Qırğızıstanda mədəniyyətlərarası düşərgə təşkil olundu – FOTOLARbackend

Qırğızıstanda mədəniyyətlərarası düşərgə təşkil olundu - FOTOLAR

2025-ci il 20–22 iyun tarixlərində Qırğızıstanın İssık-Kul gölünün füsunkar sahilində ölkədə ilk dəfə Gənclərarası Mədəniyyətlərarası Düşərgə təşkil olunub.

Bu barədə KONKRET.az-ın Mərkəzi Asiya bürosuna İldırım Musayev məlumat verib.

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Düşərgədə Azərbaycan, Qırğızıstan və digər xalqların nümayəndəsi olan, Qırğızıstan Xalqları Assambleyasının üzvü olan fəal gənclər iştirak ediblər. Günəşli İssık-Kulun qonaqpərvərliyində baş tutan tədbir iki xalqın gəncləri üçün dialoq, dostluq və qarşılıqlı anlaşma baxımından unikal platforma kimi dəyərləndirilib.

Üç əsas istiqaməti əhatə edən düşərgənin proqramı iştirakçılara mədəniyyətlərarası ünsiyyət, liderlik bacarıqlarının inkişafı və birgə layihələrin təşkili sahəsində imkanlar yaradıb. Tədbir gənclər arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın dərinləşdirilməsi məqsədi daşıyıb.

  1. Biliklərin artırılması: İştirakçılar Qırğız və Azərbaycan xalqlarının mədəniyyəti, dili, tarixi və ənənələri ilə yaxından tanış olublar.
  2. Mədəniyyətlərarası kommunikasiya bacarıqları: Müxtəlif komandalar şəklində keçirilən interaktiv məşğələlər, müzakirə klubları və oyunlar vasitəsilə gənclər effektiv ünsiyyət bacarıqları qazanıblar.
  3. Dil və yaradıcılıq mühiti: Düşərgə çərçivəsində azərbaycan, qırğız və rus dillərində canlı ünsiyyət və ortaq yaradıcı fəaliyyətlər – milli rəqslər, musiqi və incəsənət layihələri həyata keçirilib.

Düşərgənin proqramı zəngin və rəngarəng olub.  İştirakçılar “Ruh-Ordo” mədəniyyət kompleksinə səfər edib, milli rəqs müsabiqələrində və dənizkənarı gəzintilərdə iştirak ediblər. Axşamlar tonqal başında keçirilən görüşlər isə səmimi atmosfer yaradaraq yeni dostluqların əsasını qoyub.

Layihənin təşkilatçısı, Qırğızıstan Azərbaycanlıları “Birlik” İctimai Birliyinin rəhbəri Xansıvar Baxşəliyev bildirib:

“Bu düşərgə mühüm ilk addım oldu. Gənclərin bir-birinin mədəniyyətinə olan marağı, ünsiyyət və dostluq istəyi bizi çox sevindirdi. Onların enerjisi və fəallığı bu cür layihələrin nə qədər vacib olduğunu sübut etdi”.

Düşərgənin açılışında Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Marat Tağaev, Dövlət dili və dil siyasəti üzrə Milli Komissiyanın sədri Melis Murataliev, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin türk dilli ölkələr və Gürcüstan üzrə şöbə müdiri Əli Baytalov iştirak ediblər.

Pilot layihənin keçirilməsinə texniki dəstəyi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi göstərib. Təşkilatçılıqda Qırğızıstan Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyi, Dövlət dili və dil siyasəti üzrə Milli Komissiya və Qırğızıstan Xalqları Assambleyası da fəal iştirak ediblər.

Düşərgənin iştirakçıları da təəssüratlarını bölüşüblər. Onlardan biri deyib:

“Qırğız və Azərbaycan mədəniyyəti haqqında sadəcə öyrənmədim, onu dostluq vasitəsilə hiss etdim. Bu düşərgənin bir parçası olduğum üçün çox şadam”.

Digər iştirakçı isə bildirib:

“Əla təşkil olunmuş tədbir üçün təşəkkür edirik. Maraqlı mühazirələr, səmimi axşamlar və birinci olmaq hissi bizi çox sevindirdi. Ümid edirik ki, bu sonuncu olmayacaq”.

Təşkilatçılar ümid edirlər ki, bu layihə ənənəyə çevriləcək və gələcəkdə daha geniş miqyasda davam etdiriləcək.

İldırım Musayev

KONKRET.az-ın Mərkəzi Asiya bürosu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*