Bəzən insanlar yuxuda oyandıqlarını hiss edir, lakin nə tərpənə, nə də səs çıxara bilirlər. Sanki görünməyən bir qüvvə sinələrinə oturur, nəfəs almaq çətinləşir. El arasında “qarabasma” kimi tanınan bu halın elmi adı yuxu iflicidir və dünya əhalisinin böyük hissəsi həyatının müəyyən dövründə bu vəziyyətlə qarşılaşıb.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, qarabasma yəni yuxu iflici (sleep paralysis) insanın yatmaqla oyanmaq arasındakı keçid anında bədənini hərəkət etdirə bilməməsi halıdır. Bu zaman insan ətrafını dərk edir, amma nə danışa, nə də hərəkət edə bilir. Ən qorxulu tərəfi isə halüsinasiyaların yaşanmasıdır. İnsan sanki otaqda biri varmış, yaxud sinəsində ağırlıq hiss edirmiş kimi duyğular yaşayır.
Mütəxəssislər bildirir ki, bu hal REM yuxu mərhələsi ilə bağlıdır. Yuxunun bu dövründə bədən müvəqqəti iflic vəziyyətində olur və bu, yuxuda hərəkət etməmək üçün beyinin müdafiə mexanizmidir. Lakin bəzən beyin oyanır, bədən isə bu vəziyyətdən çıxmır və insan tərpənə bilmir.
Araşdırmalar göstərir ki, qarabasma halı daha çox stress, yuxusuzluq, depressiya və narahatlıq yaşayan insanlarda müşahidə olunur. Eyni zamanda, qeyri-müntəzəm yuxu rejimi, kürəyi üstə yatmaq, gecə növbəli iş və genetik meyllilik də bu vəziyyəti yarada bilər.
Psixoloqların sözlərinə görə, qarabasma zamanı yaşanan kölgələr görmək, qəribə səslər eşitmək, boğulma və nəfəs darlığı hissi beynin yuxu və oyanıqlıq arasındakı keçid dövründə informasiya və duyğuları düzgün qəbul edə bilməməsi ilə bağlıdır. Tez-tez təkrarlanarsa, bu hal panik atak, təlaş və yuxuya getmək qorxusu yarada bilər.
Mütəxəssislər hesab edir ki, qarabasmanın qarşısını tam almaq mümkün olmasa da, aşağıdakı üsullarla onu nadir hala salmaq mümkündür:
Yuxu rejimini sabit saxlamaq
Yatmazdan əvvəl stressi azaltmaq
Kürəyi üstə yatmaqdan çəkinmək
Alkoqol, siqaret və kofeindən uzaq durmaq
Halların tezliyi artarsa, psixoloq və ya nevroloqa müraciət etmək
Qeyd edək ki, hər nə qədər qorxunc görünsə də, qarabasma həyati təhlükə yaratmayan, lakin insan psixologiyasına mənfi təsir edə bilən yuxu pozuntusudur. Əgər bu hal tez-tez təkrarlanırsa, vaxtında mütəxəssis dəstəyi almaq tövsiyə olunur.