Son illərdə müxtəlif sahələr üzrə qeyri-rəsmi kursların artması cəmiyyətdə müzakirə mövzusuna çevrilib. Universitet və kolleclərdə tədris edilən bəzi ixtisasların dırnaqarası kurslarda öyrədilməsi, onların diplom və sertifikat verməsi məsələsi birmənalı qarşılanmır. Maraqlıdır, qeyri-rəsmi kurslar tamamilə qadağan olunmalıdır, yoxsa onlar yalnız “maarifləndiriciilk yardım” kimi fəaliyyət göstərə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, əslində universitet və ya texnikum səviyyəsində tədris olunan ixtisasların kurslar şəklində öyrədilməsi doğru deyil:
“Universiteti və ya kolleci bitirən mütəxəssislər bəzən yenidən ixtisaslaşmaya, praktikaya və maarifləndirici kurslara ehtiyac duyurlar. Belə hallarda kursların fəaliyyətinə ehtiyac var. Bu, hər zaman olub və həkimlər də öz təcrübələrini artırmaq üçün belə təlimlərə qatılırlar.”
Onun sözlərinə görə, əsas fərq diplom və sertifikat məsələsindədir:
“Diplom yalnız universitetin vermək hüququna malikdir. Kurslar isə yalnız keçilən tədris proqramına dair sertifikat təqdim edə bilər. Bu sertifikat da MMC adı altında fəaliyyət göstərən və vergi ödəyicisi olan qurumlar tərəfindən verilər.”
Həkim qeyd edib ki, bəzi peşələr universitet və kolleclərdə ümumiyyətlə tədris olunmur. Belə sahələr yalnız kurslarda öyrədilir və bu da peşə hazırlığında mühüm rol oynayır.
“Ümid edirəm, peşə məktəbləri və kurslar dövlətin dəstəyi ilə özəl sektorun təcrübəsi və kreativ yanaşması ilə birləşərək daha effektiv fəaliyyət göstərəcək. Belə olduqda peşəsiz insan qalmayacaq,” – deyə Günay Lətifova vurğulayıb.
Beləliklə, ekspertin fikrincə, qeyri-rəsmi kurslar tam qadağan edilməməli, əsasən maarifləndirici və təcrübə artırıcı rol oynamalıdır.
Aynurə İsmayıl
KONKRET.az