Qazaxıstanda Jankent qədim yaşayış yerində xatirə abidəsi ucaldıldıbackend

Qazaxıstanda Jankent qədim yaşayış yerində xatirə abidəsi ucaldıldı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

2025-ci il iyunun 9-da Qazaxıstanın Qızılorda vilayətinin Qazalı rayonunda 2023-cü ildən bəri Türk Akademiyası ilə Qorkıt Ata Qızılorda Universitetinin birgə apardığı arxeoloji tədqiqatlara ithafən, Jankent qədim yaşayış yerində xatirə abidəsinin açılışı keçirilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, eyni gün, Türk Akademiyasının təşəbbüsü ilə qazıntı sahəsini qorumaq məqsədilə inşa olunan mühafizəvi qurğunun da açılışı baş tutub.

Jankentdə birgə arxeoloji işlər 2023-cü ildə başlayıb. Tədqiqatlara Özbəkistandan (Yahya Gulyamov adına Səmərqənd Arxeologiya İnstitutu) və Qazaxıstandan (Qorkıt Ata Universitetinin Arxeologiya və Etnoqrafiya Araşdırma Mərkəzi, Alkey Marğulan adına Arxeologiya İnstitutunun Astana şöbəsi) mütəxəssislər qatılıb.

Tədqiqatların əsas məqsədi Jankent arxeoloji ərazisini elmi əsaslarla araşdırmaq, qoruma altına almaq və türk xalqlarının tarixi-mədəni irsini geniş ictimaiyyətə tanıtmaq olub.

Tədbirdə Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Akademiyanın vitse-prezidenti Aşat Kesikbayev, Qorkıt Ata Universitetinin rektor müavini Maynur Böribayeva, Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyindən Riqa Onayeva, Qızılorda vilayətinin Mədəniyyət, Arxiv və Sənədləşmə İdarəsinin sədr müavini Kuanış Januzakov, Səmərqənd Arxeologiya İnstitutundan Aysulu İskanderova, qazaxıstanlı arxeoloqlar, alimlər, tələbələr, yerli sakinlər və jurnalistlər iştirak edib.

Çıxış edən Şahin Mustafayev Jankentin tarixi əhəmiyyətindən danışaraq, şəhərin X əsrə qədər Sırdərya Oğuzlarının paytaxtı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Jankent İpək Yolu üzərindəki strateji mövqeyi ilə İdil-Ural bölgəsi ilə Mavəraünnəhr, Xəzər Xaqanlığı ilə Xorəzm arasında mühüm bağlantı nöqtəsinə çevrilib.

Orta əsr mənbələrində Jankent müxtəlif adlarla qeyd olunur. Bu adlar – qədim türkcədə Yengikent, ərəbcədə əl-Qaryə əl-Hədise, farscada isə Deh-i Nəv – “Yeni şəhər” mənasını verir və bu, şəhərin bölgə tarixindəki yerini göstərir.

2023-cü ildən bəri aparılan qazıntılar şəhərin mərkəzi qapısı, yaşayış sahələri və mərkəz hissəsində (şəhəristan) fokuslanıb. Məqsəd Aşağı Seyhun bölgəsindəki orta əsr şəhərlərinə aid tapıntıları sistemləşdirmək, təhlil etmək və ümumiləşdirməkdir. Əldə olunan materiallar VII–X əsrlər arasında Seyhun Oğuzlarının mədəni inkişaf mərhələlərini daha aydın şəkildə ortaya qoyur və bölgədəki etnik proseslərə dair anlayışı zənginləşdirir.

Tapıntılar Jankent sakinlərinin özünəməxsus mədəniyyətə sahib olduğunu göstərir. Memarlıq üslubu, şəhərsalma prinsipləri və infrastruktur haqqında məlumatlar bu baxımdan olduqca dəyərlidir.

Üç mövsüm davam edən qazıntılar zamanı Jankentin maddi-mədəni irsinə aid maraqlı nümunələr aşkarlanıb. Bunlar arasında forması və funksiyası əvvəllər məlum olmayan keramikalar, bürünc əşyalar, ocaq üzərində yerləşdirilən qoç başı formasında müqəddəs kaidələr yer alır.

Ən diqqətçəkən tapıntılardan biri isə IX əsrə aid Oğuzlara məxsus gümüş sikkələrdir. Bu sikkələr Jankentin İpək Yolu üzərində mühüm ticarət və mədəniyyət mərkəzi olduğunu təsdiqləyir.

Arxeoloji tədqiqatlar Türk Akademiyasının prioritet istiqamətlərindən biridir. Hal-hazırda Monqolustanın Nomgon vadisində Göytürk dövrünə aid abidə kompleksində qazıntı işləri davam edir. Bundan əlavə, 2024-cü ildə Akademiya Qazaxıstanın Manqıstau bölgəsində Oğuz-Qıpçaq dövrünə aid qəbiristanlıqları araşdırmaq üçün elmi səfər təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*