“Qazprom” “Sibirin gücü” boru kəməri ilə sentyabrın 22-dən 29-dək qaz nəqlini dayandıracaq.
KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə “Qazprom”un mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, “Sibirin gücü” qaz kəmərinin avadanlıq və sistemlərinə profilaktik texniki qulluq ildə iki dəfə, yaz və payız aylarında aparılır.
Bu, “Qazprom” və Çin Milli Neft Korporasiyası (CNPC) arasında “şərq marşrutu” ilə qazın alqı-satqısına dair razılaşmadan irəli gəlir.
“Sentyabrın 22-dən 29-dək “Sibirin gücü” qaz kəmərində planlı təmir işləri aparılacaq. Bu müddət ərzində qazın nəqli müvəqqəti olaraq dayandırılacaq”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, “Sibirin gücü” Yakutiyadan Primorye və Çinə qaz tədarük edən magistral kəməridir. Qaz kəmərinin uzunluğu təqribən 3000 km, ötürmə qabiliyyəti isə 38 milyard kubmetrdir.
2022-ci ilin birinci yarısında “Sibirin gücü” vasitəsilə Çinə ixrac edilən qazın həcmi 63% artıb.
İqbal Rzayev,
KONKRET.az