Qələbə paradının 10 dekabra təyin olunması ilə bağlı jurnalist Cəmil Məmmədli maraqlı versiya səsləndirib.
KONKRET.az xəbər verir ki, jurnalist 10 dekabr tarixinin ermənilər üçün əlamətdar gün olduğunu deyib.
Onun sözlərinə görə, 10 dekabr 1991-ci ildə qondarma Dağlıq Qarabağ Respubikasının yaradılması ilə bağlı referendum keçirilib:
“10 dekabr 1988- ci il – Masis rayonu ərazisindəki azərbaycanlıların sonuncu karvanı sovet sərhədçilərinin müşayiəti ilə minillik ata-baba yurdlarını tərk edərək sərhədboyu yollarla Naxçıvan tərəfə istiqamətlənirlər. Həmin gün Ermənistan “Türklərsiz Respublika” elan olunur.
10 dekabr 1991-ci il – Dağlıq Qarabağ erməniləri “Dağlıq Qarabağ Respublikasının müstəqilliyinə dair referendum” keçiriblər. Onlar referendumda müstəqilliyə səs verirlər. Bu referendumda azərbaycanlılar demək olar ki, iştirak etmirlər.
Azərbaycan dünya ermənilərinin hər il xüsusi qeyd etdiyi bu gündə Zəfər paradı keçirməklə, başda ermənilər olmaqla, kimlərə hansı mesajı vermiş olur, bu da bir başqa mövzudur.
10 dekabrla bağlı hadisələr bununla bitmir:
10 dekabr 1586-cı il – Səfəvi şahzadəsi, Səfəvi şahı Məhəmməd Xudabəndinin vəliəhdi, məşhur sərkərdə Həmzə Mirzə Gəncə yaxınlığında erməni dəlləyi Xudaverdi tərəfindən yuxuda ikən qətlə yetirilir.
10 dekabr 1918-ci il – Erməni yaraqlıları Qalayçılar və Şabadin kəndinə hücum edirlər. Kənd sakinlərindən ölən və yaralananlar olur, ermənilər kəndi talan edirlər.
10 dekabr 1922-ci il – Cənubi Qafqazın 3 sovet respublikasının nümayəndələrinin iştirakı ilə Bakıda I Zaqafqaziya sovetlər qurultayı işə başlayır. Azərbaycandan 175 deputatın iştirak etdiyi qurultayın yekunu olaraq Zaqafqaziya Federasiyası yaranır. Qurultayda federasiyanın rəhbər orqanı – Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi (150 üzv və 50 namizəd) seçilir. Azərbaycan SSR formal olaraq müstəqillikdən məhrum edilir.
10 dekabr 1933 – Mir Cəfər Bağırov AK(b)P MK-nin birinci katibi seçilir.
10 dekabr 1988-ci il – M.S.Qorbaçov Ermənistana yola düşür.
10 dekabr 1988-ci il – Zəlzələ ilə əlaqədar olaraq Yuqoslaviyadan göndərilən təyyarə Belqrad-Ankara-İrəvan marşrutu ilə Ermənistana uçur. Ankaradan uçduğu üçün ermənilər onu türk təyyarəsi hesab edərək, qəzaya uğradırlar. Təyyarənin 6 nəfərlik şəxsi heyəti həlak olur…”