QAZLAMAQ başqa, pulsuz QAZ vermək ayrı – FOTO/VİDEObackend

QAZLAMAQ başqa, pulsuz QAZ vermək ayrı - FOTO/VİDEO

Qara dəniz qazının Türkiyəyə tədarükünə start verilib. İlkin mərhələdə ildə 10 milyon kubmetr qaz hasil ediləcək.

KONKRET.az xəbər verir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın bölüşdüyü tvitdə qeyd olunub ki, 1 il ərzində mətbəx və su isitmək üçün istifadə olunan mavi yanacaqdan pul tələb edilməyəcək. Bir ay ərzində isə, ümumiyyətlə təbii qaz havayı veriləcək.

Bəlkə də bu xəbərdən sonra Azərbaycan vətəndaşlarının ilk ağlına gələn sosial ehtiyacla təzad təşkil edən qaz limiti, bahalaşmadır. İnsanları yandıran qaz deyil, nə də isti su. Camaat düşünür ki, Cənub Qaz Dəhlizi, TAP-lı Azərbaycan niyə öz sakinlərinin sıxıntılarına əlac TAPMIR? Əslində mobil telefon borcuna görə, gömrükdə STOP alacaq qədər kasıb ölkə vətəndaşları deyilik. Sadəcə…

Sadəcə, pul önəmli faktordur və dövlət büdcəsini dolandıran alətlərdən biri də vergilərdir. Stabil büdcə bir dövlətin dayanıqlı gələcəyinin təminatçısıdır. Lakin hər bir dövlətin xalqı olur, vətəndaşların rifahı isə büdcəyə görə qurban edilə bilməz. Ötən yazıların birində sosial infrastrukturdan bəhs olunurdu.

Sözügedən infrastrukturun müddəalarını heç Azərbaycanın paytaxtı Bakıda görmək olmur, o ki qaldı bölgəyə! Prezident İlham Əliyev isə müvafiq qurumların qarşısında əhalinin rifah şəraitinin yaxşılaşdırılması tapşırığını qoyub – üzündən oxumaq üçün yox, məşğul olmaq üçün! Yalan olmasın, Azərbaycanın kadr islahatları qurum-məmur fəaliyyətinə xüsusi çəki-düzən vermədi. Yeyən doymur, millətə xidmət deyə amal sezilmir. Sanki əksər vəzifəlilər harasa tələsirlər. Elə bacardıqca tez pullanmaq istəyirlər.

Ötən həftə beynəlxalq reytinq agentliklərindən biri ölkələrdə 1 milyon dollar qazanmaq üçün vətəndaşa neçə il işləmək gərəkdiyini bölüşmüşdü. Onların fikrincə, bu məbləği əldə etmək üçün Azərbaycan vətəndaşı 228 il işləməlidir. Ən acınacaqlısı da odur ki, Gürcüstan və Ermənistan siyahıda bizi 100 il qabaqlayırdı.

Bəli, bu cür ölkələrdə hər şey qeyri-bərabər bölünüb. Məmur seçilmək və oliqarx olmaq xüsusi icazə ilə gerçəkləşir. Bununla da milyarder və milyonçu sayı məhdud olur. Həm də monopoliya zəncirində olmayanların biznesdə uğur qazanması mümkünsüzdür. Azərbaycanda icazəsiz status yalnız kasıblara məxsusdur. Yəni burada əngəl yoxdur, ürəyi istəyən hamı kasıb ola bilər. Elə ən asan əldə olunan vəziyyət də kasıbçılıqdır. Buna nail olmaq üçün kiməsə təzim etmirsən, sabunlanmırsan, köpüklənmirsən, evyıxanlıq eləmir, ikiüzlü olmur, rüşvət vermirsən, rüşvət almırsan. Varlı müdirlər “əlim təmiz, başım təmiz” deyəndə kasıblar da “vicdanım təmizdir” reallığı ilə təsəlli tapırlar. Bayaq dediyim kimi, sıxıntılarına isə əlac tapılmır.

Axtaran tapar!

Türkiyənin sağ əli neft-qaz ölkələrinin başına!

Orada seçkilərdir deyə bütün namizədlər xalqın səsini, etimadını qazanmaq üçün gözəl təkliflər səsləndirirlər. Türkiyənin bizdən daha inkişaf etmiş ölkə olduğunu nəzərə alsaq, Azərbaycanda da nə vaxtsa oxşar seçki platformalarını gözləmək olar. Hər şeyin öz vaxtı var. Həm də məmur özbaşınalıqları olmasaydı, bəlkə də xalqımız başqa dövlətlərə həsəd aparmazdı. Çünki sosial rifah naminə çoxsaylı layihə, proqramlar mövcuddur. Yetər ki, icra olunsun.

Türkiyədəki seçkilərə qayıtsaq, Ərdoğan rəqiblərinin şansı sıfırlanır. Çünki ötən həftə Türkiyə lideri daha bir sosial müjdə vermişdi.

Bununla yanaşı, gənc ailələrə faizsiz 300 min TL (26 min AZN) kreditin verilməsi, iki övladları olduqdan sonra 150 min TL (13 min AZN) məbləğin hədiyyə kimi təqdim olunması əksər ölkələr üçün nümunədir.

Yaşadığımız Azərbaycanda gündəm zəbt etmək üçün yalandan ortalığa atılan uşaqpulu müzakirələri hələ də çənə-boğaz mərhələsindən çıxmayıb. Xalq arasında “pul əl çirkidir”, “pis günün ömrü az olar” yalanlarına da inanan qalmayıb.

Bayram əhval-ruhiyyəsi duyulmasa da, Ramazan bayramınız mübarək!

Yəməndə insanlar arasında fitrə zəkatı paylanan zaman azı 90 nəfər ölüb. Belə ki, havaya atəş nəticəsində elektrik naqili zədələnib və ərazi qaranlığa qərq olub. Uşaqdan böyüyə yardım üçün yığışan insanlar arasında yaranan panika basabas yaradıb. Çörək üçün əl uzadıb ayaqlar altında qalanlar olub.

SSRİ dağılmağa başlayandan 1993-ə kimi Azərbaycandakı çörək növbələrini görənlər ölkənin həmin vəziyyətə düşəcəyindən həmişə qorxub. Axı o XAOS Azərbaycanı vətəndaş müharibəsi və soyqırımlarla üz-üzə qoydu.

KONKRET.az-ın ARAŞDIRMA QRUPU

  • Vüqar
    Aprel 21, 2023 - 13:22

    Ümid edək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*