Qazaxıstanda İran amili və ya fars dili bu ölkədə populyarlaşa bilərmi?backend

Qazaxıstanda İran amili və ya fars dili bu ölkədə populyarlaşa bilərmi?

Fadil Paşayev

Azərbaycan Televiziyasının Qazaxıstan və Mərkəzi Asiya ölkələri üzrə büro rəhbəri kimi məsul bir işdə 5 il çalışdığımdan tam əminliklə deyə bilərəm ki, Asiyanın mərkəzində gedən bütün proseslərin bu və ya digər formada uzun müddət canlı şahidi olmuşam. Zaman-zaman bu sahədə bildiklərimi, gördüklərimi və təcrübəmə əsaslanaraq proqnozlarımı oxucularla bölüşməyə çalışacağam. Dünyada gedən proseslərin İran üzrə fokuslaşması bu baxımdan bir daha mənim diqqətimi doğma Qazaxıstana çəkib. Beləliklə, bu gün müşahidə edilən odur ki, Mərkəzi Asiyanın ən böyük dövlətinin bu ölkə ilə münasibətləri yüksələn xətlə inkişaf edir. Bu əlaqələrin bir çox sahələrdə canlanmasının ənənəvi olmaqla yanaşı spesifik xüsusiyyətləri də çoxdur. Bu günki baxışımda qazax elitasında, alimlər arasında fars dilinə olan diqqətin qabarıq artmasından qısa da olsa, tezislərlə danışmaq istərdim. Beləliklə, fars dili bu ölkədə populyarlaşa bilərmi? Ümumiyyətlə, Qazaxıstanı bu ölkə ilə nə birləşdirir? Səbəblər çoxdur. Regional, qarşılıqlı maraqlar, dünyada gedən proseslər və ondan  doğan hərəkətlilik və s. Bu gün Qazaxıstanda İranla bağlı başqa sual da var? Qazaxıstana nə üçün İran üzrə mütəxəssis və ekspertlər lazımdır? Məlumdur ki, İranla qardaş qazax xalqı arasında əlaqələrin qədim tarixi var. Alimlərin gəldiyi qənaətə görə, türk xalqlarının, o cümlədən qazaxların tarixi və mədəniyyəti haqqında əksər yazılı mənbələr fars dilində yazılıb. Fars dili qədim dövrlərdə uzun zaman Şərqdə ən əhəmiyyətli rol oynayıb. Əksər millətlərin dil xüsusiyyətlərində linqvistik təsiri olan bu dil bir vaxtlar beynəlxalq ünsiyyət dili statusunda olub. Qədim türk dövlətlərinin saraylarında da fars dili rəsmi və işgüzar dil sayılıb. Fars dili Böyük Moğollar İmperiyasının Hindistanında da başlıca ünsiyyət vasitəsi olub. Bu, Hindistanın ingilis koloniyasına çevrilməsinə qədər davam edib. Onlarla türk ədibi, şair və digər korifeylər öz əsərlərini bu dildə yaradıblar. Qazax xanlığının 550 illiyilə bağlı yazılan elmi əsərlərin əksər mənbələri fars dilli məxəzlərdən götürülüb. Məsələn, fars dilində yazılmış “Rəşidi tarixi” Türküstan ərazisinin 1347-1545 illərindəki tarixini özündə əks etdirir. Bu əsər Çığatay xanları və Qaşqar əmirləri haqqında farsca ən mötəbərli kitab sayılır. Bu kitabın yazıçısı Mirzə Məhəmmədheydər Dövlətidir. Müəllif bu kitabda Fəzlullah Rəşidəddinin “Came ət-təvarix”, “Cəhangüşaye Cüveyni tarixi”, Həmdulla Müstofinin “Seçilmiş tarix”i (“Tarixi qozide”), Şərəfəddin Əli Yəzdinin “Zəfərnamə”si, Əbdürrəzzaqın “Nəzmə çəkilmiş” (“Tarixi Mənzum”) və Mirzə Uluqbəyin “Ulusi Ərbəə” əsərlərindən istifadə edib. Fəzlullah ibn Ruzbihani İsfahaninin “Buxara əhalisinin hədiyyəsi” və başqa elmi mənbələrdə də qazax xalqının tarixi və mədəniyyətindən geniş bəhs edilir ki, bu əsərlərin orijinalı fars dilindədir. Beləliklə, bütün bunlara rəğmən tam əminliklə deyə bilərik ki, yazılı mənbələrin 80 faizində qazax xalqının keçmişi fars dilində yazılıb. Bununla yanaşı qazax dilində 4 min söz fars mənşəlidir. Qazaxlar arasında yüzlərlə fars adlarına rast gəlmək olar. Öz növbəsində fars dilində minlərlə türk mənşəli sözlər də mövcuddur. Türk dilinin fars dilinə də böyük təsirlərini unutmaq olmaz. Bütün bunlar qədim Persiya ilə Qazaxıstanın əlaqələrinin zəngin tarixi köklərindən xəbər verir. Şərqşünas alimlərin ümumi rəyinə görə, Orta Asiyadan Hindistana və İrandan Çinə qədər, eləcə də Qafqaz regionu kimi böyük bir ərazidə yaşayan xalqların dilində fars mənşəli sözlər kifayət qədərdir. Bu gün İran adlanan çoğrafi ərazi, yəni qədim Persiya şərqşünaslıqda sivilaziyaların yaranması, zəngin mədəniyyətlərin formalaşması kimi elmi əhəmiyyətə malik bütöv və xüsusi bir anlayış hesab edilir. Vaxtilə bu ərazilərdə çox güclü Sasanilər dövləti qurulmuş, türklərlə birlikdə yunanlara, Bizans imperiyasına və ərəblərə qarşı amansız müharibələr aparmışlar. Bu regionda yaşayan xalqlar birgə mədəniyyətlər yaratmış, mif və əsatirlərdə, dini cərəyanlarda birləşmiş, canlı, minilliklərə söykənən tarixin əsasını qoymuşlar. Sufizm, irfanilik və digər fəlsəfi cərəyanlarda qazax və farsları birləşdirən romantizm və dini hisslər əks olunub, eləcə də göstərdiyimiz amillər türk və fars millətindən başqa qonşu xalqların mədəniyyətlərinə də böyük təsir göstərib. Odur ki, bu gün Orta Asiyada, xüsusilə Qırğızıstan və Qazaxıstanda iranşünaslıq elmində böyük sıçrayışın şahidi olmaq mənim də bəxtimə yazılıb. Qardaş qazaxlar bu baxımdan daha irəli gedib. Bu gün türklüyə qayıdış bu ölkədə sanki bir hərəkata çevrilib. Çox təəssüflər olsun ki, hələ sovetlər zamanında Orta Asiyada mərkəzləşdirilmiş və qəlibə salınmış şərqşünaslıqda qazaxlara öz tarixi keçmişini öyrənmək yasaq olunmuşdu. Artıq rus caynağı yoxdur, deməli, qardaşlarımız öz keçmişini öyrənmək məqsədilə mötəbər mənbələrə birbaşa çıxış əldə etməklə fundamental elmi araşdırmalarını davam etdirəcəklər. Bu baxımdan Qazaxıstanın İranla siyasi-iqtisadi əlaqələrin daha da dərinləşməsində bu amilin də xüsusi rolu var. Bu gün Qazaxıstanın hələ ki iki universitetində fars dili öyrədilir. Fars dili məxəzlərində elmi araşdırmalar aparmış  tanınmış qazax alimi Timur Beysembiyev kimi alimlərin əvəzsiz xidmətləri var. “Qazaxların tarixi və Qazaxıstan XIII-XIX əsrlər farsdilli mənbələrdə” monoqrafiyası bu gün bu ölkənin şərqşünaslığında əhəmiyyətli elmi əsər sayılır. İran-tacik ədəbiyyatının qazax xalqının yazılı və şifahi ədəbiyyatında önəmi də olduqca böyükdür. Hafizin qəzəlləri, Firdovsi müdrikliyi, Ömər Xəyyam fəlsəfəsi və digər yazılı mənbələr Orta Asiya xalqlarının etik, estetik və mənəvi xüsusiyyətlərini özündə cəmləşdirən bir səlnamədir. Dünya ədəbiyyatında Abay zirvəsi məhz bu köklərdən qidalanıb. Bu gün qazaxlar Tenqriçilik (Tanrı), yəni təkallahlılıqla fəxr edirlərsə, digər tərəfdən onların mif və əsatirlərində Xeyirlə Şərin mübarizəsi kimi ədəbi xətlərin mövcudluğu burada farsdilli mədəniyyətin təsirlərini özündə ehtiva edir. Qazax korifeylərindən Abay, Turmaqambet İztleuov, Muxtar Auzev, Şakarim bu dili mükəmməl şəkildə öyrənmişdilər.  Bu gün qazaxlar yaxşı dərk edir ki, fars dilinin Qazaxıstanda öyrədilməsi bu baxımdan təkcə qonşu dövlətin dilinin mənimsənilməsi kimi deyil, ümumbəşəri mədəniyyətə bir açar olaraq dəyərləndirilməlidir. Bu mənada İranda baş verən bu günki və gələcək proseslər, iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi, o cümlədən Əfqanıstan amili Qazaxıstan elitasının diqqət mərkəzindədir. Deməli, bütün bunlar deməyə əsas verir ki, Qazaxıstan üçün İran faktoru getdikcə güclənməkdədir.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*