Qazaxıstanda məktəblər üçün elektron dərsliklərin hazırlanması davam etdirilir.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Respublika Elmi-Praktiki Ekspertiza Mərkəzinin direktoru Nəzirə Abdrahmanova deyib.
Onun sözlərinə görə, bu günə kimi 1-ci sinifdən 11-ci sinifə qədər bütün fənlərin 80 faizi elektron dərsliklərlə əhatə olunub. Artıq 436 adda dərslik siyahıya daxil edilib. Hazırda 255 elektron vəsait ekspertiza mərhələsindədir.
Elmi mərkəzin rəhbəri qeyd edib ki, bir neçə ildir belə dərsliklər tətbiq edilir:
“10 ildən artıqdır ki, məktəblər rəqəmsal tədris materiallarından istifadə edirlər. Elektron tədris resursları pandemiya zamanı xüsusilə aktuallaşıb”.
Lakin elektron dərsliklərin tədris prosesinə daxil edilməsi o demək deyil ki, bu, kağız dərslikləri tamamilə əvəz edəcək. Onlar həmçinin hər bir tələbə üçün fərdi planşet və kompüter almağı planlaşdırmırlar. Bu dərsliklər məktəbdə elektron lövhədə və ya fərdi kompüterdə ev tapşırıqlarını hazırlamaq üçün istifadə edilə bilər.
“Elektron dərsliklər ənənəvi tədris materiallarına əlavə kimi istifadə olunacaq. Bu dərsliklərdən istifadə üsulu məktəb və müəllimlərin qərarlarından asılıdır”, – deyə Nəzirə Abdrahmanova əlavə edib.
Eyni zamanda, 2024-cü ildə Təhsil Nazirliyi 1-ci sinifdən 11-ci sinifə qədər bütün məktəb fənlərini elektron dərsliklərlə əhatə etməyi planlaşdırır.
Direktorun sözlərinə görə, dövlət rəqəmsal formatda tədris materiallarının hazırlanmasına vəsait ayırmır. Nəşriyyatlar və İT şirkətləri öz vəsaitləri hesabına elektron dərsliklər hazırlayırlar.
Xatırladaq ki, ötən ilin sentyabrında Prezident Kasım-Jomart Tokayev məktəblilərin və onların valideynlərinin ağır bel çantaları ilə bağlı şikayətlərinə diqqət çəkib. Dövlət başçısı tədris materiallarının rəqəmsal formata keçirilməsi ilə bağlı tapşırıq verib.
Bundan sonra Təhsil Nazirliyi məktəblərdə kağız kitablar əvəzinə planşetlərdən istifadə edilməsi təklifi ilə çıxış edib.
İqbal Rzayev,
KONKRET.az