“Rusiya üçün daha bir tarixi məğlubiyyət parlayır. Amma problem ondadır ki, bu, Ermənistana da təsir edəcək”.
KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Razmik Akopjanyanın məqaləsində yer alıb:
“Yunanıstanın vətəndaşların müdafiəsi naziri Takis Teodorikakos Türkiyə ilə quru sərhədi boyunca hasar çəkildiyini açıqlayıb. Ümumi uzunluğu təqribən 200 km olacaq quru sərhədinin 37,5 km-nin artıq tikildiyi bildirilir. Xatırladaq ki, dekabrın 30-da Yunanıstanın milli müdafiə naziri Nikos Panagiotopoulos Afinanın öz ərazi sularını 12 dəniz milinə qədər genişləndirməsi üçün NATO-ya müraciət edib. Teodorikakos Çavuşoğlunun, “Ankara Yunanıstanın Egey dənizindəki ərazi sularının sərhədini genişləndirməsinə icazə verməyəcək” sözlərinə fikir bildirib. Göründüyü kimi, NATO-da Alyansın iki üzvü arasında münaqişə yaranır. Müharibə olacaqmı? Bunu düşünmürəm, ancaq Yunanıstan nümunəsi göstəricidir. Çünki Türkiyə getdikcə daha da güclənir. Ermənistanla sərhəddə, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşən Ağrı dağında yeni hərbi baza tikir. Türkiyə-Azərbaycan tandem Ermənistana qarşı mübarizədə yenə birlikdədir. Şübhəsiz ki, Türkiyənin müdafiə tədbirləri Ermənistan üçün təhlükəlidir”, – deyə erməni analitik vurğulayıb.
Akopjanyan daha sonra fikirlərini belə davam etdirib: Nəhayət, Rusiya və KTMT qəzəblənəcək. Axı, Rusiya hərbi bazası hələ də Gümrüdə yerləşir. Həmişə Rusiya Türkiyəni özünün tarixi düşməni kimi qəbul edirdi. Türkiyənin də daxil olduğu NATO hazırda Rusiyaya qarşı müharibədə Ukraynaya fəal köməklik göstərir. Amma Rusiya yenə susur. O, hətta ABŞ və AFR-dən, eləcə də Fransadan Ukraynaya güclü silah tədarükünə belə reaksiya vermədi. İndi Rusiya növbəti məğlubiyyətə hazırlaşır. Bundan qaçmaq mümkün deyil. Və bunu hamı, o cümlədən Türkiyə və Azərbaycan görür. Rusiyanın məğlubiyyətinin həyata keçirilməsi ehtimalı daha yüksəkdir, həm də ona görə ki, NATO Türkiyə ilə Yunanıstan arasındakı münaqişəyə heç bir şəkildə müqavimət göstərə bilməz”, – Akopjanyan ermənilərin qorxu içində olduqları dolayısı ilə etiraf edib.
“Ölkəmizə Türkiyə-Azərbaycan tandeminə hər cür güzəştə getməyə hazır olanlar rəhbərlik edir. Rəsmi İrəvanın Laçın dəhlizi boyu utancverici mövqeyini hamımız görürük. Türkiyə ilə “münasibətləri yaxşılaşdırmaq” planları da buna görədir. Biz qaranlıq bir xiyabanda qalan birinə bənzəyirik. Qışqırıq səslərinin da kömək etməyəcəyi yerdəyik”, – deyə Razmik Akopjanyan fikirlərini tamamlayıb.
QEYD: Akopjanyanın məqaləsindən də görünür ki, türkiyənin Ermənistanla sərhəddə hərbi baza tikməyi planlaşdırması İrəvanda əməlli-başlı təşviş yaradıb. Vətən müharibəsindəki məğlubiyyətdən, daha sonra Laçın yolundakı aksiyadan, indi də Türkiyənin hərbi baza tikməsindən qaynaqlanan bu təşviş erməniləri tam məğlubiyyətlə razılaşmağa məcbur edir. Artıq təkcə sadə ermənilər yox, cəmiyyətin bütün təbəqəsindən olanlar da Azərbaycan-Türkiyə tandem qarşısında dayanmağın mümkün olmadığını anlamağa başlayıb. Odur ki, yaxın vaxtlarda Paşinyanın sülh sazişinə imza atmasına, Vardanyanın Xankəndidən qaçmasına, ermənilərin isə Azərbaycanın “dəmir yumruğu” nun altından keçməsinə şahidlik etsək, təəccüblənməməliyik.
Müşviq Tofiqoğlu,
KONKRET.az