Qəribə dəfn adətləri: Balıqçının qayıq, varlının “Mercedes” formasındakı tabutu – ARAŞDIRMAbackend

Qəribə dəfn adətləri: Balıqçının qayıq, varlının "Mercedes" formasındakı tabutu - ARAŞDIRMA

Ölüm insanın doğulduğu andan bəri qəbul etdiyi, lakin hələ də sonrasının sirr olaraq qaldığı reallıqdır. Bir çox insan ölümü yas olaraq qəbul etsə də, bəzi xalqların inancına görə, ölüm daha gözəl bir həyatın başlanğıcıdır. Hər bir xalq sevdiklərini, vəfat edən yaxınlarını əbədiyyətə yola salmaq üçün müxtəlif yollardan istifadə edir.

Zaman keçdikcə bunlar xalqların mədəniyyətinə təsir edərək adət-ənənəyə çevirilir. Demək olar ki, əksər ölkələrdə ölülər basdırılaraq dəfn edilir. Bununla yanaşı ölüləri yandıranlar da az deyil və bu hal artıq bizim üçün təəccüblü görünmür.

KONKRET.az dünyanın bəzi ölkələrində icra edilən qeyri-adi dəfn mərasimləri, adət-ənənələri barəsində araşdırmanı təqdim edir.

Madaqaskarlılar dəfn mərasimini toy-bayrama çevirirlər. Onların inancına görə, ölən insan əcdadlarının yanına getdiyi üçün orada daha xoşbəxtdir. Bu ölkədəki qəribə dəfn adəti bununla bitmir. Belə ki, bu xalq 7 ildən bir ölən insanları qəbirdən çıxarıb şən musiqi sədaları altında onunla rəqs edirlər. Getdiyi yerdə daha xoşbəxt olduqlarına inandıqları üçün ölən insanın sevincini onun geridə qalan sümükləri ilə rəqs edərək bölüşürlər.

Hindistanda “Sati” adlandırılan ənənəni tətbiq edən insanlar isə ərləri öldükdən sonra özlərini yandırırlar. Tarixin qədim dövrlərində bu ənənə ona görə tətbiq edilirdi ki, ölən döyüşçünün xanımı düşmən əlinə keçməsin. Onların inancına görə, qadın özünü yandırmaqla öz namusunu təmizləmiş olur. Lakin bu qəribə və dəhşətli ənənənin indi hansı səbəbdən tətbiq olunduğu sual altındadır.

Yaponiyada da dəfn adətləri çox qəribədir. Burada dəfn adətləri inanclara, bölgələrə görə dəyişsə də, ən qəribəsi Okinavadadır. Onların adətinə görə, insan evdə ölübsə o, evin ən gözəl yerində uzadılır və 24 saat ərzində ona toxunulmur. Əgər hadisə başqa bir yerdə baş veribsə, o zaman ölən şəxs evinə aparılmamalı və onun ən yaxın ailə üzvü bir neçə saatdan bir həmin evə (yerə) baş çəkməlidir. Okinavada əhali bunu ölən şəxsin ruhunun öldüyü evi tamamilə tərk edib getməsi üçün zəruri qayda hesab edir. Bundan 24 saat sonra isə ölən şəxs yandırılır. Yandırılmadan əvvəl saçı mütləq kəsilir. Ümumilikdə, böyüklərin bədənini yandırmaq üçün 1 saat, uşaqlar və yetkinlər üçün isə 45 dəqiqə lazım olur. Bu prosesdən sonra ölünün ən yaxın iki qohumu onun nəşinin külünü xüsusi qaba yığmağa başlayır. Daha sonra isə mərhumun külünün yığıldığı qab onun yaşadığı evə aparılır.

Ryukyu (Nansei) adaları da dəfn adətlərinə görə fərqlənən ərazilərdəndir. Burada ölən şəxsin bədəni xüsusi sərdabədə saxlanılır. Lakin bu saxlama müddəti 3 ildən 5 ilə qədər dəyişə bilir. Göstərilən müddətdə mərhumun qohumları onun bədəninin tamamilə çürüməsini gözləyirlər. Bəzi sərdabələrdə mövcud olan şərait bədənin daha tez çürüməsinə gətirib çıxarır. Bədən çürüdükdən sonra isə sümüklər götürülür və yuyulur.

Çinin cənub-qərbindəki Bo bölgəsində ölən insanların meyitlərini basdırmaq və yandırmaq əvəzinə tabutla birlikdə uçurumdan atırlar.

Qanada dəfn işi sənətə çevrilib. Qanalılar ölən insanın işinə, peşəsinə görə tabut hazırlayırlar. Məsələn, bir balıqçının tabutunu qayıq formasında, varlı adamın tabutunu isə “Mercedes” formasında dizayn edirlər.

Dəfn mərasimlərindən ən dəhşətlisini Cənub-Şərqi Avstraliyada yaşayan diers qəbilələri icra edir. Belə ki, bu qəbilədən olan insanlar ölən yaxınlarının üz, qol, ayaq və qarındakı yağ hissələrini yeyirlər. Bu cəmiyyətə aid olan inanca görə, yağ fövqəladə bir gücə sahibdir və o təbəqə yeyilməlidir ki, ölülərin xüsusiyyətləri qəbilədə qalsın.

Semra Ələkbərli,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*