Azərbaycanın qanunları ilə yaşayıb, keçinib gedəcəyik.

İndi hamını və hər kəsi bəzi suallar narahat edir. Məsələn, ermənilər Azərbaycanda hərbi xidmət keçəcəkmi? Pensiya ala biləcəkmi? Seçkilərdə iştirak edəcəkmi? Və sair…

Qeyd edim ki, Prezident İlham Əliyev bu suala ümumi şəkildə aydınlıq gətirib. Dövlət başçısı bildirib ki, Qarabağda yaşayan ermənilər digər Azərbaycan vətəndaşları kimi hüquqlara malik olacaq və onların yaşayıb-işləməsi üçün bir çox imkanlar yaradılacaq.

İndi gəlin baxaq görək biz Qarabağda yaşayan ermənilərə hansı hüquqları verəcəyik? Sualın cavabına keçməzdən əvvəl qeyd edim ki, artıq ölkəmizin suverenliyi və ərazi bütövlüyü təmin edildiyi üçün Qarabağda yaşayan ermənilər avtomatik olaraq Azərbaycan Respublikasının vətəndaşı statusu almış olurlar. Bu həqiqəti hələlik istər azərbaycanlılar, istərsə də ermənilər üçün qəbullanmaq bir qədər çətin olsa da, amma bu, bir reallıqdır.

Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edən hər bir erməni Konstitusiyamızın verdiyi bütün hüquqlardan faydalanacaqdır. Bunlar seçmək-seçilmək, təhsil almaq, əmək və digər hüquqlardır. Yəni artıq Xankəndində yaşayan vətəndaşımızın hüquqları Bakıda, Şəkidə yaşayan vətəndaşımızın hüquqları ilə eyniləşir. Bunun üçünsə Qarabağa qayıdan və burda yaşayan ermənilərin birinci vəzifəsi Azərbaycan vətəndaşlığını almaqdır. Vətəndaşlıq alan andan hər bir erməni Azərbaycan Respublikasının qanunları ilə qorunacaq. Onlara təhsil hüququ veriləcək. Yəni 3-4 ildən sonra Bakı küçələrində erməni tələbələrin gəzişməsi bizim üçün adi hal olacaq. Çünki o tələbələr artıq Azərbaycan Respublikasının vətəndaşları olacaqlar.

Həmçinin, tutaq ki, 2025-ci ildə keçiriləcək parlament seçkilərində hansısa erməninin deputatlığa namizədliyini verməsi və yaxud gəlib Milli Məclisdə oturması bizi təəccübləndirməməlidir. Çünki seçkidə iştirak edən erməni artıq Azərbaycan vətəndaşıdır. Yəni yaxın gələcəkdə ermənilər də seçmək və seçilmək hüququna malik olacaqlar. Əslində Seçki Məcəlləsində bu məsələ aydın şəkildə öz əksini tapıb. Belə ki, uzun illərdir 122 saylı Xankəndi seçki dairəsi var. Və növbəti seçkilərdə yəqin ki, Dağlıq Qarabağdakı seçki dairələrinin sayı artacaq. Çünki seçki siyahısına erməni seçicilər də əlavə olunacaq.

Eləcə də Azərbaycan vətəndaşlığını qəbul edən yaşlı və xəstə ermənilərin sosial müdafiəsi digər vətəndaşlarımız kimi, hökumətimiz tərəfindən təşkil ediləcək.

Bu məsələdə ən vacib məqam isə Qarabağda yaşayan, 18 yaşına çatan hər bir erməni sakininin Azərbaycan Ordusu sıralarında həqiqi hərbi xidmət keçəcəyidir. Çünki Azərbaycan artıq qarabağlı erməninin də Vətənidir. Vətəni qorumaqsa digər vətəndaşlar kimi, qarabağlı ermənilərin də müqəddəs borcuna çevriləcək. Təbii ki, ermənilərin hansı hərbi hissələrdə xidmət keçəcəyi bir başqa söhbətin mövzusudur. Yəqin ki, hökumət bu barədə müvafiq tədbirlər görəcək. Amma mən bir faktı xatırlatmaq istəyirəm.

Keçmiş SSRİ-də qeyri-rus millətlərinə həqiqi hərbi xidmətə çağırış vaxtı ikili yanaşma var idi. Qeyri-ruslar heç vaxt sərhəd qoşunlarına cəlb olunmurdu. Bir çox strateji hərbi sahələrdə isə qeyri-ruslar təsadüf halda xidmət keçirdi. Məsələn, mən və mənim kimi minlərlə azərbaycanlı “stroybat”larda xidmət keçmişik. Yəni adı əsgərlik olub, əslində isə iki il tikintilərdə fəhləlik etmişik. Və yaxud soydaşlarımızın ən çox xidmət keçdiyi sahələr quru qoşunları, daxili qoşunlar və sair olub. Amma sərhəd qoşunlarına, aviasiya, milli təhlükəsizlik dəstələrinə digər millətlərin nümayəndələri kimi, azərbaycanlılar da cəlb edilmirdi.

Sözüm ondadır ki, bu cür təcrübələrdən gələcəkdə biz də istifadə etməliyik. Necə deyərlər, “İtlə yoldaşlıq elə, ancaq çomağını yerə qoyma”.

Digər bir məsələ Qarabağda yaşayacaq ermənilərin təhsili məsələsidir. İndiki halda Qarabağda bütün tədris erməni dilində və Ermənistan Təhsil Nazirliyinin metodiki tövsiyə və tapşırıqları ilə aparılır. Yəqin ki, hökumətimiz bu məsələyə xüsusi həssaslıqla yanaşacaq. Təklif üçün deyirəm: Qarabağda bütün hallarda tədris Azərbaycan dilində aparılmalıdır. Ən yaxşı halda erməni dili ikinci, üçüncü xarici dil kimi tədris edilə bilər.

Bir sözlə, qarşıda bizi çox çətin vəzifələr gözləyir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan və Müzəffər Ordumuz 44 gündə mümkünsüzü mümkün etdi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edildi. İndiki halda hər bir azərbaycanlı xalq diplomatiyasına qoşulmalı və ona öz töhfəsini verməlidir. Suverenliyimiz bərpa olunub, amma Qarabağ, daha doğrusu, erməni-azərbaycanlı problemi hələ tam həllini tapmayıb. İndiki halda güclü xalq diplomatiyasına ehtiyac var. ”Erməniyə dayı de, işin düzələnə kimi” aforizmi bu günümüz üçün deyilib. Çünki bütün dünyanın gözü üstümüzdədir. Onsuz da ABŞ, Avropa Birliyi və və bir sıra başqa dövlətlər 10 noyabr anlaşmasını həzm edə bilmir. Münaqişəni yenidən alovlandırmaq və 5 ay qabaqkı status-kvonu bərpa etmək istəyən böyük dövlətlər məqam gözləyir. Gözləyir ki, Qarabağda bir erməni sakini öldürülsün və yaxud incidilsin ki, onlar da başlasın yenicə suverenliyini və ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın üstünə düşməyə, müxtəlif təzyiqlər göstərməyə.

Ona görə də indi həmişəkindən daha ayıq olmalıyıq. Xırda hisslərə qapanıb özümüzə böyük problemlər yaratmamalıyıq. Çünki artıq Qarabağ Azərbaycandır! Özü də sözün bütün mənalarında!

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*