Ukrayna prezidenti Zelenski deyib ki, Ukraynanın 18 yaşına çatan vətəndaşlarını səfərbər etməməsi səbəbindən bir sıra Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiqini dayandırıb.
KONKRET.az xəbər verir ki, o, bu barədə Macarıstanın Valasz nəşrinə müsahibəsində bildirib.
“Biz 18-24 yaşlı gəncləri səfərbər etmədik, onlara bir illik müqavilələr təklif etdik. Mən bunu əvvəllər heç vaxt deməmişəm, amma siz soruşduğunuza görə deyəcəyəm. Bu, incə məsələdir. Düşünmürəm ki, başqa ölkələrin liderlərinin dediyi kimi, 18 yaşından insanları müharibəyə səfərbər etmək lazımdır”, – Zelenski vurğulayıb.
Onun sözlərinə görə, “hörümçək toru” əməliyyatı göstərdi ki, müasir şəraitdə silah və texnologiya hərbi personalın sayından qat-qat önəmlidir. Sanksiyalar isə Rusiyaya, xüsusən də maliyyə sektoruna qarşı əsas təzyiq vasitəsi olaraq qalır.
Prezident əlavə edib ki, Ukrayna 18-24 yaşlı gənclərə Qərb müttəfiqlərinin gözlədiyi halda müqavilə əsasında xidmət etmək imkanı verib. Bununla belə, o vurğulayıb ki, minlərlə ukraynalı artıq lazımi silahlar olmadan cəbhə xəttində döyüşür.
Zelenski səfərbərliyi müharibə aparan bütün ölkələr üçün ümumi problem adlandırıb. Onun sözlərinə görə, Ukrayna hazırkı şəraitdə ayda 27 min nəfərə qədər, Rusiya isə 40-50 minə qədər insanı səfərbər etmək iqtidarındadır. Çünki Rusiya daha böyük itkilər verir.
Müşviq Tofiqoğlu
KONKRET.az