Qətər hökuməti ABŞ və BMT-nin razılığı ilə Dohadakı “Taliban” hərəkatının siyasi ofisinin üzvlərinə bir neçə min dollar məbləğində aylıq müavinət ödəyib.
KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, “Taliban”a pulsuz tibbi xidmət, yolsuzluq avtomobilləri və ərzaq çatdırılması təmin edilib.
Qəzetin yazdığına görə, əvvəlcə vəsaitlər nağd şəkildə ödənilsə də, sonradan onlar Talibanın bank hesablarına köçürülməyə başlanılıb. Bu, Qətər və ABŞ hakimiyyət orqanlarına pulların hərəkətini izləməyi çətinləşdirib.
Bildirilib ki, “Taliban” bu məbləğləri ağır texnika almaq üçün istifadə edib, daha sonra Qətərdə davam edən dünya çempionatı üçün infrastrukturun tikintisi ilə məşğul olan şirkətlərə satıb.
“Taliban” nəşrin məlumatını təkzib edib.
“Biz Əfqanıstan İslam Əmirliyinin 2022-ci il Dünya Çempionatı üçün Qətərə tikinti avadanlığı verməsi ilə bağlı iddiaları rədd edirik”, – Taliban sözçüsü bildirib.
Öz növbəsində Qətər hökuməti hərəkatın Dohadakı siyasi ofisinin üzvlərinə ödənişlərin beynəlxalq hüquqa zidd olmadığını bildirib.
Qeyd edək ki, Taliban Siyasi Ofisi 2013-cü ildə ABŞ hökumətinin xüsusi tələbi və sülh naminə dialoq yaratmaq məqsədilə keçmiş Əfqanıstan hökuməti ilə koordinasiya əsasında yaradılıb.
Doha razılaşması
2020-ci il fevralın 29-da o vaxtkı prezident Donald Trampın başçılıq etdiyi ABŞ rəhbərliyi və “Taliban” Dohada sülh sazişi imzalayıb. Əldə edilən razılaşmalara əsasən, ABŞ və müttəfiqləri 14 ay ərzində bütün qoşunlarını Əfqanıstandan çıxarmağa söz verib. Vaşinqton 2021-ci ilin yazında silahlı qüvvələrini Əfqanıstandan çıxarmaq qərarını elan etdikdən sonra “Taliban” döyüşsüz Kabilə daxil olub, prezident Əşrəf Qani isə respublikanı tərk edib. 2021-ci ilin sentyabrında “Taliban” bütün Əfqanıstan ərazisinə nəzarətin qurulduğunu elan edib və müvəqqəti hökumətin tərkibini açıqlayıb.
İqbal Rzayev,
KONKRET.az