Qərbi Azərbaycana qayıdış REALLAŞACAQ – TƏFƏRRÜATbackend

Qərbi Azərbaycana qayıdış REALLAŞACAQ - TƏFƏRRÜAT

“Regionda sülhə nail olmaq üçün Ermənistan reallığı qəbul etməli və mövqeyini dəyişməlidir. Amma düşmən ölkənin ritorikası sülhü təhlükə altına alır”.

Bunu KONKRET.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib:

“Paşinyan ilin sonuna qədər sülh müqaviləsinin imzalanması ehtimallarının olduğunu bildirir. Bundan öncə isə İspaniyanın Qranada şəhərində hər hansı sənədin imzalanmayacağını demişdi. Düşüncə bundan ibarət idi ki, yay aylarından sonra Brüsseldə Aİ-nin prezidenti Şarl Mişelin moderatorluğu ilə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək, müqavilənin maddələri razılaşdırılacaq və oktyabrın 5-də sülh müqaviləsi imzalanacaqdır. Ən maksimal gözlənti bundan ibarət idi. Lakin Ermənistanın qeyri-konkstruktiv mövqeyi, blokada haqqında fərziyyələr, ehtimallar, miflər sülh ehtimalını aşağı saldı. Nəticədə mövqelərimiz sistemli şəkildə hər gün atəşə tutuldu. Bu isə təhlükəsizlik sisteminin nə qədər kövrək olmasından xəbər verir. Ona görə də düşünmürəm ki, ilin sonuna qədər sülh müqaviləsi ilə bağlı ortaq rəyə gəlinsin. Çünki Azərbaycanın və Ermənistanın hazırda sülh istiqamətində istəkləri olsa da, onların hüquqi bərkidilməsinə qarşı maneələr var”.

Politoloq bunu belə əsaslandırır ki, ilk növbədə regionda sülhü istəməyən qüvvələr mövcuddur: “İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxış edir. Rusiyanın öz maraqları var. Fransa ilə ABŞ regionda sülhə qarşı ciddi müqavimət göstərirlər. Amerikada keçirilən dinləmələr də bunu sübut edir. Vaşinqtonun dəyişkən mövqeyi ilə üz-üzəyik. ABŞ ani məqamda ermənipərəst mövqe nümayiş etdirir. Ona görə də burada sülh haqqında danışmaq arxa plana keçir. Digər tərəfdən Qərblə Rusiya arasında da sülh istiqamətində mübarizə var. Rusiya istəyir ki, mümkün sülh müqaviləsi imzalanacaqsa, Moskvada, Soçidə, Sankt-Peterburqda imzalansın. Qərbin istəyi isə Brüssel, Vaşinqton və ya hər hansı Qərb şəhərlərindən biridir. Bu, prinsipial mövqedir. Əgər sülh müqaviləsi imzalanacaqsa, Qərbi Azərbaycana qayıdış da sənədlərdə öz əksini tapmalıdır. Bu da rəsmi Bakının çox prinsipial siyasi xəttidir. Lakin ilin sonuna qədər hansısa sülh müqaviləsi imzalanmasa belə, müəyyən bir bənd üzrə, məsələn, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması, sərhədlərin delimitasiyası istiqamətində müəyyən razılaşma əldə oluna bilər”.

İ.Hüseynov hesab edir ki, bunun üçün tərəflərin konstruktiv mövqe nümayiş etdirməsi tələb olunur. Amma Ermənistanın təxribatçı hərəkətləri sülhə mane olur.

Vəli Həsənov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*