Qardaşı qardaşa düşmən edən MİRAS…backend

Qardaşı qardaşa düşmən edən MİRAS...

Təkcə vətəndaşların deyil, vəkil və hakimlərin də vərəsəliklə bağlı məlumatlılığının artırılmasına ehtiyac var

Gəncə şəhəri Məhərrəmov küçəsi 64 nömrəli evin bölgüsü ilə bağlı dəfələrlə məhkəmə prosesi keçirilib. Mənzilin sahibi Əliyeva Əfsanə Fərman qızının ailəsi İrandan Azərbaycana gəlib. 1938-ci ildə ailə geri qayıdanda Ə.Əliyeva buradakı mənzildə qalıb. Ə.Əliyeva həyat yoldaşı Əliyev Əli  Sultan oğlu ilə birgə 1987-ci ilədək həmin mənzildə yaşayıb. Ailənin 2 qız, 7 oğul övladı olub. 1987-ci ildə həyat yoldaşı dünyasını dəyişdikdən sonra ailənin böyük oğlu Yavər Əliyev  vərəsəlik sənədini təqdim edərək evin onun mülkiyyətinə keçməsinə çalışır. Amma Əfsanə Əliyeva mərhum ərinin imzasının saxtalaşırıldığını bildirərək 1990-cı ildə Gəncə Məhkəməsinə müraciət edib vərəsəlik şəhadətnaməsinin ləğvini tələb edir. Kəpəz Rayon Məhkəməsinin 15 fevral 1991-ci il tarixli qətnaməsi ilə mülk 2 hissəyə bölünür. Mülkün bir hissəsi Əfsanə Əliyeva, övladları və 1984-cü  ildə həmin evə  gəlin gələn Əliyeva Məhluqə Həsən qızına verilir. 2000-ci ildə Ə.Əliyeva dünyasını dəyişəndən sonra mülkiyyətə görə mübahisə yenidən başlayır. 23 dekabr 2002-ci ildə Yavər Əliyevin Məhluqə Əliyevanın yaşayış sahəsindən çıxarılması ilə bağlı iddiasına Kəpəz Rayon Məhkəməsində baxılır. Məhkəmə iddiaçının tələbini qismən təmin edir, mülkün iki hissəyə bölünməsi və tərəflərin yaşayış sahələri arasında iddiaçının vəsaiti hesabına hasar çəkilməsi ilə bağlı qərar çıxarır. Amma bu qərar da Y.Əliyevi qane etmədiyindən 2019-cu ildə təkrar məhkəməyə müraciət edib və mülkiyyət mübahisəsi davam edir.

Mirasın bölgüsündə Mülki Məcəllənin tələblərinə əməl edilmir

Mülki Məcəllənin tələblərinə görə vərəsə miras əmlakla bağlı  qanunda nəzərdə tutulan altı ay müddət ərzində notariat orqanına müraciət etməlidir. Digər vərəsələr tərəfindən qanunla müəyyən edilən müddətdə müraciət edilmədiyi halda miras əmlak faktiki olaraq onu idarə edən şəxsin adına rəsmiləşdirilir. Beləliklə, qanuni vərəsə sayılsa da, digər ailə üzvləri miras əmlakdan pay əldə edə bilmir.

Halbuki vərəsələr notariat orqanına gedəndə bildirməlidirlər ki, miras üzrə neçə qanuni vərəsə var. Notariat fəaliyyəti haqqında qanunun 55-ci maddəsinə görə, bir vərəsə müraciət etdikdə digər vərəsələrin olub-olması araşdırılmalıdır. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius,  həmçinin, kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün də tədbir görməlidir. Reallıqda isə notariuslar miras qoyan şəxslə eyni ünvanda yaşayanları, ən yaxın adamları araşdırırlar.

Vərəsəlik hüququnun pozulması hallarının artdığını deyən hüquqşünas Müzəffər Baxışov məhkəmələrdə qanunvericiliyin düzgün tətbiq edilməməsindən şikayətlənir: “Azərbaycandakı vərəsəliklə bağlı qanunvericilik Rusiyada eyni adlı qanundan köçürmədir. Azərbaycanın bu sahədəki qanunvericiliyində müəyyən ziddiyyətli məqamlar var. Harada yaşamasından asılı olmayaraq, hər bir övladın vərəsəlik hüququ tanınmalı və əmlak bölgüsü zamanı bu nəzərə alınmalıdır. Təəssüf ki, mirasın bölgüsündə Mülki Məcəllənin sözügedən müddəalarına əməl edilmir”.

 

 

Hüquqşunas Yaşar Ağazadə də hesab edir ki, notariat orqanına müraciət edilməsi ilə bağlı müddət də müəyyən problemlər yaradır: “Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığı və ya bunu bilməli olduğu gündən üç ay müddətində notariat orqanına müraciət etməlidir. Nəzəri baxımdan bu qayda çox normaldır. Amma qanunun tətbiqində ciddi problemlər yaranır. Miras qoyan vəfat edərkən vərəsələr mirasın açıq olması ilə bağlı məlumatsız ola bilər. Buna görə də mirasın açıq olması müddəti vərəsənin bu barədə məlumat aldıqdan sonrakı üç ay hesablanmalıdır. Əks halda bunun yaratdığı problemi sadə insanlar yaşayacaq”.

Vərəsəliklə bağlı qanunvericiliyin tətbiqində problemlər

Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev də mediaya açıqlamasında vərəsəliklə bağlı qanunvericiliyin tətbiqi  ilə bağlı problemlər olduğunu bildirib: “Bu daha çox mirasın qəbul edilməsi ilə bağlıdır. Çünki mövcud qanunvericiliyə görə, miras iki formada əldə edilə bilər: miras açıq elan edildikdən sonra Notariat Kontoruna ərizə ilə müraciət etməklə və mirası faktiki idarə etməklə. Vərəsə həmin iki haldan biri ilə mirası qəbul etmirsə, ona pay çatmır. Baxmayaraq ki, o qanuni vərəsə hesab olunur. Miras əmlakın bölgüsü ilə bağlı səhvlərə daha çox aşağı məhkəmə instansiyalarında yol verilir. Əsas problem isə müxtəlif dövrlərdə qüvvədə olan qanunun tətbiqi ilə bağlı olur. Əgər miras əmlakın qəbulu ilə bağlı işə baxılırsa, həmin dövrdə quvvədə olan qanununvericilik tətbiq olunmalıdır. Bəzən miras payının müəyyən olunmasında səhvlərə yol verilir. Bununla bağlı işlər Ali Məhkəməyə göndəriləndə yenidən araşdırılması üçün aşağı məhkəmələrə qaytarılır”.
Vərəsəlik hüququnun pozulmasında birmənalı olaraq hakimləri ittiham etməyi düzgün saymayan Ə.Mirzəliyev hakimliyə namizədlər üçün imtahanlarda uğur qazanan hüquqşunasların bu sahə ilə bağlı hazırlıqlı olduğunu bildirib.
Ali Məhkəmənin hakimi Vəfaəddin İbayev vərəsəliklə bağlı qanunvericiliyin tətbiqində problemləri qanunun bəzi maddələrində aydınlıq  olmaması ilə izah edir: “Vərəsəlik hüququndan məhrum etmə, vərəsəliyin qəbul edilməsi  ilə bağlı maddələrdə konkretlik olsa, daha yaxşı olardı. Qanunda vərəsəliyin qəbulu ilə bağlı müddət göstərilsə də, onun necə başa düşməsi izah edilmir və bu da çətinlik yaradır. Elə  qanunu bilməyən sadə vətəndaşlar da bundan əziyyət çəkir. Vərəsəlik elə bir sahədir ki, burada nəzərə alınmalı olan xırdalıqlar çoxdur. İşə baxan hakim təkcə vərəsəliklə bağlı yox, mülki hüquq sahəsində də hazırlıqlı olmalıdır”.

Miras almaq hüququ: digər vərəsələr mirası qəbul etmirsə…

Mövcud qanunvericiliyə görə, (Mülki Məcəllə) vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə yazmayıb, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılıb. Qanunun 1145-ci madəsinə görə, miras fiziki şəxsin öldüyü gün və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mirasın açıldığı yer miras qoyanın yaşadığı ünvan, bu məlum olmadıqda isə mirasın olduğu yer sayılır. Miras əmlaka isə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak, naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlakı idarə etməyə faktiki başladıqda miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

 

Qanunun 1246-cı maddəsi mirasın açıldığı gündən altı ay ərzində qəbul edilməsini özündə ehtiva edir. Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməlidir. Bu müddət üç aydan az olduqda isə üç ayadək uzadılmalıdır. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin predmetləri mirasa daxil deyildir və vərəsələr arasında bölüşdürülmür.

Xarici təcrübədə vərəsəlik hüququ

Vərəsəlik hüququnun təmini ilə bağlı bəzi xarici ölkələrin də qanunvericilik təcrübəsinə  baxmaq önəmlidir. Əksər inkişaf etmiş ölkələrdə miras qoymaqla bağlı vəsiyyətnamənin yazılması vacib məqamlardan biridir. Əksəriyyət vəsiyyətlərini sağ ikən edirlər. Qanunvericilikdə də bunun reallaşmasına imkanlar yaradılıb. Belə ki, İspaniyada vətəndaş 14, Sloveniyada və Çernoqoriyada 15, Fransa, Almaniya, Serbiya və Xorvatiyada isə 16 yaşına çatanda vəsiyyət qoymaq hüquq var. Həmin ölkələrdə mülkiyyət və miras məsələlərinə xüsusi diqqət ayrıldığından mirasın qoyulmasının formaları da müəyyən edilib. Amma mirasla bağlı məsələlər sırasında vəsiyyətnamənin qoyulmasına daha çox rast gəlinir. Avropa ölkələrinin təcrübəsində vəsiyyətnamənin qoyulmasının 3 ümumi forması var. Bunlardan biri əllə yazılan vəsiyyətanamədir (bu halda vəsiyyətnamə bütövlüklə vəsiyyət qoyan tərəfindən yazılmalı və imzalanmalıdır). Bu daha çox Almaniyanın, Polşanın və Bolqarıstanın qanunvericiliyində və təcrübəsində rast gəlinir. İspaniyanın qanunvericiliyi isə məsələni bir qədər də sadələşdirir. İspaniya qanunvericiliyi döyüş şəraitində hətta şifahi vəsiyyətnamənin qoyulmasına da yol verir.

İkinci forma rəsmi şəkildə yazılan vəsiyyətnamədir (bu halda vəsiyyətnamə notariusun köməyi ilə hazırlanır və notarius tərəfindən təsdiqlənməlidir). Bu forma bütün Avropa ölkələrinə xasdır. Bu formadan daha çox Fransada, Almaniyada, Böyük Britaniyada, xüsusilə də İsveçrədə tez-tez istifadə olunur.
Üçüncü forma isə gizli vəsiyyətnamədir (miras qoyan şəxs tərəfindən müstəqil şəkildə hazırlanır və saxlanılma üçün notariusa verilir). Gizli vəsiyyətnaməyə daha çox İtaliya və Fransa qanunvericiliyində rast gəlinir.

 

 

Göründüyü kimi, Avropa ölkələrinin qanunvericiliyi diqqəti mirasın bölüşdürülməsindən çox, vəsiyyətnamənin qoyulması üzərində cəmləşdirir. Məhz bu səbəbdən də Avropa ölkələrinin məhkəmə təcrübəsində miras uğrunda çəkişmələrə daha az rast gəlinir.

Əksər demokratik ölkələrdə vərəsəliklə bağlı məsələlərə çox ciddi yanaşılır. Azərbaycanda həm milli adət-ənənələrlə bağlı olaraq, həm də vərəsəlik institutunun yeni tətbiq olunduğu üçün bu sahədə ciddi problemlər var. Ekspertlər hesab edir ki, problemdən çıxış yollarından biri maarifləndirmə xarakterli tədbirlərin görülməsidir. Bu sahədə vəziyyət Bakıya nisbətən bölgələrdə daha acınacaqlıdır. Bu gün istər vətəndaşların, istər vəkillərin, istərsə də, hakimlərin vərəsəliklə bağlı məlumatlılıq səviyyəsi qaneedici deyil. Bu mənada problemin həlli üçün kompleks tədbirlər görülməlidir. İlk növbədə hakim korpusunun işi təkmilləşdirilməlidir. Xüsusən, vərəsəlik hüququ ilə bağlı ixtisaslaşmış hakimlərə ehtiyac duyulur. Elə vəkillərin də təkcə cinayət və mülkü hüquq üzrə deyil, mülki hüququn hansısa  sahəsi üzrə ixtisaslaşmaları vacibdir. Çünki vətəndaş öz hüquqlarını bilmədiyi, vəkilin vətəndaşı necə müdafiə etməkdən xəbərsiz olduğu şəraitdə hakim də qərarı istədiyi şəkildə verə bilir. Bunun əziyyətini isə M.Əliyeva kimi sadə insanlar çəkir…

Pünhan Əfəndiyev

Yazı Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində hazırlanıb. Məqalənin məzmunu və tərkibi müəllifin məsuliyyətindədir və heç bir halda Niderland Krallığının Xarici İşlər Nazirliyi və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi təşkilatının mövqeyini əks etdirmək üçün əsas göstərilə bilməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*