Qırğızıstan “əldən gedir” – Moskva bu ölkəni caynağına alırbackend

Qırğızıstan “əldən gedir” - Moskva bu ölkəni caynağına alır

Qırğızıstan “əldən gedir”. Siyasi şərhçilərin, analitiklərin heç vaxt istifadə etmədiyi frazeoloji birləşməni biz ifadə etməli olduq. Çünki Rusiya sözün əsl mənasında Qırğızıstanı tam caynağına almaqda israrlıdır.

Məlum olduğu kimi Qırğızıstanda iyunun sonunda yeni hərbi doktrina qəbul edildi. Ölkənin Təhlükəsizlik Şurasının iclasında təqdim edilən bu sənədlə bağlı müzakirələr səngimək bilmir. Ölkənin hərbi inkişafının əsas konturlarını özündə əks etdirən doktrinaya görə, Qırğızıstanın milli maraqları naminə hərbi birləşmələrin növləri müəyyən edilib.

Artıq belə bir yekdil rəy var ki, sənədin özü Rusiyanın milli maraqlarına kifayət qədər tam cavab verir. Hətta Bişkekin hərbi kluarlarında deyilir ki, sənədin mətni rəsmi Moskva ilə razılaşdırılma prosedurundan da keçib. Bu, nə qədər dəqiq faktır, demək çətindir. Amma inandırıcıdır. Çünki bu gün Rusiyanın Orta Asiya ölkələri arasında daha çox güclü rıçaqları Qırğızıstandadır.

Qeyd edək ki, illərdir silahlı qüvvələrin təlimi rus hərbiçilərinin iştirakı ilə baş verir. Doğrudur, NATO ilə Bişkek arasında bir sıra formal layihələr həyata keçirilmişdi. Əlbəttə, bu, Qırğız Respublikasının dünyada müstəqil ölkə imicinə hesablanmış addımdan uzağa gedə bilmədi.

Qırğızıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Erlis Terdikbayevin hərbi doktrinanın qəbulu ilə bağlı dediyi fikirlər də diqqətəlayiqdir: “Qırğızıstanın yeni konstitusiyasının qəbulu, eləcə də bölgədə hərbi-siyasi vəziyyətin dəyişməsi ilə əlaqədar yeni hərbi doktrina hazırlanıb”. Bu mesajlarda müəmma da var, “yenilənmə” cəhdi də.

Bir çox analitiklər düşünür ki, əslində bu açıqlama təsadüfi deyil. Çünki Rusiya üçün Orta Asiyada möhkəmlənmək “ölüm-dirim” məsələsidir. Hərbi ekspertlərin bir qismi isə düşünür ki, Mərkəzi Asiyanın hərbi sektorunda ciddi problemlər var. Belə ki, Qazaxıstandan başqa digər Orta Asiya ölkələrinin silah arsenalı tam yenilənməyib.

Xüsusilə, bu ölkələrdə hava hücumundan müdafiə sistemlərinin quraşdırılmasında ciddi yeniliklər yoxdur. Ona görə də rəsmi Bişkek Moskva ilə hərbi əməkdaşlıq sahəsində danışıqlarda bu məsələnin üstündə çox dayanır. Rusiya isə düşünür ki, Orta Asiya, o cümlədən Qırğızıstanla hərbi inteqrasiya prosesi dayanmaz xarakter almalıdır.

Odur ki, iki ölkə arasında bu ilin may ayında hərbi saziş imzalanmışdı. Həmin sənədə əsasən, Qırğızıstan faktiki olaraq öz hava məkanını Rusiya tərəfinin nəzarətinə verib. Məsələ burasındadır ki, Rusiyanın Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanla da belə müqaviləsi var. Amma niyə məhz diqqət Qırğızıstana yönəlib.

Xatırladaq ki, postsovet məkanında regional hava hücumundan müdafiə sisteminin yaradılması ilə bağlı danışıqlar 2022-ci ilin iyulunda dayandırılmışdı. Hərbi ekspertlər xatırlayır ki, Rusiyanın ilk dəfə belə niyyəti 1995-ci ildə qeydə alınmışdı. Lakin bu ölkələr buna əməl etməyə hazır deyildi. Məsələn, Qazaxıstanın timsalında, vahid regional hava hücumundan müdafiə sisteminin yaradılmasına dair analoji saziş 2013-cü ildə Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin rəhbərliyi ilə ratifikasiya edilmişdi. O da Qırğızıstanın hazırkı prezidenti Sadır Japarov kimi hava məkanını Rusiya tərəfinin nəzarətinə vermişdi.

  • Yeri gəlmişkən, Nazarbayev bu müqaviləni avtomatik uzadılma ilə beş il müddətinə bağlamışdı. Bu isə o deməkdir ki, 2023-cü ildə bu müqavilənin müddəti nəhayət başa çatacaq. Bu baxımdan göstərilən amillərə Rusiya-Ukrayna müharibəsindən sonra dünyada gedən proseslərin fonunda baxmaq lazımdır. Deməli, Ukrayna cəbhəsindəki savaş ərəfəsində ilk belə sənəd Qırğızıstanda qəbul edilib.

Maraqlıdır ki, yeni hərbi doktrinanın mətni hələ rəsmən dərc olunmayıb, lakin məlumdur ki, Qığızıstanın sərhədlərinin toxunulmazlığı təhlükəsi, delimitasiya və demarkasiya prosesinin tamamlanmaması fonunda hərbi təcavüz qeyd olunur. Bu təhlükənin ən parlaq təzahürü Qırğızıstan-Tacikistan sərhədində müşahidə olunur. Burada artıq iki dövlət arasında 100-dən çox şiddətli toqquşma baş verib. Sonuncu belə qarşıdurma 2022-ci ilin sentyabrında baş verib. Eyni zamanda, “xarici təcavüz” anlayışının özü heç bir şəkildə dəqiqləşdirilməyib.

Qeyd edək ki, ötən il Tacikistan sərhədçiləri respublika ərazisinə daxil olmuşdu. Qəbul edilmiş hərbi doktrinada göstərilir ki, ölkədə iğtişaşlar təşkil edildiyi təqdirdə hakimiyyət hərbi müttəfiqlərə müraciət etmək səlahiyyəti əldə edir. Biz bunu Qazaxıstan timsalında gördük. “Rəngli inqilablar” və dövlət çevrilişinin qarşısının alınması üçün müxtəlif hərbi birləşmələr yaradılır” dedikdə məhz yeni doktrinanın bu imkanları diqqət mərkəzinə gəlir. Deməli, yeni sənədlə Qırğızıstanın hakimiyyət orqanlarının əlləri açılır, onlara bu cür təhdidlərə nəinki “adekvat” cavab vermək, həm də onları yatırmaq imkanı verir.

Beləliklə, ölkədə hakimiyyəti dəyişmək üçün hər hansı müdaxilə yolverilməz sayılır. Bu isə Rusiyanın ölkədə nəzarətini tam şərtləndirir. İstənilər cəhd rusların diqtəsi ilə yatırılacaq, lazım gələrsə, ölkə daxilində repressiyalar daha da güclənəcək.

Göründüyü kimi, Rusiya nəhayət Qırğızıstanın yalnız iqtisadi tərəfdaşı olmaqdan çıxır, daxili siyasətə qarışır və hərbi-siyasi sferada təsirini gücləndirir. Bu isə Qırğızıstan hakimiyyətinin getdikcə daha çox rəsmi Moskvadan asılı vəziyyətə düşməsinə səbəb olur.

Beləliklə, Rusiya rəsmi Bişkekdən öz məqsədləri üçün istifadə edə biləcək və bununla da ölkə sonda öz suverenliyinin bir hissəsini itirəcək, Orta Asiyanın müstəqil dövləti olmaqdan çıxacaq.

KONKRET.az-ın ARAŞDIRMA QRUPU

P.S, Yazı hazırlanarkən, Qərb institutlarının və Qazaxıstan siyasi analitiklərinin hesabat və rəylərindən istifadə olunub.

  • Omer
    İyul 9, 2023 - 19:32

    Siz ne danisirsiniz? Qirgizstan sovet mekaninda en demokratik olkedir. Ola bilsin heleki kasibdilar. Amma azad ve demokrotikdir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*