Qiyamət günü nə zaman baş verəcək? – “Bir sıra əlamətlərə görə…”backend

Qiyamət günü nə zaman baş verəcək? - "Bir sıra əlamətlərə görə..."

“Qiyamət günü anlayışı bütün səmavi dinlərdə mövcuddur. Qurani-Kərimdə, İncil və Tövratda bu gününün varlığından bəhs olunur. Xüsusilə, Qurani-Kərimdə Qiyamət böyük bir imtahan və hesab günü kimi təsvir edilir. Onun dəqiq vaxtı barədə heç bir konkret məlumat verilməsə də, bir sıra əlamətləri sadalanaraq həmin günün yaxınlaşdığına işarə olunur”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan səsləndirib.

İlahiyyatçı: Falçıya inanmaq, müraciət etmək günah sayılır

“Sonradan uydurulmuş, xurafat xarakterli hədis və rəvayətlərdə qiyamətin müəyyən hadisələrlə baş verəcəyi qeyd olunsa da, bu məlumatlar nə Quranda, nə də digər səmavi kitablarda yer alır. Bu səbəbdən belə iddialar dini mənbələrə əsaslanmadığı üçün etibarsız və əsassız sayılır.

Şərq, xüsusilə, İslam fəlsəfəsində qiyamət anlayışı həm dini, həm də elmi baxımdan izah edilir. Müsəlman filosoflarının fikrincə, maddi varlıqlar əbədi deyil və hər bir şeyin sonu var. Bu baxımdan kainatın, yer kürəsinin və digər maddi varlıqların bir gün dağılması və məhv olması mümkündür. Lakin bunun dəqiq vaxtı barədə dini mənbələrdə hər hansı konkret məlumat yoxdur”.

İlahiyyatçı qeyd edib ki, İslamda da qiyamətin vaxtı ilə bağlı dəqiq tarix göstərilməyib.

“Sadəcə, Həzrət Peyğəmbər (s.ə.s) qiyamətin yaxınlaşdığını bildirərək bir sıra əlamətlərə diqqət çəkib. Bu əlamətlər arasında ən mühümü, onun sonuncu peyğəmbər, Qurani-Kərimin isə sonuncu səmavi kitab olmasıdır. Əvvəlki Peyğəmbərlərin dövrlərlə göndərilməsi insanlara zamanın davam etdiyini göstərirdisə, Həzrət Məhəmmədin (s.ə.s) sonuncu peyğəmbər olması artıq qiyamətə doğru yaxınlaşmanın başlandığını ehtimal etdirir.

Bununla yanaşı, İslam mətnlərində fəsadın artması, günahların yayılması, müharibələr, əxlaqi dəyərlərin məhvi və ümumi əmin-amanlığın pozulması da qiyamət əlamətləri kimi qeyd olunur”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*