Kənardan bir qədər boz görünən, narahat ruhların dolaşdığı müqəddəs məkan öz mistikası ilə bəzən xof yaradır. Niyəsini demək, bu xofu yaradan səbəblərin nədən ibarət olduğunu izah etmək çətindir. Doğmalarımızın, əzizlərimizin uyuduğu məkanlardan niyə xoflanıb qorxmalıyıq ki? Qəbiristanlıqlarda fərqli aura hökm sürür və ab-hava da fərqlidir. Hər yan sakitdir və soyuq məzarlar, bum-buz baş daşları elə bil min illər əvvəl buralara səpələnib. Buradakı mənzərə cəmi bir neçə yüz metr aralıda baş verənlərdən fərqlənir. Nağıllarda olduğu kimi, ağ qoçla qara qoçun tar-mar etdiyi bir dünyada olduğunu zənn edirsən. Burada yollar da fərqlidir, zəhmli, vahiməli. Bu yolun başlanğıcı var, sonu görünmür. Məzarda uyuyanlar isə doğmamız, əzizimiz, dostumuz, sirdaşımızdır.
Başqa bir mistikaya görə qəbiristanlığa ayaq basan hər kəs sanki bir qədər dəyişir. Onun üçün dünya adiləşir. Sözün bitdiyi yerə gəlib çatdığını düşünəndə fikrini ifadə etməyə söz də tapmırsan. Bax beləcə, dünyadan vaxtsız köçən nakamların, həyatın hər üzünü görən ağsaqqal, ağbirçək insanların son məkanına çevrilən qəbirstanlıq ucsuz-bucaqsız soyuq bir çölü xatırladır. Bəzən qışın oğlan çağında adamı burada tər basır. Ölümü hər kəs dadacaq. Həmin müqəddəs günə isə hazır olmaq lazımdır. Bu da qəbiristanlıqla bağlı mistikanın başqa tərəfidir. Burada adamlara az-az rast gəlinir. Ara-sıra doğmalarını ziyarətə gələnlər gözə dəyir. Bir də ətrafda müştəri gözləyən mollalar mürgü vurur. Gözləri gəlib-gedənlərdədir. Həyatlarını qəbiristanlığa bağlayan insanların gündəlik dolanığışı burayla bağlıdır. Hər gün kədərli üzlərlə qarşılaşan bu insanlar həm də doğmalarını ziyarətə gələnlər üçün təsəlli yeridir. Yasin surəsinin ayələriylə ölənlərin ruhuna tumar çəkən bu insanların peşəsinin adı mollalıqdır. Qəbirstanlıqdakı mollaların təyinatı yalnız qəbir üstündə dualar oxumaqdır. Onlara məclis aparmaq və dəfn mərasimlərini icra etmək həvalə edilmir. Niyəsini özlərindən soruşdum. Taleh adlı molla bildirdi ki, bunun üçün axunddan xüsusi icazə olmalıdır.
– Neçə vaxtdır qəbiristanlıqda dayanırsan?
– 2001-ci ildən həyatımı burayla bağlamışam. O vaxta qədər zavodda işləyirdim. Zavod bağlandı və məcbur qalıb bu işi seçdim. Əvvəl vaxtlar ağır olsa da sonra öyrəndim. Bəzən bezib getmək istəyirdim. Amma dözdüm. Düzdür, ölü yiyələri bir qədər aqressiv olur, onları başa düşmək lazımdır. Artıq onların xarakterinə bələdəm. İndi ölüm bir qədər gəncləşib, burada dayanıb gənc insanların faciəsinə baxmaq heç də asan deyil.
– Adətən narazılıq nədən olur?
– Adam var ki, özü Yasin surəsini əzbər bildiyindən biz oxuyanda irad tutur. Adam da var Yasin surəsini evdə telefona yazdırır və gətirib qəbir üstündə oxudur.
– Bir gündə nə qədər qazanırsan?
– Elə gün olur ki, heç nə qazana bilmirəm. Gəlib-gedən olmur. Camaat məclis aparan, ölü basdıran mollarlarla bizi eyni tutur. Biz nə ölü basdırırıq, nə də məclis aparırıq.
– Niyə?
-Mənim icazəm yoxdur
– İcazəni kim verir?
– Axund. Bunun üçün gərək imtahandan keçib bütün parametrlərə cavab verəsən. Ondan sonra icazə verilir.
– Adətən bayram günlərində mollalar müştərinin çox olmasından istifadə edib qısa ayələrdən istifadə edirlər. Ölü yiyəsi də elə güman edir ki, siz onları yola verirsiniz
– Çox vaxt buna görə bizi qınayırlar. Bizimlə mübahisə edənlər də olur. Elə insanlar da var ki, tələsdiyindən özü xahiş edir ki, qısa ayələr oxunsun.
– Oxuduğunuz ayələrin ölüyə hansısa bir təsiri varmı?
– Qurani-Kərim dirilər üçündür. Oxuduqlarımız da dirilərə aiddir. Sadəcə ölülərin ruhlarına ehsandır.
– Ruhların varlığına inanırsınız?
– Əlbəttə inanıram. Hər cümə axşamı və cümə günü onlar uçub getdikləri ocaqlarına qayıdır.
-Qəbiristanlıqdan nə vaxtsa qorxmusan?
-Yox, bizim üçün adi yerlərdən biridir. İnsanlarda bir qəbirstanlıq xofu var, ona görə çox adam vahimələnir. Burada qorxmalı bir şey yoxdur. Fikir ver gör necə baxırlar, Allah hamısına rəhmət eləsin.
Molla Talehlə söhbəti sona çatdırıb qəbiristanlığı dolanıram. Məqsədim qəbir üstündə dua oxuyan daha bir neçə mollayla söhbət etməkdir. Daşın üstündə bir ağsaqqal molla oturub. Yaxınlaşıb salam verib halını soruşuram. Molla yerindən durub qoltuq cibindən dəftər kitabını çıxarır. Üzümə baxır və hansı qəbirə tərəf gedəcəyimizi gözləyir. Bir az dayanmağım mollanın heç ürəyincə deyil və ağsaqqal narazı-narazı üzümə baxır.
-Mən sizinlə söhbət etmək istəyirəm.
-Nəylə bağlı? – deyə soruşur.
Qoca mollanın adı Nəbidir. Qocalıb əldən düşdüyündən əsayla güc-bəlayla gəzir. Nəbi kişi 34 ildir mollalıq edir. Deyir ki, ailəsini də burayla dolandırır.
– Gündə Yasin oxutmağa nə qədər adam gəlir?
– Mənim dayandığım əraziyə bayaqdan bir nəfər də gəlməyib. Elə vaxt da olur gün ərzində 5-6 nəfər gəlir. Qəbiristanlıqda da molla çoxdur. Özü də əksəriyyət cavan molladır. İmkan vermirlər. Gedib işləmək əvəzinə gəlib yığışıblar bura. Özlərinə asan iş yeri tapıblar. Bəzən cavan mollalar Yasini qısaldıb oxuyurlar. Onları başa sala bilmirəm ki, Yasin surəsi 83 ayədir və bunun hamısı oxunmalıdır. Onlarsa cəmi 2-3 ayə oxuyur və ölü yiyəsini yola verirlər.
Yaxındakı iki cavan molla diqqətimi cəlb edir. Molla Nəbiylə sağollşıb onlarla söhbətə başlayıram. Gənc mollalar qardaşdırlar. Çörəkləri də qəbirstanlıqdan çıxır. 20 ildən çoxdur mollalıqla məşğuldurlar. Amma digər mollalardan fərqli olaraq qardaşların işi bir qədər fərqlidir. Onlar həm Yasin oxuyur, həm də öz zəhmətləri ilə dolanırlar. Hər ikisi də qəbirlərin təmizliyi ilə məşğuldur. İl boyu qəbirlərin təmizliyi ilə məşğul olan qardaşların dolanışığı da pis deyil. Şair adlı qardaş deyir ki, hazırda 50 qəbirə baxır. Bu da dolanışıq üçün bəs edir.
Digər qardaşın adı Raufdur və kiçik qardaş deyir ki, 18 yaşından mollalıq edir:
– Hərbi xidmətdə olan zaman məni məzuniyyətə buraxdılar. Mən də evə zəng edib gələcəyimi dedim. Evdən dedilər ki, bəs anan evdə yoxdur, böyürtkən satmağa gedib. Açığı çox pisimə gəldi və məzuniyyətdən imtina etdim. Fikirləşdim ki, atam Rusiyada, anam yazıq da zülümlə böyürtkan satıb məni geri qaytarmağa yol pulunu haradan tapacaq. Beləcə, qarşıma məqsəd qoydum ki, hərbi xidməti başa vurandan sonra yenidən öz işimi davam etdirəcəm. 2002-ci ildən bu günə kimi qəbirstanlıqda dayanıram. Mən əsasən qəbirlərə baxıram. Qazancımız da pis deyil.
Rauf daha sonra deyir ki, molla olmaq uşaqlıq arzusu olub və Təzəpir məscidində quran oxumağı öyrənib.
– Əvvəllər ancaq Yasin surəsini bilirdim. Quranın digər surələrindən xəbərim yox idi. Dörd il Təzəpir məscidinə ayaq döydüm. Savadlı axundlardan çox şey öyrəndim. Sonra imtahan verdim. Burada yalnız Yasin oxumaq üçün dayansan günə 5-6 manat qazanrsan. Ona görə zəhmətə də qatlaşdıq. Biz bu işə başlayanda anladıq ki, təkcə Yasin oxumaqla dolanmaq mümkün deyil.
Qəbiristanlıqda keçirdiyim bir neçə saat ərzində gözü yaşlı insanların kədərli simalarını, baş daşını qucaqlayıb ağu deyən ananı və müştəri gözləyən mollanın gözündəki ümidi gördüm. Bu cür təzadın yaratdığı mənzərədən az qala vahimələnib məkanı tərk etməyə tələsdim. Müsahiblərimlə sağollaşanda onlar incik-incik:
– Bəs siz Yasin oxutmağa gəlməmişdiniz? – deyə ümidsiz halda soruşurlar.
Başımı bulayıb əbədi məkanı tərk edirəm.
Vəli Həsənoğlu,
KONKRET.az