Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi türkdilli xalqların qədim adət-ənənələri əsasında animasiyalı almanax hazırlamaq niyyətindədir.
KONKRET.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.
“Mədəniyyət və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən “Qazaxanimasiya” yaradıcılıq birliyi türkdilli xalqların qədim adət-ənənələri əsasında animasiyalı almanax çəkməyi planlaşdırır. Layihə çərçivəsində 2023-cü ildə ən azı beş dəqiqə davam edən azı 10 animasiya əsərinin buraxılması gözlənilir”, – məlumatda deyilir.
Qeyd olunub ki, artıq ssenari müsabiqəsi elan olunub.
Belə ki, yaradıcılıq müsabiqəsində türkdilli xalqların qədim əfsanələri, böyük şəxsiyyətlər, türk padşahları haqqında rəvayətlər, müqəddəs heyvanlar, müxtəlif yer adları, türkdilli xalqların ortaq bayramları və milli oyunlarla bağlı əsərlər iştirak edə bilər.
Pitçinqin nəticələrinə əsasən, studiyalar 10 ən yaxşı layihəni seçəcək, bundan sonra onların açıq müdafiəsi keçiriləcək.
İqbal Rzayev,
KONKRET.az